Qarölçmə marşrutları Böyük və Kiçik Qafqazda müvafiq olaraq 580–2920 m və 1000-3000 m yüksəklikləri əhatə edib.
Oxu.Az-ın məlumatına görə, bunu Qarölçmə ekpedisiya qrupunun rəhbəri Asif Verdiyev bildirib.
Onun sözlərinə görə, qarölçmə işləri zamanı çay hövzələrində xüsusi marşrutlar üzrə qar örtüyünün hündürlüyü, çəkisi, sıxlığı və sululuğu təyin olunub:
“Bu il qar ehtiyatı keçən ilə nisbətən çox olub. Hazırda bütün marşrutlar üzrə hesablama işləri aparılır.
Hesablama işləri başa çatdıqdan sonra qar ehtiyatları və gursululuq dövründə fəsillik hava proqnozu haqqında məlumatlara əsaslanaraq gursululuq dövründə respublikanın iri su anbarlarına (Şəmkir, Mingəçevir, Araz və s.) Kür, Araz və Qanıx tranzit çayları ilə daxil olacaq axımın və yerli dağ çaylarının sululuğunun proqnozu tərtib edilərək müvafiq qurumlara təqdim olunacaq”.

“Hər il hazırlanan yaz gursululuğunun və çaylarda daşqın hadisələrinin axım proqnozu müxtəlif məqsədlərlə sudan istifadədə, o cümlədən su anbarlarında səviyyənin tənzimlənməsində, enerji istehsalının, suvarmanın, su təchizatının balanslı təşkil edilməsində böyük əhəmiyyətə malikdir”, - deyə Asif Verdiyev elavə edib.
Milli Hidrometeorologiya Departamentinin direktor müavini Əkbər Əsgərov bildirib ki, qarölçmə işləri respublika ərazisində 4 istiqamət üzrə əvvəlcədən müəyyən edilmiş 23 qarölçmə marşrutunda aparılıb:
“Departamentin yerli və regional qurumlarından cəlb olunmuş 15 nəfər mütəxəssisin iştirakı ilə təşkil olunmuş ekspedisiya 12 gün davam edib”.
Qarölçmə işləri üzrə ekspedisiyalar Böyük Qafqazın cənub yamacının qərb hissəsində, Qanıx çayının hövzəsi üzrə 5 marşrut, Böyük Qafqazın cənub yamacının qərb hissəsində Əyriçay hövzəsində 4 marşrut, Böyük Qafqazın cənub yamacının şərq hissəsində 3 marşrut, Böyük Qafqazın şimal-şərq yamacı üzrə isə 4 marşrut üzrə aparılıb.
Ölçü işləri Böyük Qafqazın Balakən-Zaqatala, Qax-Şəki, Oğuz-Qəbələ, Quba-Qusar rayonlarının ərazisindən axan çayların və Kiçik Qafqazın Daşkəsən-Gədəbəy-Göygöl rayonlarının ərazisindən axan çayların hövzələrində aparılıb.
İlhamə Əbülfət