Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Xanımları ən çox həyəcanlandıran hədiyyələr - “KASPİ”nin SORĞUSU + FOTO
8 Mart - Beynəlxalq Qadınlar Günündə kişiləri ən çox düşündürən sevdikləri, dəyər verdikləri xanımlara alacaqları hədiyyələrdir. Zövqlər də, istəklər də, imkanlar da fərqlidir. Bəzi xanımlar üçün xoş bir söz ən dəyərli hədiyyə sayılırsa, digərinin arzusu maddiyyatdan yanadır.
Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
Martın 8-i Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Bu bayramın da əsas xüsusiyyəti qadınların hansısa bir formada qiymətləndirilməsidir. Bu qiymətləndirmələrin ən populyarı qadınlar üçün hədiyyələrin alınmasıdır. Hələ qədim Romada evli qadınlar ərlərindən hədiyyələr alır, sevgi və diqqətlə əhatə olunurdular. Qullara da hədiyyələr təqdim olunur, evin sahibəsi dincəlmələrinə icazə verirdi. Ən yaxşı paltar geyinmiş, başlarında ətirli çələnglər olan romalı qadınlar ilahə Vestanın məbədinə gedirdilər. Bu ənənə hazırda da davam edir. Əksər azərbaycanlı kişilər də dəyər verdikləri xanımlara bayram günü müxtəlif hədiyyələr almağa çalışırlar. Amma təbii ki, zövqlər də, istəklər də, imkanlar da fərqlidir. Bəzi xanımlar üçün xoş bir söz ən dəyərli hədiyyə sayılırsa, digərlərinin arzusu fərqli olur. Biz də tanınmış xanımlarımızın hədiyyə istəklərini sorğuladıq. Soruşduq ki, bu gün onlara hansı hədiyyələr alınsa, daha xoşbəxt olarlar? Bu sualı öz sahəsində uğur əldə etmiş xanımlarımıza ünvanladıq.
“Ən böyük hədiyyəm layiq görüldüyüm “Tərəqqi” medalıdır”
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın sözlərinə görə, onun üçün ən böyük hədiyyə Prezidentin sərəncamı ilə layiq görüldüyü “Tərəqqi” medalı olub:
“Doğmalarımdan hədiyyə alsam, sevinərəm. Mənim üçün önəmli olan diqqətdir. Sevdiklərimin ətrafıma toplaşmağı, birlikdə əylənməyimiz mənim üçün ən böyük dəstəkdir. Bir də ən böyük hədiyyə dəstək göstərdiyim qadınların mesajlarıdır”.
Bu il üçün isə arzusu bağ evi hədiyyə edilməsidir
Psixoloq Samirə Bağırova deyir ki, bu illər ərzində onu ən çox sevindirən hədiyyə bayram günü aldığı maşın olub. Bu il üçün isə arzusu bağ evi hədiyyə edilməsidir:
”Mənə görə, ən yaxın insan üçün hədiyyənin önəmi var. Çünki özüm də zövq oxşayan hədiyyə seçməyə çalışıram. Tanışlara, məsafəli insanlarla isə sözlə də diqqət ayırmaq kifayətdir”.
Sevinc Cəfərzadə hansısa hədiyyə aldığını xatırlamır
Futbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin kapitanı Sevinc Cəfərzadə bildirib ki, 8 Martda hansısa hədiyyə aldığını xatırlamır. Çünki uzun illərdir xaricdə, sevdiklərindən uzaqda yaşayır:
“Düşünürəm ki, bu il də hədiyyə ala bilməyəcəyəm. Əzizlərimin xoş sözü mənim üçün yetərli olar. Mənim üçün əsas diqqətdir. Hədiyyə də gözəldir. Amma istəmərəm ki, kimsə sonuncu pulunu verib hədiyyə alsın. Ona görə də təbrik etmək üçün bir neçə cümlə də kifayət edər”.
“Dörd manatlıq nərgiz buketi də ən böyük hədiyyə ola bilər”
Aparıcı Jalə Həsənli isə kitab və şərf hədiyyələri almağı çox sevdiyini qeyd edib:
“Bu il də belə hədiyyələr alınsa, sevinərəm. Hədiyyə əsas deyil, mənə görə əsas olan xatırlanmaqdır. Dörd manatlıq nərgiz buketi də mənim üçün ən böyük hədiyyə ola bilər”.
Hədiyyə almağı deyil, verməyi sevən xanımlar da var
Həkim pediatr Aytən İsmayılzadə 8 Martda hədiyyə verməyi daha çox xoşlayır:
“Anamı, müəllimlərimi, yaşlı qadınları, ətrafımdakı xanımları sevindirirəm. Amma sevincimə səbəb olan xüsusi bir hədiyyə aldığımı xatırlamıram. Mənim üçün hədiyyənin fərqi yoxdur. Hədiyyə verəndə də, alanda da sevinirəm. Əsas diqqətdir. Arzulayardım ki, hədiyyələr dəyərli və lazımlı olsun. Məsələn, kiminsə anası həkimə getmirsə, ona həkim qəbulu, yoxlanış hədiyyə edə bilərlər”.
Əməkdar artist Elnarə Abdullayeva isə düşünür ki, insanın insana verdiyi hədiyyələrin əhəmiyyəti yoxdur:
“Mənim üçün ən dəyərli olan Allahın verdiyi hədiyyələrdir. Hələ mənə özümdən daha dəyərli hədiyyə verən olmayıb”.
"Elnarə Abdullayeva" teqi üzrə xəbərlər
- Elnarə Abdullayevadan qızı barədə bəd xəbərə münasibət: "Axı yaxşı deyil!"
- Elnarə Abdullayevanın bir müddət əvvəl toyu olan qızı reanimasiyaya yerləşdirildi
- Əməkdar artist Elnarə Abdullayevanın qızının toyudur
- Elnarə Abdullayevanın qızının toyudur
- Bazarda işləyən müğənni: “Efirə çıxandan sonra işimi itirdim” - VİDEO
Rəylər