"Fənərbağça" klubu FIFA tərəfindən kluba tətbiq edilən transfer qadağasına rəsmi münasibət bildirib.
Oxu.Az xəbər verir ki, "sarı-lacivərdlilər" bu cəzanın mərakeşli futbolçu Yussef En-Nesiridən qaynaqlandığını və sentyabrın 28-də ödəniş edilərək məhdudiyyətin aradan qaldırılacağını bildiriblər.
"Klubumuza tətbiq edilən 3 dövrlük transfer məhdudiyyəti müvəqqəti xarakter daşıyır və 2024-2025-ci illər mövsümündə komandamıza gətirilən Yussef En-Nesirinə görə ödənişlə əlaqədardır. Oyunçunun transfer qiyməti ilə bağlı 30 aprel 2026-cı il tarixli hissənin ödənilməməsi səbəbindən qarşı tərəf FIFA qarşısında iddia qaldırıb. Rəhbərliyimiz də fəaliyyətə başladıqdan sonra gecikən borc ödənilib. Həmin klubun FIFA-da açdığı iş çərçivəsində növbəti hissənin də ödənilməsi tələb olunub və biz ödəniş üçün FIFA-nın qərarını gözləmişik. Klubumuz FIFA-nın qərarı ilə müəyyən edilmiş məbləği ilk iş günündə (bazar ertəsi) həyata keçirəcək və transfer qadağası ləğv ediləcək", - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, 2024-cü ildə "Fənərbağça"ya transfer olunan Yussef En-Nesiri fevralda komandadan ayrılıb. 28 yaşlı hücumçu karyerasını Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunda davam etdirir.
Türkiyənin "Fənərbağça" klubu FIFA tərəfindən dərc edilən transfer qadağası siyahısına daxil edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Dünyanın ali futbol təşkilatının transfer qadağası qeydlərində İstanbul təmsilçisi üçün 3 dövrlük transfer məhdudiyyətinin olduğu açıqlanıb. Qərarın maliyyə işi ilə əlaqəli olduğu vurğulanıb. FIFA-nın sistemindəki məlumatlara əsasən, bu sanksiyanın aradan qaldırılması mümkündür.
Tələb olunan məbləğ ödənildiyi halda "Fənərbağça"nın transfer qadağasına son qoyula biləcəyi bildirilir. Klubun aidiyyəti maliyyə öhdəliyini yerinə yetirməsi, cəzanın tətbiqi prosesinə birbaşa təsir göstərəcək. Bu səbəbdən FIFA qeydlərində 3 dövr kimi görünən transfer məhdudiyyəti, ödəniş icra olunarsa, davam etməyə bilər. Tətbiq edilən bu sanksiyanın hansı işdən qaynaqlandığı və tələb olunan məbləğin nə qədər olduğu barədə mövcud qeydlərdə ətraflı məlumat yoxdur.
"Fənərbağça" klubu tərəfindən məsələ ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.