Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Şamaxı zəlzələdən sonra - Görülən işlər nə yerdədir? - FOTO/VİDEO
Bu ilin fevralın 5-də, gecə saatlarında Şamaxı-İsmayıllı bölgəsində zəlzələ baş verib. Baş verən təbii fəlakət Şamaxıda bir sıra fəsadlar törədib. Azərbaycan prezidenti İlham Əliyev fevralın 7-də zəlzələnin baş verdiyi Şamaxı rayonuna baş çəkib və dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq göstəriş verib.
Oxu.Az-ın əməkdaşları zəlzələdən sonra Şamaxıda aparılan işlərlə tanış olmaq üçün sözügedən rayona yollanıb.
Şəhərdə üç evin tikinti işləri tamamlanmaq üzrədir.
Şamaxı Rayon İcra Hakimiyyətinin baş memarı Rüstəm Əliyevin sözlərinə görə, zəlzələdən sonra qəzalı vəziyyətə düşmüş evlərin tikintisinə başlanıb:
“İlkin olaraq üç evin tikintisi başa çatmaq üzrədir. Bir neçə evin də bünövrəsi qoyulub. 20-yə yaxın evin isə sökülməsi üçün qərar verilib. Hazırda onların işıq, qaz xətlərinin ayrılmasına başlanıb, evlərin ətrafında təhlükəsizlik tədbirləri görülüb”.
Baş memar bildirib ki, hazırda müraciətlər davam edir:
“Komissiyaya daxil olmuş müraciətlər əsasında əraziyə baxış keçirilir. Dəymiş ziyanın miqyası müəyyənləşdirilir. Rayon üzrə 4536 müraciət qeydə alınıb. 4509 evə baxış keçirilib. 236 ev qəzalı vəziyyətdədir. Orada yaşamaq mümkün deyil. Bərpa olunası evlərin sayı 1077, təmirə ehtiyacı olan evlərin sayı 1705, qənaətbəxş hesab olunan evlərin sayı isə 1781-dir”.
Rüstəm Əliyev qeyd edib ki, evlərin təhvil verilməsi üçün konkret müddət qoyulmayıb:
“Bizi əsas maraqlandıran müddət deyil, insanları yaşaması üçün evlə təmin etməkdir. Məqsəd onların daha tez evlərinə köçməsidir. Bunun üçün maksimum tez işlər aparılır. Konkret vaxtı desəm, yanlış olar. Tikinti işinin öz axarı var və işlər gedir”.
“Artıq kəndlərdə olan qəzalı evlərə baxış keçirilib. Onların sökülməsinə yaxın günlərdə başlanılacaq”, - deyə İH nümayəndəsi bildirib.
Daha sonra Salman Mümtaz küçəsində yerləşən və ən çox zərər dəymiş evin sakini Saray Eyvazovanın evinə baş çəkdik. Onun inşa olunan dördotaqlı evində tamamlanma işləri aparılır.
Saray Eyvazova qeyd edib ki, bu, şəhərdə baş verən ilk təbii fəlakət deyil:
“Şamaxı indiyə kimi çox zəlzələlərin şahidi olub. Lakin heç bir təbii fəlakət, dağıntılar burada yaşayan insanların əzmini, yenidən qurub yaratmaq eşqini söndürə bilməyib”.
Saray nənə deyir ki, evlərinə köçmək üçün günləri sayır:
“İlham Əliyev mənimlə görüşü zamanı bildirdi ki, evimizin tikilməsi üçün kömək göstəriləcək. Dördotaqlı evimiz tikilib. Evimizin açarını götürüb, prezidentimizin sağlığına orada yaşayacağıq.
Düzü, İlham Əliyevin gələcəyinə inanmırdım. Amma o gəldi. Çünki mən onu televiziyada görmüşəm. Həyətə daxil olanda təəccübləndim. Qalxdım ayağa ki, onu qucaqlayıb öpüm. Əllərimdən tutdu və “Ana, oturun”, - dedi, əllərimdən öpdü. Dedim, bəs xanımınız hanı? Prezident mənə bildirdi ki, inşallah, açılış mərasimində gələcək”.
“İlham Əliyevin evimizin açılışına gəlməsini, açarları mənə təqdim etməsini gözləyirəm”, - deyə Saray nənə qeyd edib.
Qeyd edək ki, martın 8-də Şamaxıda yenidən tikilən bəzi evlərin sahiblərinə təhvil verilməsi gözlənilir.
Xatırladaq ki, fevralın 5-6-da Azərbaycan ərazisində yeraltı təkanlar qeydə alınıb. Belə ki, zəlzələ fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə - İsmayıllı ərazisində zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.
İlhamə Əbülfət
FOTO: Ramil Zeynalov
VİDEO: Rəşad Aydın
Rəylər