Sumqayıt şəhərinin Saray bağları (Bağlar) istiqamətində hərəkət edən 17 və 17A nömrəli marşrut avtobuslarından istifadə edən sakinlər nəqliyyat şəraitindən narazılıqlarını bildiriblər.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224 12 12) sakinlər müraciət ediblər.
Onlar bildiriblər ki, sözügedən marşrutlarda uzun illərdir köhnə avtobuslardan istifadə olunur.
"Yolların yararsız vəziyyətdə olması səbəbindən səfərlər uzun çəkir, bəzi hallarda mənzil başına çatmaq 45-50 dəqiqə, hətta bir saata qədər vaxt aparır".
Sakinlər qeyd ediblər ki, yolun asfalt örtüyü uzun illər əvvəl sıradan çıxıb və müasir avtobusların bu marşrutlara buraxılmasının məhz yol infrastrukturunun vəziyyəti ilə əlaqəli olduğu bildirilir. Onlar, həmçinin köhnə avtobuslarda yararsız yollarda hərəkətin xüsusilə yaşlılar və sağlamlıq problemi olan sərnişinlər üçün ciddi narahatlıq yaratdığını vurğulayıblar.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt şəhərində ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksəldilməsi məqsədilə marşrut xətləri təhlil edilir və optimallaşdırma işləri aparılır:
"Görülən işlər çərçivəsində sözügedən məsələyə də baxılacaq".