Tbilisi-Bakı istiqamətində qatar bileti alan bəzi sərnişinlər Azərbaycan Dəmir Yollarının (ADY) onlayn bilet sistemində problemlə üzləşdiklərini bildirirlər.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə müraciət daxil olub.
Şikayətçinin sözlərinə görə, o, 1 avqust 2026-cı il tarixinə nəzərdə tutulan Tbilisi-Bakı reysi üçün bileti ADY-nin rəsmi onlayn sistemi vasitəsilə əldə edib. Ödəniş bank kartından uğurla çıxılıb və elektron bilet təqdim olunub. Lakin sonradan heç bir xəbərdarlıq edilmədən ödənilmiş məbləğ bank kartına geri qaytarılıb. Bundan sonra isə elektron biletin statusu sistemdə "etibarsız" kimi göstərilib.
Vətəndaş bildirib ki, məsələ ilə bağlı ADY-nin qaynar xətti ilə əlaqə saxladıqda ona bildirilib ki, analoji problem təkcə onda deyil, çox sayda sərnişində də müşahidə olunur. Hazırda problemin səbəblərinin araşdırıldığı və nəticə barədə sərnişinlərə məlumat veriləcəyi qeyd edilsə də, indiyədək hər hansı rəsmi açıqlama və ya həll təqdim edilməyib.
Şikayətçi qeyd edib ki, yaranmış vəziyyət beynəlxalq səfərə hazırlaşan sərnişinlər arasında ciddi narahatlıq yaradıb.
Oxu.Az-a açıqlamasında "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə (QSC) əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, yüksək tələbat zamanı eyni vaxtda bir neçə sərnişin tərəfindən bir yerin alınmasına cəhd edilir.

"Bu zamanı seçilən yer üzrə əməliyyat başqa bir sərnişin tərəfindən bir neçə saniyə əvvəl ödəniş edilərək təsdiqləndikdə digər sərnişində əməliyyat tam yekunlaşmır və hesabdan tutulmuş məbləğ bank prosedurlarına uyğun olaraq geri qaytarılır.
Lakin artıq bilet alışı zamanı yer seçimi prosesi üçün 3 dəqiqəlik taymer tətbiq edilir. Belə ki, sərnişin ilk yeri seçdiyi andan etibarən yer seçimi prosesinin tamamlanması üçün 3 dəqiqə vaxt verilir. Qalan vaxt interfeysdə taymer vasitəsilə göstərilir və istifadəçi prosesi başa çatdırmaq üçün nə qədər vaxtının qaldığını görə bilir. 3 dəqiqəlik müddət hər bir yer üçün ayrıca deyil, bütün yer seçimi prosesinə şamil olunur", - deyə B.Hacıyev bildirib.