Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Sənəd dövründən sənət dövrünə keçirik" - Diplomsuzlar diplomlu kadrların haqqına girirlər?
Günümüzdə əksər müəssisələrdə ixtisaslı, diplomlu şəxslərlə yanaşı diplomsuzlar da fəaliyyət göstərirlər. Diplomsuz işçilər isə iki qismə bölünürlər: potensiallı, bacarıqlı işçilər və tanışlıqdan istifadə edən bacarıqsız işçilər.
Bəs maraqlıdır, diplomsuz işçilərin müvafiq sahələr üzrə çalışması illərlə əziyyət çəkən, gecə-gündüz oxuyan diplomlu şəxslərin haqqına girmək deyilmi?
Bu məsələ necə tənzimlənməlidir?
Oxu.Az-ın əməkdaşı mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov məsələyə belə yanaşıb:
"Bu situasiyada diplomsuz işçinin hansı sənətdə çalışdığına diqqət etmək lazımdır. Elə peşələr var ki, orada təcrübə və qabiliyyət diplomdan üstündür. Bəzi təcrübəli şəxslər ali məktəbi bitirənlərdən daha potensiallı olurlar. Məsələn, ali təhsil haqqında diplomu olan cərrahın insanlara faydası elmlər doktoru, professordan daha çox ola bilər. Ancaq diplomsuz şəxslərin müəllim və ya digər bu kimi peşələrdə çalışması qəti yolverilməzdir. Bu, birbaşa diplomlu şəxsin haqqına girməkdir. Yəni qeyd etdiyim hal bütün peşələrə aid deyil.
Tanışlıqdan istifadə edib hansısa müəssisədə çalışmaq isə çox pis bir şeydir. Onlar hər kəsin haqqına girirlər".
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov vurğulayıb ki, bu kimi məsələlər qanunla tənzimlənir:
"Yəni işə qəbul üçün şəxsin müvafiq sahə üzrə diplomunun zəruriliyi tələb olunur. Universitetlərin fəaliyyəti, ixtisasların da mövcudluğu ona hesablanıb ki, sahəyə uyğun şəxslər işə qəbul olunsun.
Bir insan zamanla təcrübəsini artıraraq biliklərə yiyələnə bilər. Ancaq bütün sahələr üzrə işə qəbul olan şəxslərin diplomlarının olması önəmlidir. Müəssisələrdə sahələr üzrə diplomu olan şəxslərə üstünlük verilməlidir. Əgər əlavə vakansiya qalarsa, digər şəxslərə də baxıla bilər. Bu, həm də haqqın, ədalətin bərpası və obyektivlik baxımından da önəmli nüansdır".
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva isə qeyd edib ki, əmək qanunvericiliyinə uyğun olaraq işə qəbul qaydaları mövcuddur:
"Həmin qaydalara müvafiq müəssisələrdə işə qəbulla bağlı tələblər qoyulur və tənzimlənir. Sözügedən tələblər hansısa müəssisədə pozulursa, bu, əmək qanunvericiliyinin pozulması deməkdir. Buna uyğun olaraq da cəza tədbirləri mövcuddur. Hər hansı bir vəzifəyə qəbul zamanı ali və orta ixtisas sənədi tələb olunursa, tələb ödənilmədən işə qəbulu həyata keçirmək qanunaziddir".
Təhsil eksperti Qoşqar Məhərrəmov problemin mahiyyətini və çıxış yolunu belə izah edib:
"Artıq sənəd dövründən "sənət" dövrünə keçirik. Sertifikatlar, diplomlar əhəmiyyətini itirir. Onların son istifadə tarixi bitir. Bir insanın bacarığı, sənəti, səriştəsi varsa, qabağa gedir. Əmək bazarında bakalavr və ya magistratura məzunu olub, ixtisasını icra edən insan eyni vəzifədə, oxşar səriştələrə malik, universitet bitirməyən şəxslə birgə çalışırsa, magistratura məzunu olan adam daha yüksək maaş almalıdır. Yəni hər ikisi potensiallıdırsa, diplomlu işçinin maaşı yuxarı olmalıdır. Dünyanın bir çox yerində belədir. Beləliklə, insanlar təhsilə təşviq edilirlər. Eyni maaşı almaqla onların haqqı tapdalanır.
Bir qisim tələbələr də var ki, universitetdə vaxt keçiriblər və səriştələri də aşağıdır. Onlar yuxarı maaşa layiq deyillər".
Məhərrəm Əliyev
Rəylər