O, cəmiyyətdəki problemli məsələləri göstərmək üçün onları video ilə təqdim etmək üsulunu seçib. Videobloqer bu sahəni dırnaqarası vəziyyətə salan əksər bloqerlərdən fərqli olaraq, videoları ilə ciddi mesajlar ötürür və izləyicilərin diqqətini çəkməyin mümkün olduğunu göstərir.
Oxu.Az “Instagram”da “Rafinsh” adı ilə fenomenə çevrilən Rəfin Cəfərovla müsahibəni təqdim edir:
- Özünüz barədə məlumat verin, zəhmət olmasa.
- Rəfin Cəfərov, 25 yaşım var. 2015-ci ildə dəniz neft-qaz mühəndisliyi fakültəsini bitirib əsgər getdim, 2016-cı ildə qayıdıb magistratura təhsilimi davam etdirdim. 2018-ci ildə magistraturanı bitirdim.
- Niyə “Rafinsh”?
- Anamın soyadı Şaxmalıyevadır. Soyadımı dəyişib onu götürmək istəyirdim, uzun məsələ idi, sənədləri dəyişmək lazım idi. Mən də Rafin + ş, “Rafinsh” etdim.

- Bu işə necə başladınız?
- Hərbi xidmətdən qayıdandan sonra başladım. Əvvəllər qısametrajlı filmlər çəkmək istəyirdim, şərait yox idi. Video daha çox insana çatdığı üçün bu üsulu seçdim. Status yazsam, uzağı 500 nəfər görəcək, video şəklində çəkəndə isə minlərlə insan görür.
- Texniki məsələlərlə özünüz məşğul olursunuz?
- İşə təzə başlayanda telefonla çəkiliş edib montaj edirdim, komanda genişləndikcə montajçı və operator əlavə olundu.
- Sizi cəmiyyətdə nələr narahat edir?
- Problem çoxdur. Ən çox gənclərin yaşam tərzi məni narahat edir. Ölkədə gənclər üçün əyləncə vasitəsi azdır, gənclərin marağını cəlb etmək barədə düşünülmür. Beləcə, gənclər əyləncəni kompüter oyunları və qəlyanda tapırlar. Bu, onların günahı deyil.
Ən ucuz yemək dönərdir, beş addımdan bir dönərxanadır. Yazıq tələbə nə etsin? Pulu ancaq dönərə çatır.
- Sizcə, cəmiyyəti hansı vasitələrlə dəyişdirmək, inkişaf etdirmək olar?
- Bunun üçün yaxşı addım, taktika lazımdır, yəqin ki. Problemi gündəmə gətiririk, amma həll yolunu göstərmirik.
- Çəkdikləriniz içində ən bəyəndiyiniz videolarınız hansılardır?
- “Sorğu”, “Allah kömək olsun” və b. Bəzən hadisələr yanımda baş verir və görürəm ki, mövzu düşünməyə ehtiyac yoxdur.
- Gənclərə tövsiyələriniz?
- Çətin olsa da, gənclər hər şeydə: yeməkləri, içməkləri, oxuduqları kitablar, baxdıqları filmlər, qulaq asdıqları mahnılar, izlədikləri səhifələrdə diqqətli olmalıdırlar. Bunlar hamısı insanı formalaşdırır.
Oxuyun, risk edin, bir iş görmək istəyirsinizsə, görün. Əsas odur, nəsə edin. Boş-boş oturub “kimsə edər” deməyin.
- Gələcək üçün planlarınız nələrdir? Film çəkmək fikriniz var?
- Dünyanı gəzmək, turlarda iştirak edib başqa ölkələrin baxışları, mentalitetləri, adətlərini öyrənib dünyagörüşümü artırmaq istəyirəm. Həyatda ən çox istədiyim budur.
Film çəkmək istəyərəm, amma asan iş deyil, detallara fikir vermək lazımdır. Burada xüsusən çətindir, hər şeyi yola verirlər, “filan qədər məbləğdə pul var, görək, nə edirik, onu tapa bilmiriksə, başqa nə iləsə əvəz edək”. Belə iş olmamalıdır, ciddi yanaşmalıdırlar. Sırf kommersiya tərəfdən baxdıqları üçün “tez yola verək, hazırlayaq, əsas treyleri maraqlı olsun, bilet satılsın” fikri ilə yanaşırlar və sonda zəif iş alınır.
Film çəksəm, gec çəkilər, istədiyimi alana qədər davam edərəm. Bunun üçün çoxlu pul və öz cibini düşünməyən, ağlında “bu puldan mənə bu qədər qalır?” fikri olmayan insanlarla iş görmək lazımdır. Özlərini fikirləşməməlidirlər, ortaya yaxşı iş çıxarmaq üçün əziyyət çəkib tərləməlidirlər. Bu, olmayanda gördüyün iş gözəlliyini itirir.
Asan yolu seçmək istəmirəm. Mənim üçün əsas yaradıcılıqdır. Başqaları kimi olmayım, onu edən var, niyə onun yolunu davam edim? Fərqli edim, daha maraqlı olsun. Özümə görə auditoriya yığılacaq onsuz da, az olsa da, mənim üçün maraqlı olacaq.
Nəzrin Həsənova