Azərbaycan intellektual oyunlar hərəkatının ilk anadilli intellektual klubu – Xəzər İntellektual Gənclər Klubu yaranmasının 16-cı ildönümünü qeyd edir.
Oxu.Az xəbər verir ki, klubun əsası 2001-ci il aprelin 14-də Bakı Dövlət Universitetinin bir qrup tələbəsi tərəfindən qoyulub. Klub oyunlarına doğma Azərbaycan dilində ilk “Nə? Harada? Nə zaman?” oyunu ilə başlayıb və həmin tarixdən bu günədək fasiləsiz fəaliyyət göstərir.
Xəzər İntellektual Gənclər Klubu “Nə? Harada? Nə zaman?”, “Breyn-rinq”, “Xəmsə”, “Fərdi oyun” kimi intellektual oyunlar keçirir. Bundan əlavə, ildə bir neçə dəfə intellektual oyunlar üzrə ölkə miqyaslı turnirlər və festivallar təşkil olunur. Onlara misal olaraq Ağıl Oyunları, İntellekt Marafonu, Çağırış Kuboku, Regionlar Kuboku, Azərbaycan çempionatı və kuboku kimi yarışları göstərmək olar. Klubda hazırda 4 liqa - “Peşəkar İntellekt Liqası”, “Universitet Liqası”, “Regional Liqa” və “Məktəb Liqası” fəaliyyət göstərir.
Mövcud olduğu illər ərzində 19 mindən çox gəncin maariflənməsində iştirak edən klub universitetlərdə və ölkəmizin müxtəlif regionlarında intellektual oyunlar üzrə klubların yaradılmasını təşfiq edib. 16 illik fəaliyyət dövründə əldə olunan nəticələrlə kifayətlənməyən klub hazırda yeni layihələr üzərində çalışır.
Klubun həyata keçirdiyi layihələrlə “Facebook” səhifəsi və “YouTube” internet kanalında ətraflı tanış ola bilərsiniz.
Aytən Sadıqzadə
www.oxu.az