11 
Fev
2024
10:49
85
34
2201
Virtual karabakh

Mark Eliyahu: Bakı ictimaiyyətini premyera ilə sevindirəcəyəm - EKSKLÜZİV MÜSAHİBƏ + FOTO

11 Fev, 2024
10:49
2201

Mark Eliyahu: Bakı ictimaiyyətini premyera ilə sevindirəcəyəm - EKSKLÜZİV MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 11-i dünya şöhrətli musiqiçi Mark Eliyahu Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edəcək. Kamança ifaçısı tədbirdən öncə Oxu.Az-ın qonağı olub. O, qarşıdan gələn premyeralarla bağlı eksklüziv məlumatları bizimlə bölüşüb, Bakıya olan sevgisinin səbəbini də açıqlayıb.

- Daha bir konsertlə yenidən Azərbaycandasınız. Hər dəfə tədbirdə yeni duet və ya yeni bəstə olur. Bu dəfə fanatları nə gözləyir?

- Çox şadam ki, 2024-cü ildə dünya turumun ilk şəhəri Bakıdır. Mən çox həyəcanlıyam, çünki bura mənim musiqi sənətini öyrəndiyim və musiqi alətimin yarandığı ölkədir. Azərbaycan mədəniyyəti və bu şəhər mənə çox təsir etdi. Konsertdə son il yarım ərzində yazdığım mahnılar səslənəcək. Tədbirdə yeni repertuarla çıxış edəcəyik. Bu, premyera olacaq.

- Azərbaycana belə sevgi haradan qaynaqlanır?

- Əvvəla, uşaqlıqdan. Mən Dağıstanda doğulmuşam, ata-babam Dərbənddəndir. Bu şəhərdə muğam ifa olunur. Dağıstanın cənubu Azərbaycan mədəniyyətinin təsiri altındadır. Ona görə də bir çox tədbirlərdə, toylarda, ailə məclislərində muğama qulaq asaraq böyümüşəm. Mən yeniyetməlik illərində kamança ustası Habil Əliyevin sayəsində Azərbaycan mədəniyyətinə aşiq olmuşam. 16 yaşım olanda xaricdə musiqi təhsili almaq üçün evdən ayrıldım. Kamançanı ilk dəfə Yunanıstanda eşitmişəm. Hiss etdim ki, bu, ürəyimin səsidir, həmişə içimdə olan səsdir. Ona görə də, 17 yaşımda gözəl ustad Ədalət Vəzirovdan təhsil almaq üçün Bakıya gəlməyə qərar verdim. 2 il burada yaşadım. Təbii ki, sizin mədəniyyətinizə, xalqınıza, xüsusən də evində yaşadığım müəllimimin ailəsinə aşiq oldum. Hamısı mənim bir parçam oldu. Burada özümü evimdə hiss edirəm.

- Bakıya gələndə hansı hissləri yaşayırsınız? Köhnə tanışlarınızla görüşməyə vaxt ayırırsınız?

- Bəli, bu mənim üçün vacibdir. Axı Azərbaycanda o qədər insan mənim üçün ailə olub. Hər dəfə gələndə onları görürəm. 15 il əvvəl dünyasını dəyişən müəllimim Ədalət Vəzirovu hörmətlə anıram. Konsertlərimdə həmişə onun adını çəkirəm.

- Bilirəm ki, atanız tar çalır, siz də saz çalmağı bilirsiniz. Daha hansı Azərbaycan musiqi alətlərində ifa edirsiniz?

- Mən konsertlərimdə, o cümlədən Bakıda da saz çalıram. Mən bir növ tarla böyümüşəm, ona görə də ifa etməyi bacarıram. Bəzən mahnılarımda tarda olan hissələri özüm yazıram. Mən Azərbaycan musiqi alətlərini çox sevirəm. Bir az nağarada çala bilirəm, balabanı da xoşlayıram. Mədəniyyətiniz musiqi alətləri ilə çox zəngindir.

- Bəstələri necə yaradırsınız? Təbi haradan tapırsınız?

- Heç bir qayda yoxdur. Bu həmişə müxtəlif yollarla baş verir. Mən hər şeydə ilham tapa bilirəm. Kiçik bir çınqılda, bir tanımadığım insanda və ya gözəl mənzərədə. Bəzən mahnılar bir-bir mənə gəlir və mən onları sadəcə yazıram, ya da telefonda qeyd edirəm. Bəzən də bir mahnı yazmaq üçün illər lazım olur.

- Milli musiqi alətlərindən istifadə olunsa da, musiqinizi etnik adlandırmaq olmaz. Bunun sirri nədədir?

- Müxtəlif musiqi janrlarından ilham alıram. Pop, rok, elektronik, psixodelik, trans, texno... Çox fərqli janrları sintez edirəm.

Uşaq vaxtı skripka çalırdım. 4 yaşımdan 14 yaşıma kimi klassik musiqi ifa edirdim. Bütün bu janrlar mənim səsimin bir hissəsinə çevrilib. Musiqim fərqlidir, çünki mən fərqliyəm. Mən qlobalistəm. Musiqim mənim öz dilimdə danışır. Musiqim heç nəyə bənzəmir, amma orada Orta Asiyanın əsas motivləri, Qərb harmoniyası, Hindistan və ya Latın Amerika ritmləri, İrlandiya musiqisini tapa bilərsiniz (çünki Yunanıstandakı müəllimim irlandiyalı idi), həmçinin də yunan musiqisi. Hamısı mənəm. Amma məndə Qafqaz kökləri var. Mən buradanan. Və təbii ki, köklərim ön plandadır, lakin yuxarıda sadaladığım bütün janrlar də mənim bir hissəmdir.

- Qafqazda böyüdüyünüz üçün qafqazlı vərdişləriniz varmı? Bəlkə içimizdə olan atəşdən sizdə də var?

- Bəli, düşünürəm ki var (gülür). O atəşi minimumda saxlayıram, vaxtı gələnə kimi.

- Tez-tez müxtəlif ifaçılarla duet oxuyursunuz. Təklifi siz edirsiniz, yoxsa?

- Həmişə fərqli olur. Bəzən hansısa səsi eşitdikdən sonra onun üçün bəstə yazıram. Məsələn, türkiyəli müğənni Cem Adrianın səsini eşidəndən sonra "Derinlerde" mahnısı yarandı. Sonra onunla dost da olduq.

- Musiqinizin pərəstişkarlarını yaxın gələcəkdə hansı yeniliklər gözləyir?

- Son bir il arzuladığım simfonik layihə üzərində işləyirdim. Artıq hər şey hazırdır, yazmağa başladıq. Ola bilsin ki, paytaxt sakinləri yaxın gələcəkdə layihəni görə bilərlər. Bu, simfonik orkestrin iştirakı ilə konsert olacaq.

İndi isə eksklüziv olaraq elan edəcəyəm ki, 3 həftədən sonra yeni albomumdan ilk “Unit” bəstəsi işıq üzü görəcək.

Daha çox foto burada: PhotoStock.az

Firəngiz Ağalarova

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri