Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hazırda Hacı Zeynalabdin qəsəbəsi, Şirvan yaşayış massivində kanal daşan ərazidədirlər.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq FHN-in mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd olunub ki, xilasedicilər evlərini tərk etməyə çətinlik çəkən vətəndaşların təxliyə işlərini həyata keçirirlər.
Eyni zamanda FHN tərəfindən kanalın daşması ilə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb.
@tv.oxu Samur-Abşeron kanalının Sumqayıtdan keçən hissəsindən güclü təzyiqlə axan su yaşayış sahəsinə dolur. Sakinlər təxliyə edilirlər. SamurAbşeronkanalı Daşqın Oxuaz
♬ orijinal səs – oxu.az - oxu.az
Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Şirvan yaşayış massivində yaşayan sakinlərin həyatı və əmlakı üçün ciddi təhlükə yaranıb.
Bu barədə Oxu.Az-a müraciət daxil olub.
Sakinlərin sözlərinə görə, artıq iki gündür Samur-Abşeron kanalının ərazidən keçən hissəsindən güclü təzyiqlə axan su yaşayış sahəsinə dolur. Nəticədə su kütləsi hasar və divarları dağıdaraq evlər üçün çökmə riski yaradıb.
Bildirilir ki, suyun axını hələ də davam edir və vəziyyət getdikcə daha da kritik xarakter alır.
Ərazidə yaşayan sakinlər aidiyyəti qurumlardan təcili müdaxilə və yardım göstərilməsini tələb edirlər.