Xaçmaz-Xudat-Yalama avtomobil yolunun 60-cı kilometrliyində bərpa işlərinə başlanılıb.
Bu barədə Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, selin təsiri nəticəsində yolun zədələnmiş hissəsinin bərpası məqsədilə əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb olunub.
Hazırda ərazidə qazıntı işləri aparılır, selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Məqsəd hərəkətin təhlükəsizliyini təmin etmək və nəqliyyat əlaqəsini tam bərpa etməkdir.
Eyni zamanda, selin yarada biləcəyi risklərin minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlər də həyata keçirilir.
Bərpa işləri Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq davam etdirilir.