"8 Noyabr - Zəfər günü Ali Baş Komandanın, şəhidlərimizin, qazilərimizin sayəsindədir. Təbii ki, bugünkü günü övladlarımızla birlikdə keçirməyi çox istəyərdik, amma onlar ərazi bütövlüyümüz uğrunda şəhid olaraq bu günü bizə bəxş etdilər. Zəfər günü münasibətilə xalqımızı təbrik edirəm. Allah dövlətimizi, ordumuzu qorusun".
Bu sözləri Oxu.Az-a açıqlamasında şəhid kapitan Vüqar Nəcəfovun anası Şəmsiyyə Yusifova deyib.
O bildirib ki, oğlunun ən böyük arzusu torpaqlarımızın azad olması idi:
"Bu arzusuna da çatdı. Canları, qanları bahasına olsa da, qəhrəman oğurllarımız bu istəklərinə nail oldular".
"Vüqar Xocavənd, Füzuli, Cəbrayıl istiqamətlərində döyüşüb. 2020-ci il oktyabrın 2-də Cəbrayıl istiqamətində şəhid olub. Şəhid olanda 32 yaşı var idi. Evli idi, iki övladı yadigar qalıb. Cəsarətli, qorxmaz, ailəsinə bağlı insan idi", - deyə şəhid anası əlavə edib.