Bir çox insanlar təhlükəsizlik məqsədilə evlərinin və ya obyektlərinin qarşısında videomüşahidə kamerası quraşdırırlar. Bəs bu addım hansı hallarda qanun pozuntusu hesab olunur?
Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu məhz bu məsələyə həsr olunub.
Ali Məhkəmənin qərarında qeyd olunub ki, hər bir şəxs öz mənzilinin və əmlakının təhlükəsizliyini təmin etmək üçün müşahidə kamerası quraşdıra bilər. Ancaq bu hüququn həyata keçirilməsi digər şəxslərin şəxsi həyatına qanunsuz müdaxilə təşkil etməməlidir.
Qərarda vurğulanır ki, şəxsi həyat anlayışı yalnız mənzilin daxilində baş verən hadisələrlə məhdudlaşmır. Şəxsin mənzilə nə vaxt gəlib-getməsi, onu kimlərin ziyarət etməsi, gündəlik həyat ritmi və görüntülərinin davamlı şəkildə qeydə alınması onun şəxsi həyatına aid məlumatlardır. Buna görə də həmin məlumatların sistemli şəkildə toplanması şəxsi həyata müdaxilə hesab oluna bilər.
Çoxmənzilli yaşayış binasının ümumi istifadədə olan dəhlizini və ya digər mənzillərin giriş hissələrini əhatə edən müşahidə kamerası yalnız həmin dəhlizə çıxan qonşuların razılığı olduqda quraşdırıla bilər. Əgər belə bir razılıq yoxdursa, kameranın bucağı yalnız onu quraşdıran şəxsin mənzilinin giriş hissəsini əhatə etməlidir. Kamera dəhlizi, liftin qarşısını və ya digər qonşuların giriş-çıxışını davamlı şəkildə qeydə almamalıdır. Əks təqdirdə, bu, Konstitusiya ilə qorunan şəxsi həyata müdaxilə sayılır.
Ali Məhkəmə yalnız mənzilin qapısı üzərində quraşdırılmış kameranın görüntü bucağının həmin mənzilin giriş hissəsi ilə məhdudlaşdırılmasını, ümumi dəhlizi və qonşuların mənzillərini əhatə edən digər kameranın isə sökülməsini qərara alıb. Məhkəmə bu yanaşmanı tərəflərin hüquqları arasında ədalətli balansın təmin edilməsinə yönəlmiş zəruri və proporsional tədbir hesab edib.
Məhkəmə hesab edib ki, şəxsin iradəsi xaricində uzun müddət müşahidə olunması və təsvirinin müntəzəm qeydə alınması onda daimi izlənildiyi hissini yarada, psixoloji narahatlıq və mənəvi iztirablara səbəb ola bilər. Belə hallarda şəxsi həyata qanunsuz müdaxilə sübuta yetirilərsə, mənəvi zərərin ayrıca sübut edilməsinə ehtiyac yoxdur. Hüquqazidd müdaxilənin özü mənəvi zərərin mövcudluğu barədə prezumpsiya yaradır və əksini iddia edən şəxs bunu sübut etməlidir.