"Bu gün heç vaxt yaddaşımızdan silinməyəcək bir gündür. Bütün Azərbaycan Zəfərin altı illiyini qeyd edir. Düzdür, bu qələbəni itkilər verərək, şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına qazanmışıq, amma həm də qürurluyuq ki, ərazi bütövlüyümüz bərpa edilib".
Bu sözləri Oxu.Az-a açıqlamasında Vətən müharibəsi şəhidi mayor İlkin Əhədzadənin anası Asəmən Əhədova deyib.
"Zəfərimiz və Bayraq Günümüz mübarək olsun. O bayraq ki, balalarımız şəhid olaraq ona bükülüb qapılarımıza gəliblər. Atalar həmin bayrağı qürurla öpüb alınlarına qoyublar. Zəfərimiz əbədi olsun, bayrağımız daim ucalarda dalğalansın", - şəhid anası deyib.
A.Əhədova oğlunun hərbçi olduğunu xatırladıb:
"İlkin vətənpərvər, torpaq sevər, bayrağını və vətənini göz bəbəyi kimi sevib qoruyan şəxs olub. Ən əsası rəhimli, sadə bir insan idi. Övladları ilə birlikdə vaxt keçirməyi çox sevirdi. 2020-ci ilin 1 oktyabrında Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub. Oktyabrın 3-də dəfn etmişik. Üç övladı yadigar qaldı. Bu gün - Zəfər günündə həm də oğlunun ad günüdür, 10 yaşı tamam olur. Allah bütün şəhidlərimizə rəhmət etsin! Qazilərimiz sağlamlığına qovuşsun!"