"Heydər Əliyev çox böyük şəxsiyyət, dahi insan idi. Bilirsiniz, mən həyatda dahilərlə çox işləməmişəm deyə dəqiq deyə bilmirəm, amma deyirlər ki, dahi insanlar çox sadə və səmimi olurlar. Heydər Əliyev də məhz belə insan idi."
Bunu Oxu.Az-a müsahibəsində Xalq yazıçısı Elmira Axundova deyib.

- Elmira xanım, Heydər Əliyevlə ilk tanışlığınız necə baş tutub?
- Heydər Əliyevlə ilk dəfə 1990-1991-ci illərin qış aylarında Naxçıvanda görüşmüşəm.
Həmin vaxt Heydər Əliyev deputat idi, lakin hələ Ali Məclisin sədri seçilməmişdi. Mən isə "Literaturnaya qazeta"da müxbir kimi yeni fəaliyyətə başlamışdım və Naxçıvana Heydər Əliyevdən müsahibə götürmək üçün ezam olunmuşdum. O dahi insanla ilk tanışlığımız belə başladı.
Heydər Əliyevlə söhbət zamanı o yazılarımı oxuduğunu, üslubumu bəyəndiyini və mənə etibar etdiyini dedi, amma onu da xüsusi vurğuladı ki, müsahibənin "Literaturnaya qazeta"da çap olunacağına inanmır. Həqiqətən də çox sərt və kəskin müsahibə idi. Çünki həmin vaxt hələ SSRİ-nin prezidenti olan Mixail Qorbaçovu çox sərt şəkildə və bir çox istiqamətlərdə tənqid edirdi. Müsahibə zamanı özüm də hiss edirdim ki, bu cür kəskin müsahibəni çap etməyə kimsə cürət etməyəcək.
Müsahibəni aldım, hazır oldu amma... Biz bu müsahibənin qəzetdə dərc olunması üçün xeyli çalışdıq. Həmkarlarım və rəhbərlikdəki bəzi şəxslər də məqalənin dərc olunmasını istəsələr də, baş redaktor belə bir riski gözə almadı.
Sonradan öyrəndim ki, Bakıda bu müsahibədən xəbər tutublar və onun çap olunmaması üçün müəyyən təzyiqlər göstərilib.
Əlbəttə ki müsahibəmiz "LitQazeta"da ("Literaturnaya qazeta"- red.) dərc olunmadı, amma sağ olsun Sabir Rüstəmxanlı, məhz onun dəstəyi ilə bir neçə ay sonra, yəni mart ayında - müsahibəni almışdım 1991-ci ilin yanvar ayında, biz o illərdə yarım milyon tirajla çıxan "Azərbaycan" qəzetində çap etdirə bildik.
Məqalə dərc olunandan sonra isə mən həmin nüsxəsini Heydər Əliyevin Bakıda yaşadığı evə, daha doğrusu qardaşı Cəlal Əliyevin evinə apardım, çünki o, orada yaşayırdı. Qəzeti ona təqdim etdim. Müsahibənin dərc olunduğunu görəndə çox sevinmişdi. Beləcə, bizim tanışlığımız və əməkdaşlığımız başladı.
-Heydər Əliyevlə uzun müddət çalışmışınız. Onu bir insan kimi necə xarakterizə edərdiniz?
- Bilirsiniz, Heydər Əliyev olduqca unikal bir insan idi. Onu tanıyanların çoxu mənə danışırdı ki, H.Əliyevlə ilk görüşə gedəndə həyəcan keçirir, çəkinir, hətta qorxurdular. Amma söhbətin ilk dəqiqələrindən sonra Heydər Əliyev elə bir mühit yaradırdı ki, insanlar özlərini rahat və sərbəst hiss etməyə başlayırdılar. Yəni onun sadəliyi və səmimiyyəti qarşı tərəfə də sirayət edirdi. Mənim fikrimcə, H. Əliyev həm də güclü ekstrasensor qabiliyyətə malik bir insan idi. Çünki hətta onu yaxından tanımayan, əvvəlcə ona isti münasibət bəsləməyən insanlar belə bir neçə görüşdən sonra onun tərəfdarı olur, dostlarına çevrilirdilər.
- Elmira xanım, Heydər Əliyev rəsmi tədbirlərdən kənarda necə insan idi?
- Yenə də təkrar etmək istəyirəm, Heydər Əliyev çox səmimi və sadə insan idi. Zarafat etməyi xoşlayırdı, xüsusən də qadın nümayəndə heyəti ilə. Bizimlə həmişə söhbət edər, qeyri-rəsmi söhbətlər zamanı elə maraqlı hadisələr danışardı ki, gülərdik. Olduqca səmimi söhbətlərimiz olurdu.
Heydər Əliyev ümumilikdə həyatsevər insan idi. Yumoru, lətifələri sevirdi. Musiqiyə, xüsusi ilə də klassik musiqiyə sevgisi bir başqa idi.

Yadımdadır, 1997-ci ildə İtaliyada, Kapri adasına getmişdik. Orada qarşımıza təsadüfən italyanların kiçik çalğı orkestri çıxmışdı. Onlar bizim üçün musiqi ifa etməyə başlayanda siz təsəvvür etməzsiniz Heydər Əliyev həmin musiqini necə böyük sevgi, necə böyük zövqlə dinləyirdi. Sonra biz hamımız rəqs etməyə başladıq. Rəqsimizi maraqla izlədi və hətta mənə dedi ki, Elmira, sən çox yaxşı rəqs edirsən. (gülür)
Ümumiyyətlə, H.Əliyev xoşlayırdı ki, biz onunla birlikdə şənlənək. Düzdür, belə anlar çox olmurdu, amma olanda çox səmimi və unudulmaz olurdu.
- Elmira xanım, Heydər Əliyev haqqında kitabların müəllifisiniz. Kitablarınızı yazarkən sizi ən çox təsirləndirən məqam nə olub?
- Belə məqamlar çox olub. Əlbəttə ki, böyük insanların həyatında yalnız uğurlar olmur, ağır sınaqlar da olur. Heydər Əliyevin həyatında da çox ağır bir dövr olub, xüsusən də istefasından sonra. Çünki M.Qorbaçovun onu istefaya göndərmək qərarından sonra H.Əliyevə qarşı həm Moskvada, həm də Azərbaycanda geniş kampaniya aparılırdı. Həm bizim mətbuatda, həm də Moskva mətbuatında H.Əliyev kəskin tənqid olunur, hətta təhqirlərə məruz qalırdı. Bütün bunlar, əlbəttə ki, ona çox ağır gəlirdi.
Mənim üçün isə ən ağrılı məqam o idi ki, ona irəli sürülən ittihamlara cavab vermək imkanı yaratmırdılar, baxmayaraq ki, həmin dövrdə hər yerdə "aşkarlıq" və "demokratikləşmə" şüarları səsləndirilirdi, elə M.Qorbaçov özü də daim "aşkarlıq"dan, "demokratikləşmə"dən danışırdı.
Təsəvvür edin, insana qarşı bu cür böyük kampaniya aparırdılar, bəzi qəzetlər onun haqqında mənfi materiallar dərc edirdilər, amma bircə dəfə də olsa, Heydər Əliyevə mətbuatda cavab haqqı vermirdilər.

Yadımdadır, o vaxt "Litqazeta"da onun haqqında neqativ yazı getmişdi. H.Əliyev bir neçə dəfə "Litqazeta"nın baş redaktorunun yanına getsə də, onun məqaləsini çap etməmişdilər. Yaxud "Pravda" qəzetində çox kəskin məqalə çıxmışdı, özü də saxdalaşdırılmış bir məqalə idi. Sonradan biz bunu başa düşdük, yazılanlar təkzib də olundu amma "Pravda" qəzeti həmin təkzibi vermədi. Belə hallar çox idi. Bütün bunlar da ona çox ağır gəlirdi.
Biz 1991-92-ci illərdə bu barədə H.Əliyevlə dəfələrlə danışmışdıq. Nə yaxşı ki, sonradan vəziyyət dəyişdi və bizdə "Aydınlıq", "Səs", "Yeni Azərbaycan", "Azərbaycan" kimi qəzetlər meydana gəldi və biz orada bəzi şeylər çap etdirə bilirdik. O cümlədən mən özüm Moskva qəzetlərində həm onun özü, həm də Naxçıvandakı fəaliyyəti haqqında bir çox məqamları aça bildim. Amma hər bir halda həmin dövr onun üçün çox ağır dövr idi.
- Elmira xanım, H.Əliyevlə bağlı kitabları yazanda, yəqin ki, arxiv materiallarından da istifadə etmisiniz. Arxivlərdə rast gəldiyiniz, ictimaiyyətə az məlum olan maraqlı faktlar varmı?


- Var əlbəttə ki... Mənə belə bir xoşbəxtlik nəsib olmuşdu. 2005-ci ildə cənab Prezident İlham Əliyevlə qəbulda olarkən ona bildirdim ki, H. Əliyevlə bağlı kitablar yazıram və bu kitabları yazmağı mənə 2003-cü ilin aprel ayında Heydər Əliyev özü vəsiyyət edib.
Xahiş etdim İlham Əliyevdən ki, mənə iqamətgahda saxlanan böyük, şəxsi arxivdə işləməyə icazə versinlər. Sağ olsun, xahişimi geri çevirmədi. O göstərişi olmasaydı, mən bu arxivi görə bilməzdim. Həmin arxivdə çox maraqlı materiallar var.
Məsələn, Heydər Əliyevlə bizim ziyalıların yazışmaları, xarici radiostansiyaların Heydər Əliyev haqqında dediyi sözlər.
Açın mənim yeddi cildliyimi, yaxud sonradan çıxan üç cildliyimi hansı ki bir neçə dildə - rusca, ukraynca, ingiliscə, türkcə və başqa dillərdə çap olunub. Həmin kitablarda 1969-cu ildən 1987-ci ilə kimi xarici radio radiostansiyaların Heydər Əliyev haqqında danışdığı məqamlar yer alıb. Onların arasında "Amerikanın səsi", "Azadlıq radiosu", "İndipendent", "Nyu York Tayms", "Vaşinqton Post" və digər kütləvi informasiya vasitələrində dərc olunan məqalələr var idi ki, həmin yazılarda- onun fəaliyyəti təhlil edilirdi. Yazırdılar ki, H.Əliyev SSRİ-də perspektivli bir baş katib ola bilərdi.
Hətta sonralar Heydər Əliyev özü də deyirdi ki, bu məqalələrə görə onunla işləyən insanlar ona qibtə edirdilər və buna görə soyuq münasibət bəsləyirdilər. M.Qorbaçov özü də bu məqalələrə görə H.Əliyevə qibtə edirdi.
Sözümü ona gətirmək istəyirəm ki, mən həmin materialları araşdırıb, tərcümə edib kitablarımda istifadə etmişəm və bunlar mənim üçün ən qiymətli arxiv tapıntılarıdır.
- Elmira xanım, deyirlər Heydər Əliyevin güclü yumor hissi vardı...
- Bəli, bəli. Yumor hissi çox güclü idi. Bununla bağlı da kitabımda xatirələrim yazılıb. O xatirələrin içində şəxsən mənə məxsus olanlar da var, Heydər Əliyevlə səyahətdə olan insanların danışdıqları da.
- Necə düşünürsünüz, əgər H.Əliyev bu gün həyatda olsaydı, Azərbaycanın qarşısında duran hansı məsələlərə xüsusi diqqət ayırardı?
- Ümumilikdə diqqət ayrılmalı məsələlər çoxdur. Onlar haqqında siz jurnalistlər də həmişə yazırsız. Məni, məsələn, ekologiya narahat eləyir. Hesab edirəm ki, bu, dünya qarşısında duran ən ümdə problemdir.
Kənd təsərrüfatı sahəsində ərzaq təhlükəsizliyi də bizim qarşımızda bir nömrəli məsələ kimi durur - bu yöndə də problemlər var. Yəni problemsiz həyat yoxdur, əlbəttə ki, amma onların hamısı həll olunası problemlərdir. Əsas məsələ bizim təhlükəsizliyimizdir - regional təhlükəsizlik, bizim dünya sırasındakı mövqeyimiz və yerimiz. Mənə elə gəlir ki, bu barədə ciddi düşünməyə dəyər.
Ona görə hesab edirəm ki, Heydər Əliyev bu gün həyatda olsaydı, məmnun olardı ki, biz yüksəlişə doğru gedirik və cənab Prezident İlham Əliyev sayəsində bu cür düzgün, sərrast və düşünülmüş siyasət aparırıq.
- Elmira xanım, Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə ən böyük töhfəsinin nə olduğunu soruşsaq, hansı cavabı verərdiniz?
- Cavabım çox qısa və net olardı - Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə ən böyük töhfəsi müstəqil Azərbaycan olub. Müstəqil Azərbaycanın yaradılması, qorunması və inkişaf etdirilməsi - bu, onun Azərbaycan dövlətinə və dövlətçiliyinə bəxş etdiyi ən böyük töhfəsidir.
- Təşəkkür edirik.
- Mən təşəkkür edirəm. Allah Heydər Əliyevə rəhmət eləsin!
