Bu il 19-21 oktyabr tarixlərində Macarıstanın paytaxtı Budapeştdə İsrail Prezidenti İsxak Hersoqun təşəbbüsü ilə yaradılmış "Voice of the People" ("Xalqın səsi") beynəlxalq platformasının növbəti toplantısı keçiriləcək. Tədbirdə Azərbaycanı Bakı Sefarad Yəhudiləri Dini İcmasının sədri və baş ravvin, beynəlxalq şuranın üzvü Zamir İsayev təmsil edəcək.
Oxu.Az Jnews.az-a istinadla xəbər verir ki, "Voice of the People" təşəbbüsü 2023-cü ildə İsrail Prezidenti İsxak Hersoq tərəfindən irəli sürülüb. Platformanın əsas məqsədi dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən yəhudi icmalarının liderlərini bir araya gətirmək, yəhudi xalqının gələcəyi ilə bağlı mühüm məsələləri müzakirə etmək, milli-mədəni və dini kimliyin qorunmasına, antisemitizmlə mübarizəyə, təhsilin inkişafına, eləcə də yəhudi icmaları ilə digər xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə töhfə verməkdir.
Beynəlxalq şuranın ilk tərkibinə dünyanın altı qitəsindən seçilmiş 150 nümayəndə daxil edilib. Onlardan 50-si İsraili, 50-si Şimali Amerikanı, digər 50-si isə dünyanın qalan regionlarını təmsil edir. Şura dini və ictimai xadimləri, müxtəlif təşkilatların rəhbərlərini, elmi, təhsil, biznes və digər sahələrdə fəaliyyət göstərən nüfuzlu şəxsləri birləşdirir.
Platformanın əsas xüsusiyyətlərindən biri yalnız mövcud problemlərin müzakirəsi ilə kifayətlənməməsi, eyni zamanda birgə layihələrin hazırlanmasına və praktik həll yollarının tapılmasına yönəlməsidir.
Azərbaycan nümayəndəsi Zamir İsayev şuranın ilk tərkibinə seçilib və yəhudilərlə digər xalqların və dinlərin nümayəndələri arasında münasibətlərin inkişafına həsr olunmuş beynəlxalq işçi qrupunda fəaliyyət göstərir. Bu istiqamət Azərbaycanın uzun illər ərzində formalaşmış multikulturalizm, dini tolerantlıq və müxtəlif etnik-dini icmaların dinc birgəyaşayış təcrübəsi ilə birbaşa əlaqəlidir.
Zamir İsayevin beynəlxalq platformada iştirakı Azərbaycanın multikulturalizm modelinin, ölkədə dinlərarası dialoq və qarşılıqlı hörmət ənənələrinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyət daşıyır. Bu çərçivədə Azərbaycandakı yəhudi icmasının ictimai həyata fəal inteqrasiyası, milli və dini ənənələrinin qorunması, yəhudi təhsilinin inkişafı, eləcə də müxtəlif konfessiyaların nümayəndələri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi əsas istiqamətlərdəndir.
Qeyd edək ki, Zamir İsayev 2025-ci ilin martında İsrailin Hayfa şəhərində keçirilən "Voice of the People" platformasının ilk beynəlxalq konfransında da iştirak edib. Həmin tədbir çərçivəsində nüfuzlu "The Jerusalem Post" nəşrinə müsahibə verən İsayev Azərbaycanda müsəlmanlarla yəhudilər arasında mövcud olan dinc birgəyaşayış və qarşılıqlı hörmət ənənələrinin digər ölkələr, xüsusilə müsəlman əhalinin üstünlük təşkil etdiyi dövlətlər üçün müsbət nümunə ola biləcəyini vurğulayıb.
O, ölkədə antisemitizmin olmadığını bildirərək, Azərbaycanda yaşayan yəhudilərin gündəlik həyatda özlərini təhlükəsiz hiss etdiklərini vurğulayıb.
Budapeştdə keçiriləcək toplantı beynəlxalq şuranın fəaliyyətinin davamı olaraq yəhudi icmaları arasında əməkdaşlığın gücləndirilməsinə, mədəniyyətlərarası dialoqun inkişafına və birgə təşəbbüslərin həyata keçirilməsinə xidmət edəcək.
Zamir İsayevin platformada iştirakı Azərbaycanın dini tolerantlıq və multikulturalizm sahəsindəki təcrübəsinin beynəlxalq səviyyədə tanıdılması, həmçinin ölkənin yəhudi icmasının beynəlxalq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir.