"Bizim sənayenin əsas lokomotivi aşpazlardır. Aşpazların bilik və bacarıqlarının artırılması istiqamətində mühüm addımlar atılıb. Qastronomiyanı biz bir element kimi təqdim etmişdik, artıq onu ayırmışıq".
Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın qastroturizm perspektivləri mövzusunda keçirilən media təqdimatında Dövlət Turizm Agentliyinin qastroturizm bölümünün rəhbəri Səkinə Əsgərova deyib.
O bildirib ki, əcnəbi turistlərlə yanaşı, yerli turistlər üçün də tanıtım tədbirləri həyata keçirilib:
"Növbəti üç il üçün məqsədlərimiz bunlardır: dərin təhlil və milli qastronomiyaya elmi yanaşma, qastronomiya tədrisinin bakalavr səviyyəsinə çatdırılması istiqamətində işlərin görülməsi, Azərbaycan qastronomiyasının qlobal miqyasda brendləşməsi istiqamətində addımların atılması və Azərbaycanın regional qastronomiya imkanlarının inkişaf etdirilməsi. Dərin təhlil və milli qastronomiyaya elmi yanaşmada Azərbaycan Milli Elmlər Akademiyası ilə irəliləməyi hədəfləmişik. Bu, "Milli dadlar" portalı ilə kifayətlənmir. Növbəti layihələrimizdə, Millidadlar.az portalında özümüzə geniş imkanlar yaratmışıq. Biz Azərbaycan qastronomiyasının tarixi köklərinə nəzər salmaq üçün portalda bir bölmə hazırlayacağıq.
Qastronomiya tədrisinin bakalavr səviyyəsinə çatdırılması üçün aşpazlıq peşəsinə sənayedə yaranan tələbatı, beynəlxalq standartlara uyğun peşə təhsili ilə qarşıladıqdan sonra qastronomiyanın bakalavr tədris səviyyəsinin təşkilinin hazırlığına başlanılmasına önəm verəcəyik. Pilot regionlarda iaşə obyektlərində çalışan, qastronomiya sahəsinin mütəxəssislərinin əmək fəaliyyətinin turist məmnuniyyətinin artırılmasına xidmət göstərilməsinə dəstək göstərməyi planlaşdırırıq".
Bölmə rəhbəri əlavə edib ki, Azərbaycan qastronomiyasının qlobal miqyasda brendləşməsi istiqamətində addımların atılması üçün yerli səviyyədə keçirilən yarışların regional səviyyəyə qaldırılması və bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq nəzərdə tutulur:
"Həmçinin qastronomiya sahəsinin liderlərinin regionlara səfərinin təşkili şərabçılıq və üzümçülük sahəsində festivallar və dəyirmi masalar keçirilməsi planda var. Beynəlxalq tədbirlərdə milli mətbəxin konseptual tanıtımına önəm verməyi düşünürük. Bundan əlavə, dünyanın qastronomiya sahəsində lider informasiya daşıyıcılarında xüsusi vizual və məzmun təbliğat materillarının yayımını planlaşdırırıq".
S.Əsgərova qeyd edib ki, Azərbaycanın regional qastronomiya imkanlarının inkişaf etdirilməsi istiqamətində beynəlxalq miqyasda təcrübə edilən qastronomiya hadisələrinin, ölkənin qastronomiya regionlarına daşınması planda var:
"Beynəlxalq qastronomiya təşkilatları ilə ölkə üzrə biomüxtəliflik nümunələrini tədqiq edilməsini düşünürük. Qastronomiya üzrə beynəlxalq əmtəə nişanlı turizm məhsullarının yaradılmasını həyata keçirə bilərik".
Məhərrəm Əliyev