Bakının Yasamal rayonunda parklanma nişanının görünməməsi sürücünün cərimələnməsinə səbəb olub.
Bununla bağlı Oxu.Az-ın qaynar xəttinə şikayət daxil olub.

Qeyd olunub ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib. Sürücü parklanma nişanının ağacın budaqlarının arasında qaldığını, bu səbəbdən nişanı görmədiyini bildirib.
"Ağacın budaqları üstünü örtdüyü üçün nişan görünmür, avtomobili həmin ərazidə saxladığım üçün mənə inzibati cərimə tətbiq edildi", - deyə şikayətçi bildirib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, sözügedən ərazidəki yol nişanının qarşısını kəsən ağacın budaqları qurumun əməkdaşları tərəfindən budanıb və ərazi təmizlənib.
"Nişanların qarşısı budaqlarla örtüldüyü zaman onlara həmin nişanın balansdaşıyıcısı tərəfindən rəsmi müraciət daxil olmalıdır. Lakin buna baxmayaraq, birliyin əməkdaşları tərəfindən mütəmadi olaraq monitorinqlər həyata keçirilir və belə hallar aşkarlandıqda aradan qaldırılır", - deyə qurumun məlumatında qeyd olunub.

