Abşeron rayonunun Xırdalan şəhərində kanalizasiya suyunun küçəyə axmasının qarşısı alınıb.
Məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Regional Su Meliorasiya QSC-dən verilib.
Qeyd olunub ki, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində kanalizasiya xəttində yaranmış tutulma ilə əlaqədar Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib və mövcud vəziyyət araşdırılıb.
"Aparılan operativ tədbirlər nəticəsində kanalizasiya xəttində yaranmış tutulma aradan qaldırılıb, ərazidə müşahidə olunan problem tam şəkildə həll edilib. Hazırda qeyd olunan ərazidə kanalizasiya sisteminin fəaliyyətində hər hansı problem müşahidə olunmur", - deyə məlumatda bildirilib.
Abşeron rayonunun Xırdalan şəhərində kanalizasiya problemi sakinlərin narazılığına səbəb olub.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) şikayət daxil olub.
Bildirilib ki, Məhəmməd Hüseynzadə küçəsində təxminən iki ildir kanalizasiya borusundan mütəmadi olaraq çirkli su küçəyə axır. Problem aradan qaldırılması üçün görülən işlər qısamüddətli olur. Bir müddət sonra kanalizasiya yenidən daşmağa başlayır.
"Yaranmış vəziyyət küçədə hərəkəti çətinləşdirir, antisanitariya şəraiti yaradır və ərazidə yaşayanların gündəlik həyatına mənfi təsir göstərir. Sözügedən küçə Heydər Əliyev prospektindən cəmi 50 metr aralıda yerləşir. Kanalizasiya suları prospektə də axır ki, bu da ətraf mühit və insanların sağlamlığı üçün potensial təhlükə yaradır", - deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.