Xaricdə təhsil xidmətləri göstərən "Zenith" şirkətinin fəaliyyəti ilə bağlı narazılıq yaranıb.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) şikayət daxil olub.
Vətəndaş iddia edib ki, xidmət müqabilində ondan ödəniş alınsa da, tərəflər arasında əvvəlcədən rəsmi xidmət müqaviləsi bağlanmayıb, ödəniş isə "kartdan-karta" köçürmə yolu ilə həyata keçirilib.


Şikayətçi onu da qeyd edib ki, şirkət nümayəndələrinə övladını Özbəkistanda təhsil almağa göndərmək fikrindən daşındığını və artıq bu xidmətə ehtiyac duymadığını açıq şəkildə bildirməsinə baxmayaraq, sonradan vətəndaşa qəbulla bağlı link göndərilib. Vətəndaş ödədiyi pulu geri istəsə də, əvvəlcə pulun ona qaytarılacağı barədə söz verilib, daha sonra isə ödədiyi məbləğ ona qaytarılmayıb.
Oxu.Az-ın sorğusuna əsasən, "Zenith" şirkətindən bildirilib ki, Əli Pərviz oğlu Məmmədovun valideyninə öz müraciəti əsasında xidmət göstərilib.
"Valideyn Gəncə şəhərində yaşadığını, Bakıya gələ bilmədiyi üçün təcili köməklik göstərilməsini xahiş edib. İlkin olaraq Rusiyada yerləşən universitetə müraciət edilib. Lakin sonradan valideyn Rusiyada müharibə zamanı qohumunun həlak olduğunu əsas gətirərək övladının həmin ölkədə təhsil almasını istəmədiyini bildirib.
Daha sonra valideyn başqa səbəb irəli sürərək övladının avtomobil qəzasına düşdüyünü və bu səbəbdən onun təhsil almasını istəmədiyini qeyd edib. Valideynin istəyinə uyğun olaraq təhsil istiqaməti dəyişdirilib və Özbəkistanda yerləşən universitetə müraciət olunub. Universitetin qəbul prosesi ilə bağlı tələbəyə müvafiq keçid linki təqdim edilib və qəbul prosedurunda iştirak etməsi üçün lazımi məlumatlar verilib.

Beləliklə, şirkətimiz tərəfindən müraciət, universitet seçimi və qəbul prosesi istiqamətində xidmətlər göstərilib. Buna baxmayaraq, tələbə sonradan təhsil almaq istəmədiyini bildirərək ödənilmiş məbləğin tam geri qaytarılmasını tələb edib. Ödənişin şirkətimizin vergi uçotuna bağlı biznes kartına köçürüldüyünü də bildiririk. Bütün proseslər valideynin öz müraciəti və istəyi əsasında həyata keçirilib, heç kim hər hansı qərarı qəbul etməyə məcbur olunmayıb.

Şirkətimiz hesab edir ki, məsələyə qiymət verilərkən göstərilmiş xidmətlər, valideynin dəyişən qərarları və tərəflər arasında baş vermiş yazışmalar da nəzərə alınmalıdır. İctimaiyyətə məlumat təqdim edilərkən şirkətimizin mövqeyinin də obyektiv şəkildə işıqlandırılmasını xahiş edirik", - deyə məlumatda bildirilib.