Bəzən tarix elə gün yazır ki, o günün sevincini sözlərə, ağrısını cümlələrə, qürurunu isə heç bir kitabın səhifələrinə sığdırmaq olmur. Çünki bəzi tarixlər mürəkkəblə deyil, bir xalqın gözyaşı, anaların duaları, igidlərin fədakarlığı və Vətən sevgisi ilə yazılır. İllər keçdikcə köhnəlmir, əksinə, hər dəfə xatırladıqca insan qəlbində yenidən doğulur, şaxələnir, çoxalır. Bu gün məhz belə tarixdir.
8 Noyabr Azərbaycan xalqının yaddaşında yalnız hərbi qələbə günü kimi deyil, uzun illər davam edən həsrətin, gözləntinin və torpaq nisgilinin sona çatdığı bir tarix kimi yaşayır. Bu Zəfər xalqın birliyini, dövlətin gücünü və Azərbaycan əsgərinin Vətən qarşısında daşıdığı məsuliyyəti nümayiş etdirdi. Şuşanın azad olunması ilə tariximizin mühüm səhifələrindən biri yenidən yazıldı, milli-mənəvi dəyərlərimizin ayrılmaz parçası olan bu şəhərə qovuşmaq arzusu gerçəkləşdi. Həmin günün mənası bu gün də müstəqilliyimizin, ərazi bütövlüyümüzün və milli həmrəyliyimizin dərkində xüsusi yer tutur. 8 Noyabr gələcək nəsillərə nümunə olacaq tarixi yaddaşımızın və Vətənə bağlılığımızın mühüm rəmzidir.
Biz Azərbaycan deyəndə yalnız bir diyar görmürük. Bu adın içində bir ananın balasına son nəsihəti, bir atanın qürurla gizlətdiyi göz yaşı, övladın ata şəklinə baxaraq qurduğu xəyallar göz önünə gəlir. İllərlə doğma torpaq həsrəti ilə yaşayan insanların qəlbində sönməyən ümid görünür. Dalğalanan şanlı bayrağımızda bütov bir xalqın iradəsi, tarixi torpağımız olan Qarabağın azad səmasında illərin həsrəti, muğamın və poeziyanın məbədi sayılan Şuşanın adında Azərbaycanın məğrur ruhu hiss olunur. Çünki Vətən bir sözə, bir ömrə sığmayacaq qədər böyük, insan ürəyinə sığmayacaq qədər müqəddəs və əzəmətlidir. Bu torpağın hər daşı, hər dağı, hər kəndi xalqımızın yaddaşında özünəməxsus yer tutur. Qarabağ yalnız coğrafi məkan deyil, nəsillər boyu qorunub saxlanılan mənəvi bağlılığın və milli yaddaşın bir parçasıdır. Onun azadlığı ilə doğma yurda qayıdış arzusu gerçəkliyə çevrildi, uzun illər ayrılıq yaşayan ailələrin gələcəyə baxışı dəyişdi. Bu gün həmin torpaqlarda həyatın yenidən canlanması, quruculuq işlərinin aparılması Zəfərin davam edən nəticələrindəndir.
8 Noyabr tarixini yalnız Qələbə günü kimi adlandırmaq və bu tarixin əzəmətini bütün duyğu hissləri ilə ifadə etməyə sözün gücü çatmaz. Bu gün həm qürur, həm minnətarlıq, həm də gələcək nəsillərə ərməğan olan və heç vaxt unudulmayan müqəddəs əmanətdir. Biz böyük qələbənin sevincini yaşayarkən, həmin sevincin arxasında dayanan fədakarlıqları yaddan çıxarmırıq. Çünki yaşadığımız tarixi zəfərin arxasında görünməyən hekayə, hər qəhrəmanın arxasında onu sevən ailə, hər unudulmaz adın arxasında isə ömürlük həsrət dayanır.
Bu tarixin hər bir səhifəsində Vətən uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin misilsiz mübarizəsi və fədakarlığı öz əksini tapır. Onların göstərdiyi şücaət Azərbaycan xalqının yaddaşında daim yaşayacaq və gələcək nəsillər üçün örnək olacaq. Tarixə nəzər yetirsək, qazanılan Zəfərin əsl dəyəri yalnız nəticə ilə deyil, onun qorunması və gələcək nəsillərə əmanəti ilə də ölçülür. 8 Noyabr bizə azadlığın, birliyin və müstəqilliyin nə qədər böyük məsuliyyət olduğunu hər zaman xatırladır.
Bu məsuliyyət, ilk növbədə, tarixi həqiqətləri olduğu kimi yaşatmağı, əsrlər boyu yadellilərin tapdağı altında qalmış xalqın keçdiyi yolun unudulmamasını tələb edir. Şəhid adlarının ehtiramla anılması, qazilərimizin xidmətlərinin qiymətləndirilməsi milli yaddaşımızın qorunmasının mühüm tərkib hissəsidir. Zəfərdən sonrakı dövr isə azad edilmiş ərazilərin bərpası, doğma yurdlarına qayıdan insanların həyat şəraitinin yaxşılaşdırılması və həmin torpaqlarda davamlı inkişafın təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar 8 Noyabrın yalnız keçmişə aid bir xatirə deyil, həm də bu günümüzü və gələcəyimizi müəyyənləşdirən tarixi hadisə olduğunu göstərir.
Bu tarixin gələcək nəsillərə çatdırılması hər birimizin üzərinə düşən mənəvi vəzifələrdən ilkidir. Qarabağın yenidən qurulması və doğma yurdların dirçəldilməsi Zəfərdən sonrakı həyatın mühüm istiqamətlərini təşkil edir. Əldə olunan nailiyyətlərin qorunması dövlətçilik ənənələrinin möhkəmləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. 8 Noyabrın yaddaşlarda yaşadılması xalqımızın tarixinə və milli kimliyinə bağlılığının göstəricisidir. Bu Zəfər yalnız ərazi bütövlüyünün bərpası deyil, həm də milli yaddaşın, tarixi ədalətə inamın və mənəvi bütövlüyün təntənəsidir. Qarabağda aparılan quruculuq işləri, bilərəkdən dağıdılmış tarixi-mədəni abidələrin bərpası və doğma yurdlarına qayıdan insanların həyatının yenidən canlanması qazanılan qələbənin davam edən tarixi salnaməsidir.
Bəzən bir xalqın ən böyük qüruru ilə bir ananın ən dərin kədəri eyni tarixin içində birləşir. Şəhid analarının gözlərində sözlə ifadə olunması çətin olan, həm qüruru, həm də övlad həsrətini özündə yaşadan duyğular var. Bir vaxtlar övlad yolunu gözləyən, səsini eşitmək üçün hər zəngə ümidlə cavab verən, onun gələcəyi ilə bağlı arzular quran ana bu gün balasının adını qürurla yaşadır. Lakin heç bir qürur, heç bir təsəlli övlad itkisini və onun yoxluğundan yaranan boşluğu aradan qaldıra bilmir. Çünki ana üçün övladının Vətən tarixində qəhrəman kimi yaşaması ilə onun gündəlik həyatında yoxluğu bir-birindən fərqli, lakin daim yanaşı mövcud olan iki həqiqətdir.
Şəhidlərin Vətən uğrunda göstərdiyi qəhrəmanlıq Azərbaycan tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Onların əziz xatirəsi azadlığına qovuşmuş torpaqlarımızda, qürurla yüksələn üçrəngli bayraqda və xalqın yaddaşında yaşayır. Bu gün Qarabağda aparılan bərpa və quruculuq işləri Vətənin gələcəyinə olan inamın ifadəsidir. Azərbaycan xalqı öz tarixi irsinə, dövlətçilik ənənələrinə və milli-mənəvi dəyərlərinə sahib çıxaraq əldə etdiyi Zəfərin tarixi əhəmiyyətini gələcək nəsillərə ötürür. 8 Noyabr tarixi isə xalqımızın milli birliyini, dövlətimizin qüdrətini və Vətənə bağlılığının sarsılmazlığını təcəssüm etdirən, tariximizin yaddaşında əbədi yaşayacaq Zəfər günüdür.
Qazanılan Zəfərin ən təsirli mənzərəsi övladının xatirəsini yaşadan və yaşadığı itkiyə baxmayaraq qürurunu qoruyan şəhid analarının simasında öz əksini tapır. Bu baxışlarda həm övlad həsrətinin ağrısı, həm də Vətən uğrunda göstərilən fədakarlığın mənəvi ucalığı ifadə olunur. Şəhidlərin xatirəsini yad etmək yalnız keçmiş hadisələri xatırlamaq deyil, həm də onların uğrunda mübarizə apardığı dəyərlərin mahiyyətini dərk etməkdir. Şəhidlərin adlarını ehtiramla anmaq, ailələrinə diqqət və qayğı göstərmək, qazilərə layiq olduqları hörməti nümayiş etdirmək cəmiyyətin mənəvi məsuliyyətinin mühüm göstəricilərindəndir. Bu yanaşma milli həmrəyliyin möhkəmlənməsinə və şəhid ailələri ilə qazilərin cəmiyyət həyatında daim diqqət mərkəzində saxlanılmasına xidmət edir. Daha heç bir uşağın atasının yolunu nigaranlıqla gözləməməsi, heç bir ananın övlad itkisi ilə üzləşməməsi, heç bir evin həsrətin yaratdığı səssizliklə dolmaması ən böyük arzudur. Ən böyük Zəfər azad Vətəndə insanların əmin-amanlıq şəraitində yaşaması, anaların rahatlığı, uşaqların gülüşü və gələcək nəsillərin sülh içində böyüməsidir. Çünki qazanılmış azadlığın əsl dəyəri onun yaratdığı təhlükəsiz və firavan həyatla ölçülür. Vətən qarşısında məsuliyyət yalnız tarixi qəhrəmanlıqları yad etməklə məhdudlaşmır, ölkənin inkişafına, dövlətçiliyin möhkəmlənməsinə və milli dəyərlərin qorunmasına töhfə verməyi də əhatə edir. Azad edilmiş ərazilərdə aparılan quruculuq işləri, doğma yurdların dirçəldilməsi və həyatın yenidən canlandırılması bu məsuliyyətin mühüm istiqamətlərindəndir. 8 Noyabr Zəfəri xalqımızın tarixi yaddaşında milli birliyin, dövlət müstəqilliyinin və ərazi bütövlüyünün təcəssümü kimi öz layiqli yerini tutur.
Bu gün Qarabağ xalqımız üçün xəritədə göstərilən coğrafi ərazidən daha böyük məna daşıyır. O, uzun illər qorunan qayıdış arzusunun, nəsillərdən-nəsillərə ötürülən yurd sevgisinin və milli yaddaşın ayrılmaz parçasıdır. Qarabağın adı çəkiləndə yaranan duyğuların arxasında təkcə keçmişin xatirələri deyil, həm də bu torpaqlara bağlılığın dərin tarixi dayanır. Çünki bəzi torpaqlar coğrafi sərhədlərlə məhdudlaşmır, xalqın kimliyində, mədəniyyətində və mənəvi dünyasında özünəməxsus yer tutur.
Və Şuşa...
Cənnət Qarabağın qoynunda yerləşən, Qafqazın konservatoriyası adlanan Şuşa şəhəri Azərbaycan tarixinin, musiqisinin, ədəbiyyatının və mədəni irsinin mühüm mərkəzlərindən biridir. Bu şəhərin hər küçəsi, hər tarixi məkanı milli-mədəni yaddaşımızın bir parçasıdır. Şuşanın azadlığı ilə onun tarixi və mədəni irsinin qorunması, yenidən dirçəldilməsi üçün yeni mərhələ başlandı. Bu gün Şuşa Azərbaycanın zəngin keçmişini və gələcəyə yönəlmiş inkişafını birləşdirən şəhər kimi ölkənin mədəni həyatında öz yerini tutur.
Şuşanın adı çəkiləndə Azərbaycan xalqının yaddaşında qürur, milli birlik və tarixi bağlılıq duyğuları canlanır. Uzun illər həsrətlə gözlənilən bu şəhərin azadlığı xalqın sevincinə çevrilən mühüm tarixi hadisədir. 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi xəbəri təkcə bir şəhərin işğaldan qurtuluşu deyil, həm də illərlə gözlənilən arzunun gerçəkləşməsi, xalqın doğma yurda qovuşması idi.
Azərbaycan bayrağının Şuşa şəhərində dalğalanması dövlət müstəqilliyinin və tarixi bağlılığın rəmzi kimi xüsusi məna daşıyır. Üçrəngli bayrağın hər rəngi xalqın keçmişini, milli-mənəvi dəyərlərini və gələcəyə dair məqsədlərini özündə ehtiva edir. Bu tarixi hadisənin gələcək nəsillərin yaddaşında yaşadılması milli kimliyin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Gələcək nəsillərin 8 Noyabr tarixini öyrənməsi, Şuşanın azadlığı uğrunda aparılan mübarizənin mahiyyətini dərk etməsi Vətən tarixinin yaşadılmasına xidmət edəcək. Bu Zəfər Azərbaycan xalqının tarixində özünəməxsus yer tutaraq dövlətçilik salnaməmizin unudulmaz səhifələrindən biri olaraq qalacaq.
Əziz Azərbaycan, sənin adını qürurla daşımaq və məğrur bayrağına ehtiram göstərmək, şanlı tarixini yaşatmaq hər birimizin məsuliyyətidir. Sənə baxan zaman təkcə keçmişdə olan Zəfəri deyil, gələcəkdə qazanacağımız uğurları da görmək haqqımızdır. Bu gün bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onların qarşısında baş əyir, qazilərimizə göstərdikləri şücaət və fədakarlığa görə minnətdarlığımızı bildiririk. Şəhid ailələrinin yaşadığı itkinin ağırlığını unutmadan, onların bizə əmanət etdiyi müqəddəs xatirəni qorumağı mənəvi borcumuz hesab edirik.
Bu tarixdə həm sevincimiz danışır, həm də susqunluğumuz. Bayrağımız qürur hissi ilə dalğalanır, heç zaman unudulmayan qəhrəmanların xatirəsi ürəklərdə kök atıb yaşayır. Hər il bu günü qeyd edərkən anlayırıq ki, bəzi adlar unudulmur, bəzi fədakarlıqlar zamanla ölçülmür, bəzi qələbələr yalnız tarix deyil, bütöv bir xalqın ruhuna yazılır.
Vətən - sənin bayrağın daim ucalarda dalğalansın, torpaqlarında sülh və əmin-amanlıq hökm sürsün. Xalqın qəlbində Vətən sevgisi heç vaxt sönməsin!
Zəfərin mübarək, Azərbaycan!
Zəfərin mübarək - damarımda axan qanım, görən gözüm, duyan ruhum, mənim doğma AZƏRBAYCANIM!
Şəbnəm Nərimanqızı