Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramı ərəfəsində media nümayəndələri üçün heyvan kəsimi məntəqəsinə infotur təşkil edib.
Oxu.Az xəbər verir ki, jurnalistlərə bayram günlərində artan tələbat fonunda heyvan kəsimi və satışının qanunvericiliyə uyğun həyata keçirilməsinin vacibliyi çatdırılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Qabil Əbdüləliyev bildirib ki, bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi təşkil olunacaq:
"Onlardan 77-i həm kəsim, həm satış, 30-u yalnız satış, 28-si isə yalnız kəsim xidmətləri təqdim edəcək.
Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Eyni zamanda bəzi regionlarda səyyar heyvan kəsimi çadırları da fəaliyyət göstərəcək".
"Azmeat" müəssisəsində keçirilən infoturda jurnalistlərə kəsim prosesi əyani şəkildə nümayiş etdirilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Qabil Əbdüləliyev vurğulayıb ki, heyvan kəsimi məntəqələrində baytarlıq-sanitariya tələblərinə ciddi şəkildə riayət olunması həm işçi heyətinin, həm də istehlakçıların sağlamlığının qorunmasına xidmət edir. İşçi heyət xüsusi təmiz geyimdə olmalı, alətlər dezinfeksiya edilməli, tullantılar isə sanitariya-gigiyena qaydalarına uyğun toplanıb vaxtaşırı kənarlaşdırılmalıdır.
Onun sözlərinə görə, heyvan kəsimini digər heyvan görməməlidir:
"Kəsiləcək heyvanı digər heyvan görəndə stres keçirir, bu da ətin keyfiyyətinə təsir edən amildir. Ona görə də belə kəsim məntəqələrinin olması çox böyük üstünlükdür. Digər ölkələrdən fərqli olaraq Azərbaycandakı heyvan kəsim məntəqələrində halal kəsim standartı var".
Şöbə müdiri əlavə olaraq vurğulayıb ki, məntəqədə kəsilən heyvan müayinə edildikdən sonra möhürlənir:
"Heyvanın üzərinə vurulan möhür onun sanitar ekspertizadan keçdiyinin əyani sübutudur. Bu möhür həm də heyvanın hansı regiona aid olduğunu göstərir".
İnfotur çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mobil Laboratoriyasına baxış keçirilib, media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Daha çox foto burada: PhotoStock.az
Aygün Mirakif