2015-ci ildən etibarən Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları dəyişəcək. Yeniliklər müzakirə olunduqdan və Ədliyyə Nazirliyində qeydiyyata götürüləndən sonra elan olunacaq.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, 2015-ci ildən etibarən Azərbaycanın orta məktəblərində TQDK tərəfindən keçirilən buraxılış imtahanlarında fənlərin sayı artırılacaq.
Onun sözlərinə görə, müəyyən fənlər əvvəldən elan ediləcək və şagirdlərin onlardan 2-3-nü seçmək imkanı olacaq:
“Bununla da, şagirdlər 4-5 fəndən-imtahan verəcəklər.
Bunlardan 2-si əvvəldən TQDK-nın müəyyənləşdirdiyi Ana dili və Riyaziyyat olacaq, digər 2 və ya 3 fənni isə şagirdlər özləri seçəcək. Seçiləcək fənlərə “Azərbaycan tarixi”, “Azərbaycan coğrafiyası”, “Biologiya”, “Kimya”, “Fizika”, xarici dil daxil ediləcək. Artıq hüquqi müstəvidə fənlərin artırılması həll olunub”.
Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, 2014-cü tədris ilində əvvəlki illərin məzunları ali məktəblərə qəbul imtahanlarını aprel ayında verəcək:
“Biz nəzərdə tutmuşuq ki, əvvəlki illərin məzunları qəbul imtahanlarını yayda deyil, apreldə versinlər. Onların balları apreldə də məlum olacaq. Təbii ki, əvvəlki illərin məzunları müsabiqədə bu ilin məzunlarla birgə iştirak edəcəklər. Bu ilin məzunlarının balları məlum olduqdan sonra müsabiqə yerləri elan ediləcək və onlar müsabiqədə iştirak edəcəklər. Beləliklə, biz imtahan prosesini yay prosesində daha çevik keçirə biləcəyik”.
TQDK sədri qeyd edib ki, gələn ildən etibarən ediləcək daha bir yeniliyə əsasən, 2014-cü ilin 9-cu sinif məzunları buraxılış imtahanlarının nəticələrinə görə, istəsələr 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul olunacaqlar. Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları yalnız əvvəlki illərin məzunları üçün keçiriləcək.