Sentyabrın 23-də Polşanın paytaxtı Varşavada ATƏT-in zirvə toplantısında fundamental azadlıqlar mövzusu müzakirə olunub. Tədbirlə bağlı iki gündür mediada fərqli informasiyalar yayılıb.
Bunlardan biri ADİHİ rəhbəri Əhməd Şahidova aiddir. Ə.Şahidovun yaydığı xəbərə görə, o, Cənubi Qafqaz ölkələrində sərbəst toplaşmaq azadlığı barədə çıxışa hazırlaşsa da, özündən əvvəl çıxış edən erməni QHT rəhbərinin Dağlıq Qarabağı “müstəqil və demokratik ölkə” kimi təqdim etməsinə etiraz əlaməti olaraq, mövzusunu sırf Ermənistan üzərində qurub. Serj Sərkisyan rejiminin işğalçı və diktator mahiyyətini ortaya qoyub. Ə.Şahidovun təqdimatına görə, o, çıxış edərkən, azərbaycanlı jurnalist Xədicə İsmayıl 10-a yaxın erməni dostuna işarə edib və onlar Əhməd Şahidovun arxasında düzülərək, arxalarını ADİHİ rəhbərinə çevirərək, bir növ çıxışa etiraz edib. Hüquq müdafiəçisi bu reaksiyaya baxmayaraq, çıxışını davam etdirib.
Ə.Şahidov facebook profilində baş vermiş hadisəni belə şərh edib: “Xədicə İsmayıl və onun erməni həmkarlarının mənə qarşı xaincəsinə təxribat cəhdi foto və videolarla…”
Daha bir statusunda isə qeyd edib ki, “ATƏT-in Varşava toplantısında bu erməni QHT nümayəndəsinin çıxışına etiraz etmişdim. Adam deyir ki, Dağlıq Qarabağ "müstəqil və demokratik bir ölkədir, hətta Azərbaycandan daha çox inkişaf edib". Xədicə İsmayıl nəinki onun çıxışına etiraz edir, hətta onun yanında əyləşir”.
Hadisə ilə bağlı X.İsmayıl da facebook profilində öz fikirlərini yazıb. Xanım jurnalist öncə bir əcnəbi xanımın fotosunu paylaşaraq aşağıdakıları qeyd edib: “Bu qızın adı Anna İnnocentidir. İtaliyandır, İsveçrədə yaşayır. İnsan Haqları Evində işləyir. Aksiyanı o, təşkil etmişdi. Aksiyada bir nəfər də olsun erməni iştirak etməyib. Deyirəm ki, hökumət mediası yazıb ki, aksiyanı ermənilər təşkil edib. Hirsləndi. Deyir, ömrümüzdə bir dəfə bir italyan dünyada insan haqları üçün yaxşı nəsə eləyib, onu da ermənilərin adına çıxdılar”.
X.İsmayıl eyni zamanda aksiya ilə bağlı status da yazıb. Qeyd edib ki, aksiyanı İnsan Haqları Evi təşkil edib. ATƏT-in tədbirində üzərində Rəsul Cəfərov, İntiqam Əliyev, Leyla Yunus və başqa məhbuslara azadlıq şüarı yazılmış t-shirtler geyinərək, iclas boyu ayaq üstə dayanıblar.
Tədbirə aid foto və videoları təqdim edirik.




musavat.com