Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Zaqataladakı ağacların kəsilməsinə görə cinayət işi açıldı: Vəzifəli şəxs işdən çıxarıldı
Zaqatala rayonunda avtomobil yolunun kənarında çoxillik ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açılıb.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, rayonun Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun sağ və sol hissələrində ağacların kəsilməsi və qanunsuz budanması ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 259.2.3-cü (Qulluq mövqeyindən istifadə etməklə, xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.
Məsələ Zaqatala Rayon İcra Hakimiyyətində də müzakirə olunub. Belə ki, ərazisində ekoloji nəzarətin təşkilində yol verdiyi səhlənkarlığa görə Maqov ərazi dairəsi üzrə nümayəndə Ramazan Davudov tutduğu vəzifədən azad edilib.
Ətraflı Baku TV-nin süjetində:

Zaqatalada yolun kənarında olan ağaclar kəsilib.
Oxu.Az xəbər verir ki, bu barədə sosial mediada paylaşım edilib.
Paylaşımda qeyd olunub ki, Zaqatala rayonunun Danaçı kəndinə gedən yolda olan ağacların hamısı, demək olar ki, dibindən kəsilib.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında Ekologiya Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov bildirib ki, sözügedən ərazidə ağacların kəsilməsinə səbəb yolun kənarındakı qovaq ağaclarının insanların və avtomobillərin hərəkətinə təhlükə yaratmasıdır:
"Zaqatala rayonunda avtomobil yolunun kənarında mövcud olan qovaq ağaclarının insanların və avtomobillərin hərəkətinə təhlükə yaratması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Zaqatala Rayon İcra Hakimiyyətinin müraciətləri əsasında "14 №-li Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin ağacların budanması təmin edilib. Budama işlərinin qanunvericiliyə uyğun aparılıb-aparılmaması, bu zaman hansısa prosedur pozuntularına yol verilməsi və gələcəkdə ağacların bioloji inkişafına təsir edib-etməməsi ilə bağlı hazırda yerində müvafiq araşdırma aparılır".

Aygün Mirakif