"Apteklərdə satılan dərman preparatlarının içərisindəki məlumat həddindən artıq uzun və başa düşülməyən stildə yazılır. Xəstə isə bunları oxuyub başa çıxa bilmir".
Oxu.Az-ın məlumatına görə, bunu deputat Səyyad Salahlı Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihələrinin müzakirəsi zamanı bildirib.
O bildirib ki, bu barədə seçicilər ona müraciət edib və narazılıq ediblər:
"Seçicilərim mənə dərmanların təlimatlandırıcı içlik vərəqini veriblər. Qəzet yazırsınız?! Bu qədər izahat olar? Biz hamımız bilirik ki, aptekdən dərman alanda əczaçıya deyirik ki, onun üstünə yaz ki, bunu neçə dəfə qəbul edəcəyəm. Bəzən dərmanla bağlı 10-12 vərəq məlumat yazırlar. Bunu o xəstə oxuyandı? Bunun əsəbləri onsuz da korlanıb, çoxu da yaşlı adamlardı. Bunları mənə camaat verir. Bu mütəxəssislər, həkimlər üçündür ki, istiqamət götürüb xəstəyə yol göstərsinlər. Bunlar xəstəyə lazım deyil, heç kim oxumur. Camaat bunu oxuyanda başa düşməlidir, xalq dilində olmalıdır. Əgər sən bunu dərman qutusunun içinə qoyub xəstəyə satırsansa, onun başa düşə biləcəyi dildə danış".
Samir Əli