Yanvarın 27-də Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozaraq mövqelərimizi ətəşə tutması nəticəsində döyüş növbəsində xidməti vəzifəsini yerinə yetirərkən şücaət göstərərək şəhid olmuş leytenant Səbuhi Əzizov dünən doğulduğu Qobustan rayonunun Təkləmirzəbaba kəndində dəfn edilib.
Oxu.Az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, vida mərasimində Müdafiə Nazirliyi Hərbi-psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini polkovnik Abdulla Qurbani gənc zabitin Vətənə xidmət peşəsinə həsr etdiyi qısa, lakin şərəfli ömür yolundan, onun yüksək əxlaqi-mənəvi, iradi keyfiyyətlərindən danışıb və qeyd edib ki, Səbuhi Əzizov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunu olub.
O, 2012-ci ildən cəbhə bölgəsindəki hərbi hissələrdən birində tağım komandiri kimi vəzifəsinin öhdəsindən layiqincə gəlirdi. Ömrü yarıyolda qırılsa da, leytenant Əzizovun xatirəsi qədirbilən xalqımız və Milli Ordumuzun əsgər və zabitləri tərəfindən həmişə əziz tutulacaq, onun qisası artıqlaması ilə düşməndən alınacaq və qanı yerdə qalmayacaq.
Şəhid zabitimiz Səbuhi Rüstəm oğlu Əzizov Azərbaycan Respublikası Prezidenti adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.
Şəhidin ailəsinə dərin hüzndə başsağlığı verən general zabitin ölümündən sonra layiq görüldüyü medalı onun atasına təqdim edib.
Vida mitinqi başa çatdıqdan sonra şəhid zabitin cənazəsi fəxri qaravulun və böyük izdihamın müşayiəti ilə kənd qəbiristanlığında əsgəri ənənələrə uyğun olaraq yaylım atəşlər altında son mənzilə uğurlanıb.
Tabut üzərinə sərilmiş üçrəngli Dövlət Bayrağı əbədi xatirə saxlanılması üçün şəhidin ailəsinə təqdim edilib.