Oxu.Az publisist Cavid Ramazanovun Ann.Az saytı üçün hazırladığı yazısını təqdim edir:
Bakıda universitetlərin həndəvərində tələbələrə kirayə verilən evlər var. Ev deyəndə, bunları ev adlandırmaq çətin məsələdir. Adətən, bu bir otaqlı, şəraitsiz, sınıq-salxaq qutuları tələbələr öz aralarında “toyuq hini” adlandırırlar.
Bu günlərdə təsadüfən belə bir “toyuq hin”lərindən birində oldum. Bir müddət oturandan sonra ürəyim çırpınmağa başladı, dərhal oradan baş götürüb qaçdım.
Normal sivilisaziyalı adamı, məsələn, hansısa almaniyalı Hansı bu evdə yaşamağa məcbur etsələr, bir həftə keçməmiş bağrı çatlayar və Hans o biri dünyaya vasil olar. Ancaq Bakıya rayonlardan oxumağa gələn minlərlə imkansız tələbə bu toyuq hinlərində, həşərat yuvalarında yaşamağa məhkumdur. Anoloqu olmayan və Avropada bahalı saraylar tikən dövlətin tələbələrə yaşatdığı cansıxıcı, katorqalı əzabın arxasında çox güman, hansısa uzaqgörən siyasət dayanır. Neyləyə bilərik, uzaqgörən siyasətsiz heç cür alınmır. Siyasətə qarışmadığımızdan, gəlin, bu barədə uzun-uzadı danışmayaq, “müdrik” adamlar demiş, siyasət onsuz da oyundu.
Tələbələrdən danışaq. Bir tələbə tanışım var, Bakıda qalmağa ev tapa bilmədiyindən, əşyalarıyla birlikdə küçədə qalmışdı (yazının əvvəlində bəhs etdiyim “toyuq hini”nə onu müvəqqəti yerləşdirməyə getmişdik). Onun küçədə qalması isə çox ibrətamiz əhvalatdır. Möhtərəm camaatımız oğlanlara kirayəyə ev vermir, səbəb onların evə “qız gətirmək” ehtimalının olmasıdır. Əksər hallarda ev kirayələmək istəyən iki ayaqlı erkək məxluqa mənzil sahibinin birinci şərti belə olur: “Evə qız gətirmə, camaatın anası-bacısı var!”
Ya da oğlanlara ev verməkdən, ümumiyyətlə, imtina edirlər, məsələ də həll olunur. Nəinki oğlanların, hətta qızların da Bakıda kirayə ev tapması müşkül məsələyə çevrilib. Bu, təhlükəli subay məxluqlar “evə oğlan sala”, altdan-altdan yüz cür hoqqabazlıqla məşğul ola bilərlər. Belə ehtimalları beşiyindəcə boğmaq üçün, ən yaxşı variant onlara kirayəyə ev verməməkdir...
Otel anlayışı hər zaman müasirliyin, azadlığın simvolu olub. Amma “regionun ən inkişaf etmiş ölkəsi”, “Kosmosa peyk göndərən ölkə” olmaqla öyünən məmləkətin otellərində cütlüklərdən ya nigah, ya da kəbin kağızı tələb edirlər. Bu məsələdə otel rəhbərliklərini bir o qədər də qınamağa dəyməz. Çünki otel rəhbərlikləri polislərdən ehtiyat edirlər. Gözdə-qulaqda olan hüquq mühafizə keşikçiləri hər an otelə, motelə, hostelə basqın edə, orada “əxlaqsızlıq yuvası” kəşf edə və beləliklə də, müəssisədən külli miqdarda pul qoparda bilərlər. Buna görə də otellərdə cütlüklərdən nikah kağızı tələb edirlər ki, rəhbərliyin başı dinc olsun.
Biz insanların bir-biri ilə sevişməsinə düşmən kəsilən ölkədə yaşayırıq. Sevişmək isə təbii ehtiyacdır. İnsanların sevişməyinin qarşısını almaq, ən ibtidai formada desək, tualetin qabağını kəsərək, “burda camaatın anası bacısı var, tualetə getmək əxlaqsızlıqdır!” deməyə bənzəyir. Bu qondarma əxlaq anlayışı xalis komediya janrındadır. Xaricdən eşidən-bilən olsa ki, “Atletiko Madrid” futbol klubunun formasına “Land of Fire Azerbaijan” yazdıran ölkədə sevişməyin qarşısını almaq üçün insanların qapısını, bacasını, yatağını güdürlər, hətta bu ehtimalın qarşısını almaq üçün, kirayəyə ev vermirlər, heç də yaxşı olmaz. Gülməzlər, gülsələr yaxşıdı, klinik ölüm keçirərlər. Adamların həyatıyla oynamaq isə, böyük günahdır...
Bir neçə gündən sonra növbəti dərs ili başlayır, Bakıya on minlərlə işıl-işıl işıldayan, parlaq, məsum gənclər gələcək. “Pray for Somali”, “Pray for Afrika” deyə gecə-gündüz dua edib ağlayanlar var. Gəlin azəri tələbələr üçün də dua edək ki, onların həyatı qondarma əxlaq qanunlarıyla zəhərlənməsin, paytaxt həyatları burunlarından gəlməsin, heç olmasa kirayədə qalmağa normal ev tapsınlar.
Gəlin, dua edək ki, supermen dövlətimiz və hörmətli əhalimiz gənclərə, onların şəxsiyyətinə hörmət etsin, cavanlarla mədəni, insan kimi davranmağı öyrənsin. Yoxsa, minlərlə gənc “toyuq hin"lərində məhv olub gedəcək. İnsanın fiziki cəhətdən ölümüylə mənəvi cəhətdən ölümü arasında isə elə bir fərq yoxdur. Əksinə, mənəvi ölüm bəzən daha depressiv, daha işgəncəli olur. Gəlin dua edək: “Pray for azerbaijani students!”