Hakim Yeni Azərbaycan Partiyası (YAP) Astan Şahverdiyevin qalmaqala səbəb olan fikirlərinə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, partiyanın icra katibliyinin müşaviri, İdarə Heyətinin üzvü Kərim Kərimov Report-a açıqlamasında deyib ki, Rusiyaya pul qazanmağa gedənlərlə, Azərbaycana kömək edənlərlə bağlı aşağılayıcı sözlər işlətmək düzgün deyil:
“Astan Şahverdiyev Yeni Azərbaycan Partiyasının üzvüdür, dediklərini doğru hesab etmirəm. Onun fikirlərinə ümumi yanaşma necədirsə, mənim də yanaşmam elədir... Azərbaycan tanıdan, diasporunu yaradan insanlar haqqında təhqiramiz fikirlər səsləndirmək olmaz”.
Qeyd edək ki, A.Şahverdiyevin iki gün öncə “Azadlıq radiosu”na verdiyi müsahibə qalmaqala səbəb olub. Deputat müsahibəsində Biləsuvarda məskunlaşan Cəbrayıl rayonundan olan bəzi etirazçı məcburi köçkünləri “nəşəli”, “içkili” adlandırıb. O, Rusiyaya işlə bağlı gedənlər barədə də “otxod” ifadəsini işlədib.
E.Ə.
www.oxu.az