"Sənədləri düzgün təqdim edən namizədlər növbəti mərhələ olan müsahibəyə dəvət olunurlar. Müsahibə 20 dəqiqəlik olub, üç ekspert tərəfindən aparılır. Qiymətləndirmə - oxuyacaqları ixtisas üzrə bilik-bacarıqları, özünüifadə və kommunikasiya bacarıqları üzrə aparılır. Bu qayda bakalavriat, magistratura və doktorantura səviyyələri üçün ümumidir. Yalnız doktorantura səviyyəsində əlavə olaraq tədqiqat aparmaq bacarığı da nəzərə alınır".
Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ötən illə müqayisədə bu il Dövlət Proqramına qəbul olunan magistr tələbələrinin sayı artıb:
"2024-cü ildə proqram üzrə yalnız bakalavriat və magistratura səviyyələrində seçim həyata keçirilirdi və cəmi 400 gənc qəbul olunmuşdu. Prezidentin sərəncamı ilə bu ildən etibarən doktorantura səviyyəsi də əlavə edilib və qəbul sayı 500 nəfərə çatdırılıb. Bu baxımdan, ötən illə bu ili müqayisə etmək tam düzgün olmaz.
Bu il də əvvəlki illərdə olduğu kimi, tələbələr dünyanın nüfuzlu ali təhsil müəssisələrindən qəbul alıblar. Üç əsas beynəlxalq reytinq cədvəli - QS, "Times Higher Education" və "Academic Ranking of World Universities" (ARWU) əsas götürülür. Bu il siyahıya ilk dəfə daxil olan universitet yoxdur, çünki reytinq siyahılarında əhəmiyyətli dəyişiklik olmayıb".
Məhərrəm Əliyev