Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Telekanallarda son səkkiz ayın monitorinqi: Doqquz ciddi pozuntu faktı aşkarlanıb
Bu ilin səkkiz ayı ərzində aparılan monitorinqlərin nəticəsi olaraq, televiziya və radio kanallarının efirində doqquz ciddi pozuntu faktı aşkarlanıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Audiovizual Şuradan bildirilib.
Qeyd edilib ki, həmin faktlara görə yayımçılara bir ümumi açıqlama ilə tövsiyə-xəbərdarlıq (elektron siqaret reklamları ilə bağlı bütün yayımçılara), bir rəsmi xəbərdarlıq (erkən nikahın təbliğinə görə) olunub.
Bundan başqa, dörd yayımçının proqramlarının yayımı müvəqqəti dayandırılıb. Belə ki, ayrıseçkiliyin təbliğinə görə MTV 8 saat, müəllif hüquqlarını pozduğuna görə ATV, ARB və "ARB Günəş"in hərəsi 3 saatlıq yayımı dayandırılıb.
Həmçinin "Səhiyyə TV"də reklamda müvafiq lisenziya məlumatlarının verilməməsinə görə iki protokol, İTV-də "18+" kateqoriyalı məzmunun 6:00-23:00 aralığında verilməsinə görə bir protokol tərtib olunaraq məhkəməyə göndərilib.
Məlumatda, həmçinin bildirilib ki, texniki xəta səbəbindən yaranmış pozuntular da olub, buraya səhər efirində dövlət himninin səsləndirilməməsi (4 fakt), reklam yayımı ilə bağlı (58 fakt), sponsorluqla bağlı (36 fakt), dövlət dili ilə bağlı (3 fakt), məhkəmə qərarı olmadan hər hansı şəxsin günahkar adlandırılması ilə bağlı (2 fakt), hüzn günü ilə bağlı (4 fakt) texniki pozuntular daxildir.
"Belə pozuntular qeydə alınan kimi həmin yayımçılara bildirişlər göndərilib və xətanın aradan qaldırılması təmin olunub", - deyə məlumatda qeyd edilib.
Şuradan, həmçinin məlumat verilib ki, televiziya kanallarındakı məzmunla bağlı vətəndaş müraciətləri də olub, ümumi olaraq şuraya 44 yazılı, 22 telefon müraciəti daxil olub:
"Həmin müraciətlərdən 62-də yayımda baş vermiş hal vətəndaşlar tərəfindən pozuntu kimi təfsir olunsa da, təkrar monitorinq nəticəsində pozuntu halı təsbit olunmamış və vətəndaşlara müvafiq məlumat verilib. 4 müraciətlə bağlı pozuntu faktı (reklam və sponsorluqla bağlı 3, "18+" kateqoriyası ilə bağlı bir pozuntu) təsdiqlənib, bununla bağlı qanunvericiliyə uyğun olaraq bəzi hallarda yayımçılara müvafiq tövsiyə verilib, bəzi hallarda sanksiya tətbiq olunmuş və həmin vətəndaşlara bununla bağlı məlumat verilib".
"Audiovizual Şura" teqi üzrə xəbərlər
- Audiovizual Şura: "Matəm günü ilə əlaqədar televiziyaların proqramında DƏYİŞİKLİK ediləcək"
- Audiovizual Şuranın sədri mərakeşli həmkarı ilə qarşılıqlı əməkdaşlığı müzakirə edib
- İsmət Səttarov: "Qərəzsiz informasiya əldə etmək üçün media savadlılığına ehtiyac var"
- "Media savadlılığı" konfransının açılış mərasimi keçirilib
- Audiovizual Şura bəzi platforma operatorlarında nöqsanlar aşkarladı
Rəylər