Teymur Məmmədov yazır...
Bu dünyada hər şeyin öz adı var. Yerin və göyün, gülün və çiçəyin, daşın və qayanın, səhranın və ümmanın. Bu dünyada hər işin öz adı var. Yaxşı və pis əməlin, uğur və uğursuzluğun, qaranın və ağın, harayın və sükutun öz adı olduğu kimi.
Ətrafımızda hər ünsürün - məkanın, əşyanın, canlının, cücünün, dinozavrın, gözlə görünməyən ən kiçik hissəciyin öz adı olduğu kimi. Adlar mənsub olduqları subyektin xarakterik xüsusiyyətlərini təcəssüm etdirirlər.
Hər bir insanın da öz adı var. Bəzən ləqəbi də olur… Bütün hallarda kimliyin meyarı kimi bir ad deyilən fərdi ünvan var. Elə adlar var ki, ölkələrə şərəf gətiriblər. Elə adlar var ki, bir xalqın başını aşağı ediblər. Çünki bu dünyada adsız olmaq olmamaq deməkdir.
Bu günlərdə həm maraqlı, həm də acınacaqlı yanaşmanı əks etdirən məlumatla qarşılaşdım. Maraqlı olması heç də məna yükündən deyil, yüksüzlüyündən irəli gəlirdi.
Bizim gerçəklikdə bəzən ciddi məsələlərə o qədər qeyri-ciddi yanaşılır ki, insanların sosial yönümdən deyil, yalnız fizioloji baxımdan boy atdığını düşünməli olursan…
Əvvəlcə bu əcaib sözlərin boy-buxununa nəzər salın. Hamısı bir-birindən dayaz və gülüncdür: Piriş, Odumi, Xeyirxəbər, Həftik, Bostan, Ramen, Yaşasin, Hərdəm, Serra, Nigah, Qansız, Nicəliş, Görüş, Qiymətəli, Göygöz və Məşti…
Hərdən elə düşünmək olar ki, bunlar yeni yazılan komediyalardan götürülən obrazların adlarıdır. Bəlkə də, bu adlar ev heyvanları üçün düşünülmüş ləqəblər kimi təsir bağışladı?
Bu intellekt dayazlığı və primitiv kreativ düşüncə məhsulları nədən qaynaqlanır? Bəlkə də, biz heç XXI əsrdə yaşamırıq?
Bu və buna bənzər yüzlərlə digər üzdəniraq adlar valideynlər tərəfindən yeni doğulan uşaqlara ad kimi təklif olunmuşdu. Nə yaxşı ki, müvafiq qurumlar bunları obyektiv və təmkinlə nəzərdən keçirmiş və dəstəkləməmişlər...
İnsan adları, coğrafi adlar, məhsul adları minilliklər boyu formalaşan və təkmilləşən prosesdir. Qədim türk qəbilələrində ad verilməsinə xüsusi diqqət yetirirdilər. İnsanı yaşadığı cəmiyyətdə uşaqlıqdan gələcəyə daşıyan adlar bir həyat səhifəsi kimi nəslin tarixində önəmli yer tuturdu.
Adlar insanı şücaətə, qəhrəmanlığa səsləyir, həvəsləndirir, bu adı doğrultmaq bir həyat amalına və can atılan bir hədəfə çevrilir.
Altaylılarda insana ad verilməsi nəslin həyatında əlamətdar bir hadisəyə çevrilirdi. Əvvəla, ad yeddi nəsil dəyişəndən sonra təkrar oluna bilərdi. Bu dövrdə nəsildəki bütün adları bilirdilər. İkincisi, yeni ad təkrarçılıqdan uzaq olduğuna görə diqqəti cəlb edirdi, yadda qalırdı, fərqli olurdu. Üçüncüsü, dil yeni sözlərlə zənginləşirdi.
Aleutlar - ucqar şimal xalqları uşaq doğulandan sonra evə ilk gələn adamın adını körpəyə verirdilər.
Kumandinlərdə adı yaşlı adamlar verirdilər. Uşaqlıqda körpəyə pis niyyətli ruhların acığına keçici ad verirdilər. Qız üçün nənələr, oğlan üçün adı babalar düşünürdülər.
Şors tayfalarında adı ata-ana və ya evə təsadüfən gəlmiş qonaq və ya qohum da verə bilərdi.
Xakaslar uşaq doğulandan üç ay sonra ona ad qoyurdular və bu, bayrama çevrilirdi. Əksər hallarda dayının adını oğlana verirdilər. Bəlkə, buna gorə deyirlər, yaxşı igid dayısına oxşayar. Dayı olmayanda adı yarışma yolu ilə təsdiqləyirdilər. Ən yaxşı ad verənə gözəl paltar bağışlanılır və at bəxşiş olunurdu.
Altaylılar uşağa ruhların qəzəbinə gəlməmək üşün aldadıcı adlar verirdilər, uşaq tez-tez xəstələnirdisə, onun adını dəyişirdilər. Sonra yeni, daha ləyaqətli ad verilirdi və bəzi hallarda adı 4-5 yaşında olan uşaqlar özləri seçirdilər. Bu zaman uşağın xarakteri əsas götürülürdü.
Dünyaya gələn körpələrə ad verilməsi ciddi sosial problemdir. Təqdirəlayiq haldır ki, buna ciddi dövlət nəzarəti var. Belə ki, cari ilin aprel ayı ərzində “Adlar və Soyadlar üzrə Xüsusi Komissiya”da adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan müraciətlərə baxılıb.
Qurumda müzakirələrdən sonra müraciətlərdə qeyd olunan və yuxarıda sadaladığımız 16 adın qoyulması tövsiyə edilməyib. Bu minvalla valideynlərin övladlarına qondarma ad qoymaq cəhdlərinin qarşısı alınıb:
“Valideynlər tərəfindən adların seçilməsinə ciddi diqqət yetirin. Affirmasiya kimi daim təkrar etdiyimiz uşaq adları onlara adın məna yükünü təkrar-təkrar təhdid edir. Boya-başa çatan ölkə vətəndaşlarının adlarla yaşaya bilməsini, utancaqlıq hissi ilə öz adlarına mənfi reaksiya verməsini, həmin adamların daim psixoloji təzyiq altında olmasını, hər dəfə öz adlarını tələffüz edərkən, nələr çəkdiklərini təsəvvür etmək çətin deyil”, - deyilib.
İnsanlar həyat qururlar, nəsil artırmaq istəyi ilə yaşayırlar, aylarla övlad gözləyirlər, dünyaya gətirdikləri uşaqlara ad verəndə niyə bu qədər köməksiz?