Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Sənətin kandarında: "Sonda bütün qəhrəmanlar tualetə gedirlər" - İlqar Fəhmi ilə MÜSAHİBƏ + FOTO
"Mən son vaxtlar yaradıcı insanların ruhunu siqaret çəkənlərin qara, ləkəli, kölgəli, qatran içində, büzüşmüş ağciyərinə bənzədirəm".
Bunu Oxu.Az-a müsahibəsində şair, yazıçı, dramaturq İlqar Fəhmi deyib. Yazıçı ilə müsahibəni təqdim edirik:
- İlqar bəy, yaradıcılığınız ulduza bənzəyir. Həm parlaqdır, həm də çoxguşəli. Ədəbiyyatın bir neçə qolunda uğurla imzanız görünür. İstər nəzm olsun, istəsə də nəsr. Amma son dövrlərdə pyeslərinizin səhnələrdə canlanması sanki yaradıcılığınızda başqa bir mərhələdir. Bu, haradan başladı?
- Hər bir yaradıcının müəyyən istiqamətləri yazdığı ilk əsərlərdən bilinir. Kiminsə əsərində fəlsəfi meyillər üstün olur, kimdəsə ədəbi həllər, kimdəsə təsvirlər və s. Mənim həm poeziya, həm də prozamda isə teatrallıq və vizuallıq həmişə üstün olub. Teatr mövzusuna həsr olunan "Akvarium", "Akvanaziya", bir aktrisanın taleyindən bəhs edən "Aktrisa" romanlarım, "Karmen" povestim elə birbaşa teatra yaxın mövzulardır. Əvvəl buna çox da diqqət etməmişəm. Amma bir müddətdən sonra analiz edəndə gördüm ki, əsərlərim teatraldır və bu teatrallıq dekorativliyin üzərinə köklənib. Yəni mən yazanda özüm də hiss etmədən heç vaxt məişətin aşağı qatlarına düşməmişəm. Teatrallıq effektini də məhz bu yaradıb. Çünki teatrda verilən ölümü də, qan-qadanı da tamaşaçı şərti qəbul edir. Qeyd etmək istəyirəm ki, kinodan fərqli olaraq, teatrda naturalizmə getmək olmaz. Hər halda, bu teatrdır.
- Ümumi anlamda incəsənət nəyi göstərməlidir?
- Ədəbiyyatda və elə ümumiyyətlə incəsənətdə, əsasən, iki istiqamət var: biri sənətin özünün gözəlliyinə istiqamətlənib, digərində sənətin gözəlliyi bir vasitə olub reallığı göstərmək üçün. Yəni birində sənət vasitədir, birində isə - məqsəd. Son zamanlar məişətin ən çirkab, ən iyrənc qatlarına düşmək, onu göstərmək dəb halını alıb. Əslində isə sənətin bu iki qütbü arasında həmişə hərəkət olub. Gah estetizmdən gedib naturalizmə, gah naturalizmdən gedib estetizmə.
Mən həmişə 1990-cı illərlə indiki ədəbiyyatı müqayisə edirəm. Əslində, rifah baxımından indiki dövr "doxsanlar"dan qat-qat yaxşıdır. Problemlər var, təbii ki, amma o dövrdəkilərlə müqayisəyə belə gəlmir. Çox ağır, ağrılı, pis dönəm yaşanırdı. Amma buna baxmayaraq, həmin dövrün ədəbiyyatında, kinosunda məişətin xırdalığına getmək, iyrənc, çirkab qatlarına düşmək yox idi. Əksinə, sanki incəsənət vasitəsilə həmin o qaranlıqdan, ağrı-acıdan qurtulmağa çalışırdılar. Bu gün qəribə də olsa, onun əksi baş verir və əsasən, müstəqil kinoda buna rast gəlirik. Həyatın elə iyrənc qatlarına düşürlər ki, adam həyatda özü buna əhəmiyyət vermir, görmək istəmir, bundan qaçmağa çalışır. Çünki onsuz da, ona kömək edə bilmədiyi halda bu neqativi, ağırlığı özünə yükləməli olur.
Cəmiyyətdə özünü tapa bilməyən, ən aşağı təbəqədə olan, problemli insanları ön plana çıxarır, onu qəhrəmana çevirir. Bu adamların obrazlarını sənətə gətirmək nəyə xidmət edir, hansı mesajı ötürür? Bunun alt qatında nə dayanır? Axı həmin personajları, onsuz da, müxtəlif teleşoularda, qara-qışqırıq, iyrənc, açıq-aşkar söhbətlərlə hər gün görürük. Kino çəkirsənsə, ədəbiyyat yazırsansa, tamaşa qoyursansa, bu işin adının "incəsənət" olduğunu unutmamalısan. Həmin o iyrənclikləri, çılpaqlığı incəsənətə niyə gətirəsən ki? Bunların hamısı, sadəcə, səs-küy yaratmaq üçündür. Desinlər ki, filankəsin çəkdiyi filmdə filankəs tualetə gedirdi. Bu, qəhrəmanlıq deyil! Qəhrəmanlıq sənətə gətirdiyi mövzuya görə basqılara məruz qalmaq, təhlükə altına düşmək, problem yaşamaq, amma buna baxmayaraq, yenə də o mövzudan çəkinməməkdir. Onların etdiyi isə nə qəhrəmanlıq kimi qəhrəmanlıqdır, nə də sənət kimi sənət. Hər hansı bir fəlsəfi mesajı da yoxdur. Bəs onda nəyə xidmət edir? Əgər bu dediklərim sənətdə hansısa estetik ideya naminə və ya fəlsəfi mesaj ötürmək naminə olsaydı, qəbul edərdim.
"Azdrama"da Fridrix Dürrenmattın "Yaşlı xanımın gəlişi" əsərinə Rövşən Almuradlı quruluş vermişdi. Tamaşanın sonunda tualetlə bağlı məqam vardı. Amma orada bu, bir məna kəsb edirdi. İnsanlar tamaşanın süjeti boyu ali insan dərəcəsindən ən aşağı, çirkab və rəzalət bataqlığına düşürdülər və tualetlə bağlı səhnə məhz onu əks etdirirdi. Sonda bütün bu qəhrəmanlar tualetə gedirlər. Məsələn, həmin hissəni çıxartsan, tamaşanın əsas məğzi, mənası itəcəkdi. Amma indiki əsərlərdə o tipli istənilən hissəni çıxartsan, görürsən ki, heç nə itmir. Əgər nəyisə çıxaranda əsər bundan bir şey itirmirsə, deməli, onu yazmağın, çəkməyin heç bir mənası yoxdur.
- Sizcə, bu gün ədəbiyyatda, kinoda, teatrda nə çatmır?
- Əsasən, ideya çatmır. Əksər hallarda yazıçı niyə yazdığını, rejissor niyə çəkdiyini, niyə tamaşaya qoyduğunu bilmir. Yenə də deyirəm, cəmiyyətə ötürəcəyi mesajı yoxdur. Görürsən ki, maraqlı tapıntılar, məqamlar, detallar var. Amma ümumilikdə ideya yoxdur. Mən kommersiya film və tamaşalarını nəzərdə tutmuram. Onlar heç sənətə iddialı da deyil. Sadəcə, reytinqə, qazanca hesablanmış şeylərdir. Amma sənətə iddialı olan əsərlərdə belə şeylər çoxdur. Deyəsən ki, ümumiyyətlə ideyasızlıqdır, o da deyil. Axı ideyasızlığın özü də bir ideyadır. Postmodernizmin mahiyyətində var bu. Mən ideyasız material verirəm, çünki dünyadakı bütün ideyalar boş və mənasızdır. Yəni artıq sən antiideya qoyursan ortaya. Amma bunlarda heç antiideya da yoxdur.
- Teatrımız inkişaf edirmi?
- Bizim teatr müstəqil kinodan, ədəbiyyatdan, televiziyadan fərqli olaraq, zəmanənin çirkab axarına düşməyən yeganə sahədir. Bu, teatrımızın ən böyük üstünlüyüdür. O, elitar tamaşa zövqünü qoruyub-saxlaya bilib. Bu gün orada ədəbiyyatımızda olan açıq-saçıq çirkabı, kino, "art house" adı ilə sırınan rəzaləti, televiziyalarda neqativi görmürük. Teatrımız sanki bir qədər özünə qapanıb, donub. Amma bu, inkişafdan qalmaq demək deyil. Mən bu qapanmanın özündə bir mübarizə - axına düşməmək mübarizəsi görürəm. Bu gün teatr mənə, bilirsiniz, nəyi xatırladır? Adamın ayağının altından çirkab su axını keçəndə ətəyini qaldırır ki, bulanmasın. Bax, teatr, sanki çirklənməmək üçün ətəyini əlində saxlayıb, gözləyir. Bu dəqiqə Avropada teatr da korlanıb. Heç küçədə o qədər söyüş söymürlər, nalayiq ifadələr işlətmirlər ki, teatrda hər kəlməbaşı bir ədəbsiz söz eşidirsən. Çox sevinirəm ki, bizdə kino, ədəbiyyat buna getsə də, teatr getmədi. Mən bu çirkabın içində teatrın özünü qoruyub-saxlayacağına, daha da inkişaf edəcəyinə ümid edirəm.
- İncəsənət tarixi boyu bir-birinin ardınca müxtəlif cərəyanlar yaranıb. Onlara nəzər salsaq, modernizmdən sonra gələn postmodernizm sanki bu inkişafda son mərhələ oldu. Hazırda hər hansı bir cərəyanın yarandığını görmürəm. Necə düşünürsünüz, yeni cərəyan yaranacaqmı, yaranacaqsa, özündə nəyi ehtiva edəcək?
- Postmodernizm - ideyaların dağıdılması deməkdir. Məncə, hələ də postmodernizm davam edir. Sadəcə, indi postmodernizm heç özü də bilmir ki, nəyə xidmət edir və o da özlüyündə başlayıb parçalanmağa. Ədəbiyyatda yeni cərəyan isə yoxdur, ümumiyyətlə olmayacaq da. Çünki insan təfəkkürünün qavraya və yarada biləcəyi hər şeyi modernizmə qədər yaradıblar. Postmodernizm isə yeni heç nə yaratmır. Qeyd etdiyim kimi, o, köhnəni dağıtmağa yönəlib. Köhnə dağılanda isə xaos yaranır. Dünya tarixində sıra ilə yaranan ədəbi cərəyanlar vardı: intibah, maarifçilik, romantizm, realizm, modernizm... İndiki mərhələ xaotik mərhələdir. Kim nə istəyir, yazır, çəkir və s.
Əvvəllər cari dövrün cərəyanına uyğun əsərlər yazılırdı və ondan əvvəlki mərhələyə müraciət etmirdilər ki, bu artıq keçmişdir. Amma indi postmodernizmlə yanaşı, ona qədər olan bütün formalara uyğun əsərlər yaranır. İdeya axını yoxdur, kim nə əhvaldadırsa, onu da yazır. Bu, uğurun da təsadüfi olmasına gətirib çıxarır.
Bəzən lap çoxdan işlənmiş, hamının bildiyi, köhnədən qalmış janrda yazılmış əsər çox böyük uğur qazanır. Qəzəldən misal çəkim. Azərbaycan ədəbiyyatında Məhəmməd Füzuli, Seyid Əzim Şirvani dövrü, sonra indiki dilimizə daha uyğun olan Əliağa Vahid, daha sonra da Ələmdar Mahir dövrü olub. İndiki zamanda mən, Arif Buzovnalı və digərləri yeni eksperimentlər etdik, qəzəl janrı bugünkü dilimizə uyğun olaraq müasirləşdi. Yəni bu, mərhələli şəkildə baş verdi. Amma baxın, 2000-ci illərin əvvəllərində sırf Füzuli üslubunda kimsə qəzəl yazsaydı, buna kinayə ilə yanaşardılar. Çünki auditoriya deyəcəkdi ki, bunu artıq Füzuli yazıb, bunu hamı bilir. Bu üslubda uğur qazanmaq mümkün olmayacaqdı, təkrar sayılacaqdı. Amma 20 il keçib, indi kimsə Füzuli üslubunda qəzəl yazır, hamı deyir, əladır. Çünki artıq Füzulini də bilmirlər. Çünki o zamanlar orta statistik ziyalı insan Füzulini də oxuyurdu, digərlərini də. Amma indiki nəsil bundan bir qədər bixəbərdir. 1990-cı illərdə kimsə romantizm üslubunda, Bayron üslubunda nəsə yazsaydı, oxucu deyəcəkdi ki, bunu artıq yazıblar. Və yaxud da Məhəmməd Hadi, Hüseyn Cavid üslubunda kimsə nəsə yazsaydı, həmin şey olacaqdı. Amma indiki auditoriyanın ədəbiyyatdan xəbəri yoxdur deyə, klassiklərdən kiminsə əsərini götürüb, adaptasiya edib ortaya çıxarırlar, hamı da oxuyur, alqışlayır. Niyə? Çünki bilmirlər. Füzulini oxumayan, bilməyən bu gün iki kəlmə irfani söz eşidirsə, onu əla, möhtəşəm görür. Bax, ədəbiyyatda xaos budur.
- Oxucudan söz düşmüşkən, bu günün oxucusunu necə qazanmaq olar?
- Bu günün oxucusu dünənini unutmuş insandır. Amma əvvəlki oxucular dünənini, tarixini yadında saxlayan insanlar idilər. Bugünkü oxucunun diqqətini cəlb etmək istəyirsənsə, gərək bu günlə bağlı, bu günün problemi ilə bağlı bir şey yazasan, çünki onun dünəni artıq unudulub. Və ümumən yaddaşsız bir dövrə gəlmişik. Hisslərin, duyğuların, xatirələrin yaddan çıxdığı dövrə.
- Dövrümüzdə audiokitablar dəbdədir, ona münasibətiniz necədir? Oxumaq yaxşıdır, yoxsa dinləmək?
- Günümüz çox sürətlə keçir. Demək olar ki, heç nəyə vaxtımız qalmır. Xüsusilə də, mütaliəyə çox vaxt ayırmaq olmur. Bu baxımdan, audiokitablar mütaliə üçün əvəzsiz vasitədir. Amma hər kitabı bu formatda dinləmək olmur. Mənim üçün bu tip dinləmələr birplanlı əsərlər üçün əlverişlidir. Yəni ilk dinləmədən anlamağa, qavramağa rahat olan mətnləri dinləyirəm. Çoxplanlı mətni, bədii söz oyunları, müxtəlif göndərmələri olan mətnləri dinləmək çətindir. Çünki kitabda istədiyin cümləni yenidən oxuya bilir, hər hansı səhifəyə geri qayıda bilirsən. Amma audiokitabda bu bir qədər çətindir. Məsələn, Vladimir Nabokovun əsərlərini bu formatda dinləyə bilmədim, üstündə dayanıb, düşünmək istədiyim məqamlar vardı. Mənim üçün çoxplanlı mətnləri dinləməkdənsə, oxumaq daha məqsədəuyğundur. Amma hər hansı əhvalat, hadisə üzərində qurulan əsəri dinləmək rahatdır. O ki qaldı poeziyaya, düşünürəm ki, audiokitab formatında şeir dinləmək daha gözəldir. Sanki şeirlərin təsiri daha güclü olur. Üstəlik, musiqi həlli də gözəl olanda şeir dinləmək lap böyük zövq verir.
- Ruh nədir, haradadır?
- Ruh haqqında çox yazılıb, çox deyilib. Amma mənə elə gəlir ki, ruh yaradıcı insanın əməlindədir. Biz ruhumuzu yaradıcılıq prosesində daha çox hiss edirik. Yaradıcılıq prosesi və ümumiyyətlə həyat insandakı ruhun keyfiyyətlərini göstərir. Hər kəs duyur, hər kəs hiss edir. Amma bu, yaradıcılıqda özünü necə büruzə verir?! Mən son vaxtlar yaradıcı insanların ruhunu siqaret çəkənlərin qatran içində büzüşüb qaralmış ağciyərinə bənzədirəm. Sanki indiki insanların ruhu ruha oxşamır. Bunun səbəbləri çoxdur, onlardan danışmayaq. Amma bəşəriyyət bu yoldan necəsə çıxmalıdır. Çünki ruhsuzluq, ruhun öldürülməsi, süni intellekt yolu ilə gediriksə, deməli, robotlaşmaya gedirik. Bundan xilas olmaq lazımdır.
- İndi insanlar sanki bir-birindən çox, heyvanlara sevgi göstərirlər. Sizcə, buna səbəb nədir?
- Bu, insanlardakı ruhsuzluqdandır. İnsanlar bir-birlərində ruh hiss etmir, yaxşı keyfiyyətlər hiss etmir, müsbət enerji almır və ona görə də texniki inkişafdan kənarda qalan heyvanlara sevgi göstərirlər. Sanki onlarda o ruhu axtarırlar. Hamı, elə bil, bir-birinə düşməndir, yaddır. Amma bütün bunların fonunda heyvanlar mərhəmətli, sevgi dolu görünürlər. Buna görə də almaq istədikləri müsbət emosiyanı insandan yox, heyvandan almağa çalışırlar.
- Ədəbiyyatdan, yazı-pozudan yorulanda hara qaçırsınız, beyninizi necə dincəldirsiniz?
- Mənim işim də, həyatım da, istirahətim də ədəbiyyatla bağlıdır. Sadəcə, ədəbiyyatın müəyyən növləri var ki, mən orada dincəlirəm. Məsələn, klassik ədəbiyyat və muğamla dincəlirəm. Klassik ədəbiyyat həm enerji mənbəyimdir, həm dincliyimdir. Hara getsəm, yenə də ona dönürəm, bu dövrədən kənara çıxa bilmirəm. Məşğuliyyətim də odur, istirahətim də.
- Bəs yaradıcılıqda heç vaxt etmədiyiniz, amma etmək istədiyiniz nə isə var?
- Kaş mən bəstəkar ola biləydim. Onda, bəlkə də, dünyanın ən xoşbəxt adamı olardım. Fikrət Əmirovun, Qara Qarayevin, Arif Məlikovun simfonik əsərlərindən birini mən yazmış olsaydım, bilərdim ki, həyatda boşuna yaşamamışam. Təəssüf ki, musiqi duyumum olmadığına görə heç bir musiqi alətində də ifa edə bilməmişəm. Bilirsiniz, musiqi sözdən də yuxarıdır. O, dilsizdir, sərhədsizdir, tərcüməyə də ehtiyacı yoxdur.
Daha çox foto burada: PhotoStock.Az
Xanım Aydın
"Füzuli" teqi üzrə xəbərlər
- Füzulidə qəzaya düşən ANAMA əməkdaşlarının SON VƏZİYYƏTİ AÇIQLANDI
- Füzulidə günəş elektrik stansiyasının tikintisi üçün ərazi müəyyən edilib
- Xankəndi və Füzuli şəhərlərinə onlayn sifarişlərin çatdırılmasına başlanılıb
- Füzuli Dövlət Dram Teatrına yeni baş rejissor təyin olundu
- Beynəlxalq səyyahlardan ibarət qrup Ağdama gəlib
Rəylər