Dekabrın 11-də sonuncu kastinqi başa çatan “Beauty Queen of Azerbaijan” layihəsinin yayılan fotoşəkilləri internet istifadəçiləri arasında geniş müzakirəyə səbəb olub.
Belə ki, istifadəçilər şəkildəki xanımların bu layihədə iştirak etməyə və hansısa beynəlxalq yarışlarda Azərbaycanı təmsil etməyə layiq xarici görünüşlərinin olmadığını düşünürlər.
Oxu.Az xəbər verir ki, bununla əlaqədar “Beauty Queen of Azerbaijan” layihəsinin direktoru Türkan Novruzova redaksiyamıza gələrək yaranan qalmaqal ilə bağlı açıqlama verib.
“İlkin olaraq demək istərdim ki, “Beauty Queen of Azerbaijan” layihəsi Azərbaycanda ilk dəfədir ki, keçirilir. Təklif Türkiyədə yaşayan azərbaycanlı aktyor Elmir İsmayılovdan gəlib. Başqa müsabiqələrdə olduğu kimi, bizdə birinci yer üçün rüşvət və ya öncədən razılaşdırılma kimi mənfi hallara qəti şəkildə yol verilməyəcək. Kastinqlərə qatılma “açıq qapı” prinsipi üzrə aparılıb.
İlkin olaraq 100-dən çox xanım müraciət etmişdi. Kastinqlərdən sonra onlar arasından 10-15 xanım qalacaq və müsabiqə davam edəcək. Yanvar ayının sonunda yarımfinal, fevral ayının sonunda isə müsabiqənin finalı baş tutacaq.
Deməli, müsabiqədə iştirak edən bir neçə xanımın şəklini, yəni şəkilin üzərində işləyiblər deməzdim, sadəcə, onların uğursuz rakursdan çəkilmiş şəkilləri paylaşılıb. Bu şəkillərin yerləşdirildiyi xəbərlərə rəy bildirən istifadəçilərin əksəriyyəti etik normalardan kənara çıxaraq şərh yazır və xanımları təhqir edirlər. Hətta elə xanım var ki, mənə zəng edib “Siz ki məni görmüsünüz, mən axı elə deyiləm. Mən o şəkildə olsaydım, heç müsabiqəyə qatılmazdım” deyib. Onların arasında tanınan xanımlar da var.
Mən anlayıram, açıq mənbədən götürülən şəkillərdir, amma rəsmi “Facebook” və “Instagram” səhifələrimizdə yerləşdirilən şəkilləri götürmək daha məqsədəuyğun olardı. İş ondadır ki, bu şəkilləri yerləşdirən adamın kim olduğu və bunu nə məqsədlə etdiyi də məlum deyil. Nəticədə isə zərər çəkən müsabiqəyə qatılan xanımların nüfuzu və müsabiqənin reytinqidir.
Mən bir məqamı xüsusi vurğulamaq istərdim. Bu, “Eltur Prodakcion”un layihəsidir, amma fikir verin heç bir yerdə, o şirkətin adı hallanmır, hər yerdə Azərbaycanın adı hallanır, bu ölkəmizə vurulan xələldir! Türk tərəfdaşlarımız da narahatçılığını bildiriblər.
Bəlkə də səbəb bizim hələ “açıq qapı” prinsipi ilə keçirilən müsabiqələrə hazır olmamağımızdır. O şəkilləri yayan şəxsə dair heç nə demək istəmirəm, çünki bununla əlaqədar prokurorluğa müraciət etmişik, dövlət qanunvericiliyi çərçivəsində həmin adam haqqında ölçü götürüləcək”.
Xatırladaq ki, layihənin rəhbəri Türkiyədə yaşayan azərbaycanlı aktyor Elmir İsmayılov, direktoru Türkan Novruzova, prodüseri isə Orxan Salmandır.
S.S.
www.oxu.az