Xəbər verildiyi kimi, ötən gün Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında Nazirliyin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunaraq yanğınla mübarizə tədbirlərinə başlanılıb.
Bu barədə Fövqəladı Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, havanın isti və küləkli olması, relyefin mürəkkəbliyi yanğının söndürülməsini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.
Hazırda yanğının söndürülməsi əməliyyatında Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup kənd sakini iştirak edir.
Əlavə məlumat veriləcək.
09:40
Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
“Report”un məlumatına görə, yanğının daha geniş ərazilərə yayılmasının qarşısı alınıb.
Hazırda yanğınsöndürmə işləri aparılır.
Qeyd edək ki, avqustun 30-da Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın baş verib. FHN-in müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.