"Dini mövzuların mediada təqdimatı təkcə jurnalistikanın problemi deyil, cəmiyyətin gələcəyi ilə bağlı məsələdir və bu sahədə media adi xəbərlərlə müqayisədə daha böyük məsuliyyət daşıyır".
Oxu.Az-ın məlumatına görə, bunu ARB 24 MMC-nin direktoru Radik İsmayılov Qusarda keçirilən "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda konfransda deyib.
O qeyd edib ki, dini sabitliyin qorunması təkcə media nümayəndələrinin deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir:
"Jurnalistlər dini mövzuları işıqlandırarkən adi xəbər hazırlanmasında göstərilən məsuliyyətdən qat-qat yüksək məsuliyyət nümayiş etdirməlidirlər.
Müasir dövrdə bir xəbər saniyələr ərzində yayılır. İstər başlıq, istər görüntü, istərsə də məqalə gözlənilməyən reaksiyalara və fəsadlara səbəb ola bilər. Buna görə də bu sahədə medianın rolu əvvəlki dövrlərlə müqayisədə daha da artıb. Müasir media artıq yalnız informasiya ötürən vasitə deyil, insanların hadisələrə və bir-birinə münasibətini formalaşdıran mühüm ictimai institutdur.
Dini mövzular işıqlandırılarkən istifadə olunan hər termin, seçilən başlıq və yayımlanan hər görüntü cəmiyyətə müəyyən mesaj ötürür. Buna görə də burada təkcə peşəkarlıq deyil, yüksək məsuliyyət də tələb olunur".
Sədr qeyd edib ki, reytinq və baxış sayı uğrunda rəqabət bəzən jurnalistikanın fundamental prinsiplərini arxa plana keçirir:
"Sosial şəbəkələrin alqoritmləri emosional və qütbləşdirici məzmunu daha sürətlə yayır. Bu isə dini mövzularda xüsusilə təhlükəli nəticələr doğura bilər. Ayrı-ayrı şəxslərin davranışını bütöv bir dinə aid etmək, stereotipləri gücləndirmək və dini mənsubiyyət üzərindən ümumiləşdirmələr aparmaq cəmiyyətdə qarşılıqlı etimadı zəiflədir. Medianın missiyası insanları bir-birindən uzaqlaşdırmaq deyil, düzgün informasiya vasitəsilə onları bir-birinə yaxınlaşdırmaqdır".
Radik İsmayılov bildirib ki, hazırda informasiya manipulyasiyasının yeni formaları meydana çıxır və süni intellekt vasitəsilə hazırlanmış saxta görüntülər, kontekstdən çıxarılmış videolar, dezinformasiya kampaniyaları və nifrət nitqini təşviq edən platformalar dini mövzuların informasiya müharibəsinin alətinə çevrilməsinə səbəb olur.
Onun sözlərinə görə, bu gün din mövzusu həm də siyasi alət kimi istifadə edilir:
"Avropada antisemitizm və islamofobiyanın inkişafı ilə bağlı sənədli film hazırlayarkən bunun şahidi olduq. Vaxtilə antisemit mövqedə olan bəzi sağ partiyalar bu gün yəhudiləri dəstəkləyir, əvvəllər islamı qəbul etməyən bəzi sol qüvvələr isə indi islamı müdafiə edir. Təəssüf ki, bütün bunlardan siyasi alət kimi istifadə olunur".
Radik İsmayılov hesab edir ki, dini sabitlik yalnız hüquqi mexanizmlərlə qoruna bilməz:
"Düzgün qanunlar və dövlət siyasəti vacibdir. Lakin əsas amillərdən biri sağlam informasiya mühitidir. Media məsuliyyətlidirsə, cəmiyyət də sağlam informasiya ilə yaşayacaq. İnformasiya mühiti zəhərlənərsə, bunun nəticələri gec-tez ictimai münasibətlərdə özünü göstərəcək".
O bildirib ki, Azərbaycan bu sahədə özünəməxsus təcrübəyə malikdir.
"Əsrlər boyu ölkəmizdə müxtəlif dinlərin nümayəndələri qarşılıqlı hörmət şəraitində yaşayıblar. Məscidlər, kilsələr və sinaqoqlar bu gün də yanaşı fəaliyyət göstərirlər. Dini müxtəliflik Azərbaycanda qarşıdurma deyil, mədəni zənginlik mənbəyidir".
Radik İsmayılov əlavə edib ki, Avropada tolerantlıq modelinin zəifləməsi ilə bağlı hazırladıqları sənədli film üzərində işləyərkən maraqlı müşahidələrlə qarşılaşıblar.
"Fransada müsahibə aldığımız şəxslər tolerantlığın Fransa modelinin getdikcə deqradasiyaya uğradığını bildirirdilər. Eyni zamanda, Azərbaycanın tolerantlıq modelini nümunə kimi göstərirdilər. Bu fikirləri sənədli filmdə də əks etdirdik və bu bizi sevindirdi", - deyə o bildirib.
O vurğulayıb ki, tolerantlıq yalnız tarixi irs deyil, hər gün qorunmalı olan dəyərdir və bu dəyərin qorunmasında medianın xüsusi rolu var.
"Dini mövzuları işıqlandırarkən jurnalist yalnız klassik altı suala deyil, həm də "Bu xəbər cəmiyyətə necə təsir edəcək?" sualına cavab axtarmalıdır".
Radik İsmayılov bildirib ki, dini mövzuların mediada təqdimatında söhbət senzura və məhdudiyyətlərdən deyil, peşə etikası və məsuliyyətdən getməlidir.
"Azad media ilə məsuliyyətli media bir-birinə zidd anlayışlar deyil. Əksinə, həqiqi media azadlığı məhz məsuliyyətlə tamamlandıqda cəmiyyət üçün faydalı olur. Faktlara söykənmək, balansı qorumaq, stereotipləri təkrarlamamaq və nifrət dilindən uzaq olmaq həm peşə etikası, həm də ictimai məsuliyyət məsələsidir".
Onun sözlərinə görə, bu prosesdə din xadimlərinin də üzərinə mühüm vəzifələr düşür:
"Din xadimləri mediadan çəkinməməli, jurnalistlərə açıq olmalıdırlar. Suallara xurafata deyil, elmə və dinin mahiyyətinə əsaslanan cavablar verilməlidir. Məscidlər, kilsələr və sinaqoqlar jurnalistlər üçün açıq olmalı, dini mövzularda danışa bilən ekspertlərin siyahısı hazırlanmalıdır. Bu, jurnalistlərin işini xeyli asanlaşdırar".