Səbail rayonunun Arif İsmayılov küçəsində yaşayan sakinlər yolun uzun müddətdir yararsız vəziyyətdə olmasından şikayətlənirlər.
Onlar Baku TV-nin qaynar xəttinə bildiriblər ki, bir neçə il əvvəl ərazidə kanalizasiya xəttində aparılan təmir işləri zamanı yol qazılıb.
Lakin işlər başa çatdıqdan sonra qazılan hissələr bərpa edilməyib.
"Bu illər ərzində tozun və palçığın qarşısını almaq üçün yola çınqıl və daş tökmüşük. Aidiyyəti qurumlara dəfələrlə müraciət etsək də, baxan yoxdur", - deyə sakinlərdən biri qeyd edib.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, son illər rayonun müxtəlif ünvanlarında 70 kilometrdən artıq yolun asfalt örtüyü bərpa edilib.
Qeyd olunub ki, 2026-cı ildə də yolların mərhələli şəkildə asfaltlanması davam etdirilir. Müraciətdə qeyd edilən Arif İsmayılov küçəsinin də nəzarətə götürüldüyü bildirilib.