Yanvarın 26-sı “Silahları üstümüzdən çəkin!” aksiyasında 400 manat cərimələnən və cəriməni ödəməkdən imtina etdiyi üçün ictimai işlərə cəlb olunan jurnalist Xədicə İsmayıl bu gün cəzanın icrası ilə bağlı məhkəmə qərarlarının icrası şöbəsinə çağırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist şəxsi profil səhifəsində yazıb.
Jurnalistin sözlərinə görə, kəsilmiş cəriməni ödəməkdən imtina etdiyi üçün 220 saat ictimai işlər cəzasına məhkum olunub və bu gün həmin cəzanın icrası ilə bağlı məhkəmədə olub:
“Bu gün həmin cəzanın icrası ilə bağlı Məhkəmə qərarlarının icrası şöbəsinə çağırılmışdım. Getdim. 220 saat dalandar və ya süpürgəçi işi görmək təklif olunur. İzah etdilər ki, dalandar - arxa küçələri, süpürgəçi mərkəzi küçələri süpürür. Mən yəqin ki, sabah gedib süpürgəçi işini görəcəyim barədə iltizam verəcəyəm. Növbəti həftədən işə başlayacağıq. Gündə 4 saat bu işi görmək öhdəliyim var” – deyə, X.İsmayıl yazıb.