Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
SOS: Bakıda saxta içkidən zəhərlənənlərin sayı artır - Yeddinci qurban xəstəxanaya yerləşdirildi
Dekabrın 26-da daha bir gənc “kəskin peroral metil spirti ilə ağır dərəcədə zəhərlənmə” diaqnozu ilə 1 nömrəli Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Metanolun yeddinci qurbanı Sumqayıt sakini, 1996-cı il təvəllüdlü İsmayılov Elmin İskəndər oğlu olub. O, Bakının Babək prospektində yerləşən “Piano” restoranında içdiyi ucuz viskidən zəhərlənib.
Bundan əvvəl bildirilmişdi ki, kütləvi zəhərlənmələrə görə dekabrın 26-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.4 və 314.2-ci maddələri ilə cinayət işi açıldığı barədə Səhiyyə Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar.
İstintaqı Bakı Şəhər Prokurorluğu aparır.
Araşdırma zamanı müəyyənləşdirilib ki, “Baku City” restoranının müdiri Füzuli Alıyev və Xəyal Cəfərov “Chivas Regal 12” viskisini “Everest” restoranına ucuz qiymətə satıb. Bu içkini içdikdən sonra Sərxan Bayramov və Mustafa Mustafayev ölüb, Cəlal Həmzəyev, Sənan Teymurov, Elvin Teymurov və Nurlan Nəbiyev alkoqol zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunmuş “Chivas Regal 12” spirtli içki nümunələrinin sınaq nəticələrində yüksək toksiki təsirə malik metil spirtinin həcm payının normadan dəfələrlə yüksək olduğu (76,6%) və bu içkilərin insan həyatı üçün təhlükəli olduğu aşkar olunub.
Cinayət işi üzrə Füzuli Alıyev Cinayət Məcəlləsinin 213-1.1 və 314.2-ci, Xəyal Cəfərov isə həmin məcəllənin 200.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Ramella İbrahimxəlilova