Ali Məhkəmə karantin rejiminin uzadılması ilə bağlı məhkəmə proseslərinin keçirilməsi qaydaları ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir:
“Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 avqust 2020-ci il tarixli 278 nömrəli qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 aprel 2020-ci il tarixli 6 nömrəli qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq, 5 avqust 2020-ci il saat 06:00-dan 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinin və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarının inzibati ərazisində fəaliyyət göstərən məhkəmələrə işlərə baxılması ilə bağlı aşağıdakılar tövsiyə edilsin:
Ali Məhkəmədə və apelyasiya instansiyası məhkəmələrində bütün kateqoriya işlərə baxılması davam etdirilsin.
Birinci instansiya məhkəmələri üzrə aşağıdakı işlərə baxılması təmin edilsin:
Mülki və kommersiya mübahisələri üzrə - ailə-nikah münasibətlərindən (nikahın pozulması, aliment, uşaqla ünsiyyət, əmlak bölgüsü və digər), əmək münasibətlərindən irəli gələn və xüsusi icraat qaydasında baxılan mülki işlərə, tərəflərin sayı ikidən artıq olmayan kommersiya mübahisələrinə, əmr icraatına, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraata, habelə bütün kateqoriya işlər üzrə iddianın təmin tədbirləri ilə bağlı məsələlərə.
Digər kateqoriya mülki və kommersiya mübahisələri üzrə isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmaqla məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadəsi davam etdirilsin;
Cinayət işləri üzrə - iki nəfərədək təqsirləndirilən şəxs barəsində olan cinayət işlərinə; Cinayət-Prosessual Məcəlləsinin 51-2-ci maddəsinə müvafiq olaraq məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilməsi mümkün olan digər cinayət işlərinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına, xüsusi ittiham qaydasında şikayət üzrə materiallara; tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında materiallara; qətimkan tədbirlərinin seçilməsi, dəyişdirilməsi, ləğvi, həbsdə, ev dustaqlığında saxlama müddətlərinin uzadılması, ev dustaqlığı qətimkan tədbiri ilə əlaqədar şəxsin üzərinə qoyulmuş vəzifələrin ləğvi, dəyişdirilməsi barədə, habelə məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında verilmiş digər müraciətlərə; hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında təqdimatlara və ərizələrə;
İnzibati xətalara dair bütün kateqoriya işlərə;
İnzibati mübahisələr üzrə - sosial təminat hüququnun həyata keçirilməsi və vergi mübahisələri kateqoriyasına aid işlərə, eləcə də müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi ilə bağlı məsələlərə. Digər kateqoriya inzibati mübahisələr üzrə isə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadəsi davam etdirilsin.
Məhkəməyədək icraat zamanı barələrində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxslər haqqında cinayət işləri məhkəmələrin icraatına qəbul edilsin.
Hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunsun.
Vətəndaşların qəbulu dayandırıldığından qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin.
Məhkəmə fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən müəyyən olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilsin.
Vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunsun. Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılsın və qoruyucu-gigiyenik vasitələrlə təchiz edilsin”.