Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini, jurnalist Mixail Qusman Leonid Velexovun “Azadlıq Radiosu”nda efirə çıxan “Şəxsiyyət kultu” proqramının yeni buraxılışının qəhrəmanı olub.
Oxu.Az məşhur bakılının müsahibəsindən qısa çıxarışları sizə təqdim edir.
“Mənim ad günüm yanvarın 23-dədir – Bakıda qeyd etdim. Bu il ad günüm bazar ertəsinə düşdü. Bu yaxınlarda isə məlum olub ki, dünyaya gəldiyim 1950-ci ilin yanvar ayının 23-də bazar ertəsi olub.
Bakını, doğma şəhərimi sevirəm və imkan düşdükcə də ora gedirəm. Valideynlərim orada dəfn edilib. Əgər ayda bir dəfə, bazar günü ora getməsəm, özümü pis hiss edirəm.
Ad günlərimi hər beş ildən bir keçirməyə çalışıram ki, əlamətdar bir hadisə olsun. 6 il bundan öncə altmış illiyimdə bir təyyarə adam yığdım, amma onların hamısı iş adamı olduqları üçün hamının Bakıya eyni anda getməyi mümkün deyildi. Azərbaycanlı dostlarımla danışdım və Rusiya-Azərbaycan forumunu düşündük, xoşbəxt təsadüfdən forumun keçirildiyi gün mənim ad günüm ilə üst-üstə düşdü.
Bizi Azərbaycan prezidenti İlham Əliyev qəbul etdi. Elə alındı ki, biz prezidentin yanında görüşdükdə forumun hər il keçirilməsinə dair qərara gəldik. Amma onun hər il yanvarda deyil, payızda keçirilməsi qərarlaşdırıldı. Mən, hər iki prezident - Putin və Əliyevin rəhbərliyi altında keçirilən Rusiya-Azərbaycan Beynəlxalq Humanitar Forumu kimi instituta hər hansı bir aidiyyətimin olmasına sevinirəm”, - Mixail Qusman müsahibəsində bildirib.
“Siz, ümumiyyətlə, qafqazlı, rus və ya yəhudisiz?” sualına isə M.Qusman deyib: “Bu çox yaxşı sualdır. Bakı mənim böyüdüyüm, həyatımın əsas hissəsini keçirdiyim bir şəhərdir. Nahaq yerə deməyiblər ki, bakılı milləti var. Mənim oxuduğum sinifdə on bir millətin nümayəndəsi var idi. Ailəmizin dörd nəsli Petr Montin küçəsi, ev 111-də yaşayıb. Ev indiyə qədər durur.
Evimiz 1899-cu ildə tikilmiş üçmərtəbəli tikilidir. Orada doqquz mənzil var idi və altı millətin nümayəndəsi yaşayırdı. Bunu da sonradan anlamışam, uşaqlıq illərimdən yadımda birlikdə Pasxa, Novruz və yəhudi bayramlarını qeyd etməyimiz qalıb. Hər zaman bir-birimizə şirniyyat aparırdıq.
Mən tamamən rus mədəniyyətli, bununla yanaşı, milliyyətcə yəhudi, qanımla, tarixi yaddaşımla isə Azərbaycan vətənpərvəriyəm. Qəlbimə yəhudi kökləri yaxındır. Vətənim Azərbaycanı sevirəm, onun üçün narahatam və ona pərəstiş edirəm”.
“Bakıya gələndə, xüsusilə də günəşli gündə şəhərdə gəzməyi sevirəm. Gəzərkən bir dəstə qızın yaxınlaşdığını görürəm və mənə elə gəlir ki, onların arasında xoşuma gələn var. Yaxınlaşdıqca isə bu qızın bəlkə də nə vaxtsa xoşuma gələn qızın nəvəsi olduğunu anlayıram. Bu gözəl bakılı qızların tipajıdır. Maraqlıdır. Uzun illər öncə hələ komsomolda işləyərkən, 1970-ci illərdə müxtəlif millətin nümayəndələrinin daxil olduğu nikahların çoxu Bakıda idi. Mən özüm bir tərəfi polyak olan azərbaycanlı ilə evlənmişəm”, - Mixail Qusman bildirib.
Verilişin aparıcısı Leonid Velexov “Bəs 1990-cı ildə Bakıda o qətllər və Sumqayıt hadisələri necə baş verdi?” sualını verib.
Mixail Qusman cavab olaraq deyib: “Həmin dövrdə mən artıq Moskvada yaşayırdım. Ona görə də mənim anlayışım daxildən olmayacaq. Mən hesab edirəm ki, bu böyük və qorxunc təxribatlar idi. Hər şeydən öncə anlamaq lazımdır ki, Sovet İttifaqı... sovet xüsusi xidmət orqanları mərkəzdən qaçma qüvvələrindən narahat olmuşdular. Bu, sadəcə, Baltikyanı ölkələrdə deyildi, eləcə də Ermənistan və Azərbaycan, Gürcüstan və Qazaxıstanda baş verirdi. Bu, hər yerdə idi. Mən düşünürəm ki, bu ərazilərdə münaqişələr yaradaraq yerli elitanın mərkəzə yardım üçün gəlməsi üçün addımlar atılırdı.
Bu bilərəkdən edilmişdi. Mən bakılıların tolerant olmasından əminəm. Bu, bilərəkdən törədilmiş təxribatlar idi. Əslində, insanları buna təhrik etmək elə də çətin deyil”.
“Üç ən yaxşı müsahibənizin adını çəkə bilərsiniz?”, - Leonid Velexov Mixail Qusmandan soruşub.
“Çin lideri Tszyan Tszemin, Səudiyyə Ərəbistanının kralı Aravin Abdalla və Heydər Əliyev ilə olan müsahibələr.
Tszyan Tszemin – o dövrün Çin lideri idi. Heydər Əliyev, məncə, hər şey aydındır. Çünki mənim yüksəlməm onun dövründə baş verib. O, Sovet Azərbaycanının uzun illər rəhbəri olub. Mən orada komsomolçu olmuşam. Azərbaycanın uğurları, Heydər Əliyevin göstərdiyi nəticələr Brejnevi “Sovet Azərbaycanı böyük addımlarla irəliləyir” deməyə məcbur edib. Bu heç də şişirtmə sözlər deyildi.
Heydər Əliyev fantastik siyasətçi idi. O, gözəl dərrakəyə, fenomenal yaddaşa malik insan idi. Onunla müsahibə 2002-ci ildə olmuşdu. Mən ondan yarım saat müsahibə istəsəm də, biz üç saat söhbət etdik. Mənə elə gəldi ki, bu etiraf idi. O, heç bir zaman belə böyük müsahibələr vermirdi. Bu, çox gözəl söhbət idi. Onu nahaq yerə “hakimiyyət ustası” adlandırmırdılar. Mənim fikrimcə, Azərbaycan onun siyasi istedadı üçün kiçik ölkədir. Onu Andropov Siyasi Büroya çağırdı... Əminəm ki, əgər Andropov bir neçə il də yaşasaydı, Heydər Əliyev sovet hökumətinin rəhbəri olardı”.
N.O.
www.oxu.az