Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ruhun sarayı olan bədəni dinləyənlər: “Kişilər gözlərini yumub, uşaq kimi ağlayırdılar” - MÜSAHİBƏ + FOTO
Cəmiyyətdə çox az insan tapılar ki, gərgin iş rejimində çalışmasın. Bu da öz növbəsində insanların yorğunluğuna səbəb olur. Bədənimizin yorğunluğunu yataraq və ya istirahətlə çıxara bilirik. Bəs ruhumuzun, mənəvi rahatlığımızın bərpası üçün nə edək? Bədənlə ruhun bir-birinə bağlılığını necə duymaq olar?
Bu və digər sualları Oxu.Az-a müsahibəsində yoqa mütəxəssisi Günel Hüseynzadə cavablandırıb:
- Beş ildir ki, bu sahədə peşəkar fəaliyyət göstərirsiniz, öncə yoqaya marağınızdan danışaq.
- Doğrudur, beş ildir bu sahədəyəm. Mən yoqanı dərs deyil, həyat tərzi kimi görürəm, bunu da təbliğ edirəm. Yoqa bir neçə sahəni özündə ehtiva edir. Belə ki, mən yoqa ilə məşğul olmaq istəyənlərə ilk olaraq qida rasionlarını, həyat tərzlərini düzəltmələrini tövsiyə edirəm. İş prosesində beş dəqiqə gözlərinizi yumub, sakit dayanırsınızsa, bu özü də yoqadır.
- Yoqa həm də enerji məsələsidir. Necə oldu ki, insanlar sizin enerjinizə inandılar?
- Əslində, mən bu işə sevdiyim üçün başladım. İlkin mərhələdə ödənişsiz xidmətlər göstərirdim. Sonra qızlar mənə dedilər ki, sən bizə sanki yeni nəfəs verirsən, bu sahədə özünü təkmilləşdir və geniş kütləyə xidmət göstər. Yanıma gələn rəfiqələrim, onların tanışları, tanışlarının dostları və s. seanslara qoşulmağa başladılar. Hər kəs mənə bu sahədə kurslara başla dedi, sonda elə də oldu. Gəlmək istəyən şəxslərin sayı artdığı üçün biz bunu işə çevirdik. Belə-belə biz böyük bir ailə olduq.
Bu gün ölkədə hər altı nəfərdən biri yoqa ilə məşğul olur. Yoqa bədənlə ruhun birləşdiyi anı hiss etmək deməkdir. Biz “bədən ruhun sarayıdır” deyirik. Xarici görünüşümüz məhz daxili aləmin rahatlığından, gözəlliyindən asılıdır. İnanın ki, ruhunuzu müsbət enerjiyə kökləsəniz, gümrah saxlasanız, istər-istəməz gözəl görünəcəksiniz. Oturduğunuz mühitdə dərhal sizin enerjiniz, pozitivliyiniz ətrafa yayılacaq.
- Pandemiya dövründə cəmiyyətdə kəskin aqressiya müşahidə edilməyə başlandı. Yoqa bu gərginliyi pozitiv enerjiyə çevirə bilərmi?
- Bu gün də mənə müraciət edənlər arasında intihara cəhd edənlər olub. Bir çoxu panik atak sindromundan şikayətçidir. Xüsusilə xanımlar arasında bu məqamlar daha çoxdur. Səbəb isə sadəcə depressiv, gərgin cəmiyyətin insanların sinir sistemlərinə vurduğu ziyandır. Həyat enerjisi ölən insanlar var ki, heç işləmək belə istəmirlər. Onlar çarə kimi yoqa ilə məşğul olmağa başlayırlar. Nəticə isə gözəldir. Çünki intihara cəhd edən neçə tələbəmi bu fikirdən yayındırmağa nail olmuşam. Bu da təbii olaraq məni sevindirir.
- Kişilər, yoxsa qadınlar daha çox ruhu ilə bədəni arasında çıxılmaz labirintdə qalır?
- Çox vaxt insanlar psixoloqlara müraciət edirlər. Lakin psixoloq onları sanki qaçmaq istədikləri travmatik dövrlərə aparır. Ümumiyyətlə, psixoloqlar adətən “bizə uşaqlığınızdan danışın” deyirlər. Biz bu sualı vermirik, sadəcə “gözlərinizi yumub getmək istədiyiniz, olmaq istədiyiniz yerə gedin” deyirik. Birinci yada düşən, ilk olaraq gedilən yer də məhz travmalar olur. Heç kim uşaq qalmır, böyüyür. Lakin travma bizim şüuraltında qalır. Uşaq vaxtı çəkimizə lağ edilməsi, xarici görünüşümüzlə bağlı deyilən neqativ fikirlər, edilən zarafatlar bizi incidir. Amma biz bunu dilə gətirmirik, illər sonra hiss etmədiyimiz həmin durumlar bizi ələ alıb, ruhumuzu dəyişir. Bir növ pozitiv enerjini içimizdə neqativ çevirən qəribə bir duyğu formalaşır. Zamanında bununla mübarizə aparmasaq, neqativ enerji bizi ələ alaraq, ruhumuzu idarə edəcək. Yoqa məhz bununla mübarizə aparmağa çalışır.
- Belə stereotip var - “kişi ağlamaz”, “kişi zəif ola bilməz”. Yoqa zamanı onu qırmaq mümkündürmü?
- Özü də necə... (gülür). Bu bir tərəfdən yaxşı, digər tərəfdən üzücüdür. Bəylər yoqa zamanı gözlərini yumaraq ağlamağa başlayırlar. Möhkəm görünməyə çalışan bəylərin çox həssas, onları ağladacaq qədər travmatik anları var. Xanımlardan fərqli olaraq, bəylər uşaqlıqda yaşadıqları travmaları nə psixoloji seanslarda, nə də yoqa zamanı danışırlar. Bilmədən, istəmədən bu travma ilə böyüyən bəylər artıq müəyyən bir baryer formalaşdırırlar. Meditasiya müddətində ağlayaraq öz-özü ilə danışan bəylər olub, biz müdaxilə etməmişik. Onlar öz-özü ilə barışır və bu travmadan çıxırlar. İnsan öz-özü ilə barışanda həyat daha gözəl və yaşamalı bir mühitə çevrilir.
- Bu tövsiyələrə siz özünüz istənilən situasiyada riayət edə bilirsinizmi?
- İnanın ki, mən həyatımda çox çətin bir dövrdən keçdim, çətin hadisələr yaşadım. Ətrafımda olan hər kəsin psixoloji durumu mənə görə pozuldu. Çox narahat oldular, fikir çəkdilər. Amma mən o qədər rahat idim ki, izah edə bilmərəm. Daxilimdə sanki enerjinin ölməsinə izn vermirəm. O da məni istənilən durumda xilas edir. Mən istəyirəm ki, hər kəs mənim kimi olsun. İstənilən hadisədə qəlbimizdə enerjini, ruhumuzu qidalandıran pozitiv enerjini qorumalıyıq.
- Müraciət edənlərlə orta hesabla nə qədər müddət çalışırsınız?
- Vəziyyətə görə müddət dəyişir. Bir xanım müraciət etmişdi, onunla bir il dörd ay çalışdıq. Xanım gələndə neqativ yüklü, həyatdan küsmüş vəziyyətdə idi. İşdən çıxmaq istəyirdi, yaşamaq istəmirdi. Bu müddət ərzində xanım həyatını bütünlüklə dəyişdi. İnsanlara qarşı münasibəti də düzəldi, həyat eşqi yarandı, özünə güvən formalaşdı. Həmin xanım hazırda ailə həyatı qurub, çox yaxşı yerdə işləyir. Elə insanlar var ki, yoqa artıq onların həyat tərzinə çevrilib. Uzun illərdir biz onlarla birlikdə bir ailə kimi olmuşuq.
- Bu fəaliyyətlə bağlı sizin iş qrafikiniz varmı?
- Mənim iş qrafikim yoxdur. Səhər saat 06:00-dan gecə 23:00-a qədər burada oluram. Həftəsonları, demək olar ki, gec saatlara qədər tələbələrlə çalışırıq. Stresdən o qədər uzaqlaşırlar ki, bəzən zamanın necə keçdiyini anlamırlar. Mən də onları rahat olduqları o mühitdən ayırmıram. Hətta insanlara daha faydalı ola bilmək üçün həftəsonları ödənişsiz dərslər də keçirəm. İnsanlara müsbət enerji, xoş aura bəxş etmək mənim üçün çox önəmlidir.
- Yoqa üçün bizə nələr lazımdır?
- Əslində, heç nə lazım deyil. Bir idman döşəkçəsi (mat) olsun, sərin yerə və üzərinə çıxın. Belə bir deyim var, “matın üstünə çıxana qədərdir”. Bədənimizin yaddaşı var. Biz etdiyimiz hərəkətlər mütəmadi təkrarlandığı üçün yoqanın ən çətin hərəkətlərini belə, bir dəfə öyrənmək bəs edir. Bədən açılır, hərəkətlər bədənin yaddaşında qalır.
- Yoqanın növləri həddən artıq çoxdur. Azərbaycanda ən çox hansı növləri tətbiq edilir?
- Daha çox üç-dörd növündən istifadə edilir. Bunlardan biri klassik - xatxa yoqadır. Son illərdə isə “fly” yoqa növünə üstünlük verilir. Xatxa yoqa növündə siz kənar dəstəklə öz bədəninizi yuxarı qaldırırsınız. “Fly” yoqa zamanı isə əllərinizin üzərində özünüzü yuxarı qaldırırsınız. Yoqanın digər növləri hələ ki Azərbaycanda məşhur deyil. Hər insan yoqa ilə məşğul ola bilər, lakin onu təlimçi kimi keçə bilməz. Hərəkətləri düzgün şəkildə etmək lazımdır ki, xəsarətlər olmasın.
- Xəsarətlər? Yoqa zamanı nə kimi xəsarətlər ala bilərik?
- Baş üzərində dayanma hərəkətləri var. Əllərinizi birləşdirərək başınızın altına qoyursunuz. Başınız üzərində bədəninizin ağırlığını saxlamağa çalışırsınız. Bu zaman azacıq da olsa tərpəniş və kobud səhv boyun fəqərəsinin sınması ilə nəticələnə bilər. Bunun isə təəssüf ki, müalicəsi və ya bərpası yoxdur. Bu kimi təhlükəli məqamlardan uzaq olmaq üçün 200 saatlıq kurslar keçmək lazımdır. Sertifikasiyadan keçmək lazımdır. Biz insan bədəninin quruluşuna hakim ola bilməsək, sümüklərin, fəqərələrin birləşmə nöqtəsinin yerini dəqiq bilməsək, onlara hərəkətləri öyrədə bilmərik.
- Yoqa hansı xəstəliklərin müalicəsinə kömək edə bilir?
- Yoqa metabolizm üçün çox faydalıdır. Eyni zamanda dövrümüzün bəlası olan xərçəng xəstəliyinə də faydalıdır. Ürək-damar xəstəlikləri, tromblaşma, sinir sistemi, mədə-bağırsaq sistemi xəstəliklərinin müalicəsinə çox faydalıdır. Sağlamlıq baxımından bir çox aspektləri əhatə edir.
- Bəs kimlər yoqa ilə məşğul ola bilməzlər?
- Əslində, müəyyən hərəkətləri etməyə izn vermirik. Göz təzyiqi olan, görmə zəifliyi olan və digər əməliyyatlardan çıxan xəstələrə, bir sıra problemləri olan şəxslərə yoqa zamanı müəyyən hərəkətlərə məhdudiyyət qoyulur. Göz əməliyyatı və ya digər əməliyyatlardan minimum altı ay, bir il keçdikdən sonra yoqa ilə məşğul olmaq olar. Göz təzyiqi olan şəxslərə baş üzərində olan, təzyiqi, ağırlığı daha çox olan hərəkətləri etmək olmaz.
- Bu mismarlı taxta nə üçündür? Onun üzərində gəzmək, dayanmaq da yoqa hərəkətidir?
- Biz ona sathu taxtası deyirik. Üzərindəki mismarların heç bir ziyanı yoxdur. Ayağı qətiyyən deşmir. İlkin addım cəsarət tələb edir. Cəsarətli olub üzərinə çıxdıqdan sonra isə sinir sistemi güclü olan insanlar daha çox dayana bilirlər. Tələbələrim arasında 12-32 saniyə dayanan da var, beş dəqiqə dayanan da. Ayaqlarımızın altında 70 min sinir var, həmin an sinirlər oyanır və diqqət etsəniz, damarlarda qan dövranını hiss edə bilərsiniz. Nə qədər çox dayansanız, bu sizin sinir sisteminizi idarə etməyinizə işarədir. Əsas məqam tənəffüs sistemini düzgün ardıcıllıqla tənzimləməkdir. Diafraqmadan nəfəs almaq lazımdır.
- Yoqa seansları neçə saat davam edir?
- Bir seans bir saat davam edir. İlkin olaraq isinmə hərəkətlərilə başlanılır. Bədəndən asılı olaraq elastikləşmə gedir. İlk olaraq bədən oyadılır və daha sonra müəyyən hərəkətlərlə davam etdirilir.
- Şüuraltı yoqa vasitəsilə insanlara təsir göstərmək olurmu?
- Bəli. Bizim sahədə çərçivə yoxdur. Biz yoqa zamanı şüuraltı dünyaya daxil ola və təsir nöqtəsi formalaşdıra bilərik. Bizim bir auramız var. O auraya mənfi enerjilər, yönləndirilən neqativlər hopur. Bu nə vaxtsa özünü büruzə verir. Biz bundan qurtulmalıyıq. Hər kəsin stresli işi, problemləri olur. Bunu auramızdan təmizləmək üçün biz daha çox yay mövsümündə açıq havada görüşürük. Təbiət, yoqa vəhdəti auramızın təmizlənməsinə kömək edir.
- Yoqa ilə vegetarianlıq arasında bağlılıq varmı?
- Əslində, bizə bütün hallarda sağlam qidalanma önəmlidir. Lakin bilməliyik ki, ət məhsulları istehlak etmək ölü hüceyrə yemək deməkdir. Bu da piy qatı formalaşdırır. Qadağan edə bilmərik, çünki Azərbaycan mətbəxi yağlı və ət yeməkləri ilə zəngindir. Bu da təbii ki, ziyandır. Mümkün qədər həftədə bir dəfə ət məhsulları istehlak etmələri tövsiyə edilir.
Könül Cəfərli
Daha çox foto burada: Photostock.az
Rəylər