"Mənim yetişdirdiyim şagirdlər arasında beynəlxalq müsabiqə laureatları var. Onlar uğur qazandıqca bir müəllim kimi mənim də adım çəkilir. Xaricdən gəlmiş musiqiçi və pedaqoq kimi fəaliyyətimə maraq göstərildi və müsabiqə təşkilatçıları tərəfindən münsiflər heyətinə dəvət aldım. Yaponiyanın klassik musiqi müsabiqəsində münsiflər heyətində çalışan ilk azərbaycanlı musiqiçiyəm".
Bunu Oxu.Az-a müsahibəsində Azərbaycan klassik musiqisini Yaponiyada təqdim və təbliğ edən yeganə azərbaycanlı musiqiçi Gülnarə Səfərova deyib.

Müsahibəni təqdim edirik:
- Gülnarə xanım, özünüzü oxucularımıza necə təqdim edərdiniz?
- Mən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunuyam. 1997-2008-ci illərdə Akademiyanın fortepiano fakültəsində dosent vəzifəsində çalışmışam. 2008-ci ildən Yaponiyada yaşayıram və fəaliyyətimi burada davam etdirirəm. Hazırda Tokioda keçirilən fortepiano müsabiqələrinin münsiflər heyətinin üzvüyəm.
Bu illər ərzində Yaponiyada bir çox konsert və musiqi tədbirləri təşkil etmişəm. Azərbaycan klassik musiqisini Yaponiyada təqdim və təbliğ edən yeganə azərbaycanlı musiqiçilərdən biri olmaq mənim üçün böyük qürurdur. 2018-ci ildən etibarən isə "Musiqi Evi" adlı özəl musiqi məktəbini təsis etmişəm.
- Hazırda üzərində çalışdığınız layihələr varmı?
- Hazırda çox önəmli və möhtəşəm bir layihə üzərində çalışırıq. Azərbaycan Respublikasının Yaponiyadakı Səfirliyinin, "ZEN-ON" Musiqi Nəşriyyatının, "KAWAI" Musiqi Alətləri İstehsalı şirkətinin və "Zama" Beynəlxalq Mübadilə Assosiasiyasının dəstəyi ilə iyulun 25-də Tokionun "Mequru Persimmon" Zalında (Böyük Zal) "Zamanları aşan klassik musiqi: Azərbaycandan dünyaya" adlı böyük konsert proqramı təşkil olunacaq.

Konsertdə tanınmış musiqiçilər, Brüssel Kral Konservatoriyasının məzunu pianoçu Nara Kosuke, Milan Konservatoriyasının məzunu vokalçı Kato Taisei, Tokio Siti Filarmoniya Orkestri ilə əməkdaşlıq edən dirijor Minova Kenta, eləcə də bəstəkar Akira Miyoshinin tələbəsi olmuş bəstəkar və mədəniyyət elçisi Kasamatsu Yasuhiro yer alırlar. Bu konsertdə məndə iştirak edəcəyəm.
Kamera ansamblının iştirakı ilə Qərbi və Şərqi Avropa, Azərbaycan və Yaponiyanın klassik musiqi inciləri tamaşaçılara təqdim olunacaq. Eyni zamanda, "Junior İfaçılar Müsabiqəsi"nin qalibi olan 13 yaşlı gənc pianoçunun çıxışı da gecəyə xüsusi rəng qatacaq.
- Bu konsert proqramının əsas özəlliyi nədir?
- Konsertin ən mühüm məqamlarından biri dahi Azərbaycan bəstəkarı Qara Qarayevin əsərlərindən ibarət CD və not kitabının təqdimatıdır. Bu toplu Yaponiya və ümumilikdə Asiya regionunda ilk dəfə nəşr olunur. Azərbaycan musiqi irsinin belə geniş auditoriyaya təqdim edilməsi bizim üçün böyük şərəfdir.

Qeyd etmək istərdim ki, üç saat davam edəcək zəngin proqramın fasiləsi zamanı foyedə xüsusi fotosərgi də təşkil olunacaq. Burada Azərbaycan və Yaponiya arasında həyata keçirilən mədəni mübadilə layihələri, eləcə də mənim Yaponiyadakı fəaliyyətimi əks etdirən fotolar nümayiş etdirilməklə yanaşı, "Zen-On" nəşriyyatının notları və "Hidamari-sha" nəşriyyatında çap olunan "Tovuzquşunun nəğməsi" adlı nağıllar kitabım da təqdim olunacaq.
- Gülnarə xanım, Azərbaycan musiqisini Yaponiyada tanıtmaq sizin üçün nə ifadə edir?
- Mənim üçün bu fəaliyyət sadəcə musiqi deyil, həm də bir mədəniyyət missiyasıdır. Azərbaycan musiqisini, onun zəngin klassik irsini Yaponiyada tanıtmaq, xalqlarımız arasında mədəni körpü yaratmaq mənim həyatımın əsas məqsədlərindən biridir. İnanıram ki, musiqi insanları və mədəniyyətləri birləşdirən ən güclü vasitələrdən biridir.
- Necə oldu ki, Yaponiyaya getdiniz?
- Yaponiyaya 2008-ci ildə tək gəlmişəm. Yapon vətəndaşı ilə ailə qurmuşam. Bu yaxınlarda isə vətəndaşlıq aldım.
- Qeyd etdiniz ki, Azərbaycan klassik musiqisini Yaponiyada təbliğ edən yeganə azərbaycanlısınız. Tokioda sizdən başqa azərbaycanlı musiqiçi yoxdur, yoxsa bir araya gələ bilməmisiniz?
- Təkcə Tokioda deyil, ümumiyyətlə Yaponiyada məndən başqa azərbaycanlı musiqiçi yoxdur.
- "Musiqi Evi" özəl musiqi məktəbinizdə nələri tədris edirsiniz?
- "Musiqi Evi" yapon musiqisevərlərinə və musiqi təhsili almaq istəyənlərə bizim tədris metodikamızı təqdim etmək ideyası ilə yaradılıb. Azərbaycan klassik musiqisi və ümumilikdə musiqi mədəniyyətimiz haqqında Yaponiyada məlumat azlığı məni düşündürürdü.
2018-ci ildən fəaliyyət göstərən məktəbimizdə fortepiano, ansambl, vokal və solfecio dərsləri ilə yanaşı, ilk dəfə olaraq Azərbaycan milli musiqisi və mədəniyyəti ilə tanışlıq dərsləri də keçirilir. Türk və Qafqaz xalqlarının mahnıları proqramı çərçivəsində yaponlar bizim milli mahnıları həm Azərbaycan, həm də yapon dilində ifa edirlər.

Azərbaycan milli alətləri ifaçısı olan yapon musiqiçisi Kiyoshi Ohira ilə əməkdaşlıq edir, birgə çıxışlar edirik. Hər il şagirdlərimizin hesabat konsertləri keçirilir. Bununla yanaşı, milli ənənələrimiz və mətbəximizlə bağlı tədbirlər təşkil edirik.
Məsələn, hər il Novruz bayramı ərəfəsində evimdə "Novruz Party" keçirirəm. Qonaqlara milli yeməklərimizi təqdim edir, qədim ənənələrimizdən danışır, mahnılar oxuyuruq. Bu tədbirlər yalnız məktəbin şagird və müəllimləri üçün olur və tamamilə ödənişsiz keçirilir. Hazırlığı çətin olsa da, bunu hər il böyük həvəslə edirəm. Yaponlar da böyük maraq göstərirlər.
- Tokioda yaşayan azərbaycanlılarla münasibətləriniz necədir?
- Münasibətlərimiz yaxşıdır. Çox istərdim ki, konsertlərimdə daha çox görüşək.
- Yaponların Azərbaycan musiqisinə münasibəti necədir?
- Yaponlar yeniliyi sevən, yeni bilik və informasiyaya açıq bir xalqdır. Azərbaycan musiqisinə böyük maraq göstərirlər.
Mənim yapon musiqiçi dostum Kiyoshi Ohira saz və tar ifaçısıdır və Azərbaycan musiqisini Yaponiyada təbliğ edir. Bir neçə il əvvəl onun Azərbaycana gedərək tar dərsləri almasına da kömək etmişdim. Çox sevindirici haldır ki, o, bu il "Xarıbülbül" festivalına dəvət aldı. Mənim əsas məqsədim isə Azərbaycan klassik musiqisini tanıtmaqdır. Yaponiyaya gəldiyim ilk gündən bütün konsert proqramlarıma Azərbaycan bəstəkarlarının əsərlərini daxil edir, musiqimiz haqqında məruzələr edirəm.
2011-ci ildə Yaponiyada baş verən zəlzələ və sunamidən zərərçəkənlər üçün xeyriyyə konserti təşkil edən ilk azərbaycanlı olmuşam. Daha sonra Yaponiya-Azərbaycan diplomatik münasibətlərinin 20 illiyinə həsr olunmuş konsert, Qara Qarayevin 100 illiyi münasibətilə proqramlar, milli rəqslərimizin təqdimatı və bir çox layihələr həyata keçirdim.
Pandemiya dövründə isə Bakı və Tokio musiqiçilərini onlayn şəkildə bir araya gətirərək "Gülə-gülə ay xanım" mahnısını hazırlayıb yayımladıq.
2023-cü ildən etibarən isə Yaponiyada ilk dəfə olaraq Qara Qarayevin əsərlərindən ibarət not kitablarının nəşrinə başlanılıb. Hazırda bəstəkarın bir sıra fortepiano əsərləri, simli kvarteti və digər əsərləri artıq çap olunub. Hətta Tokiodakı uşaq və yeniyetmələr üçün fortepiano müsabiqələrində Qarayevin əsərləri XX əsrin böyük bəstəkarlarının əsərləri ilə yanaşı ifa olunur. Bu, məni həm musiqiçi, həm də azərbaycanlı kimi çox sevindirir.
Bu layihənin davamı olaraq Qara Qarayevin əsərlərindən ibarət CD də buraxmışıq. Bu, təkcə Yaponiyada deyil, ümumilikdə Asiyada Azərbaycan bəstəkarına həsr olunmuş ilk belə diskdir. Diskdə professional ifaçılarla yanaşı, 13 yaşlı gənc pianoçunun ifası da yer alıb. Mən istəyirdim ki, uşaqlar üçün yazılmış əsərləri məhz uşağın duyğuları ilə təqdim edək.
- Yaponiyada gördüyünüz fəaliyyətə görə mükafatlandırılmısınız?
- Bəli. 2025-ci ildə Azərbaycan mədəniyyətinin xaricdə təbliğində göstərdiyim xidmətlərə görə Azərbaycan Respublikası tərəfindən medalla təltif olundum. Bu, mənim üçün çox dəyərli və xoş sürpriz oldu. İnsan işini ürəklə görəndə əməyinin qiymətləndirilməsi xüsusi sevinc gətirir.

- Yaxın vaxtlarda planlaşdırdığınız layihələr varmı?
- İyulun 25-də Tokioda böyük konsertimiz keçiriləcək. Konsertdə həm yeni çıxan diskin təqdimatı olacaq, həm də geniş proqram təqdim ediləcək. Layihəyə dəstək olan bütün təşkilatlara minnətdaram. Ən böyük yük isə təşkilatçıların, ifaçıların və köməkçilərin üzərinə düşür. İnanıram ki, çox gözəl bir tədbir olacaq.
- Sizinlə bir ortamda olan yaponların ən çox sevdiyi Azərbaycan musiqisi hansıdır?
- Yaponlar xüsusilə melodik və emosional Azərbaycan musiqilərini sevirlər. Muğam elementləri, xalq mahnılarımız və Qara Qarayevin əsərləri onlarda böyük maraq doğurur.
- Yapon dilini öyrənmək sizin üçün çətin olmadı ki?
- Yapon dili dünyanın ən çətin dillərindən biridir. Həqiqətən də çox mürəkkəbdir, çünki nüansları həddindən artıq çoxdur. Baxmayaraq ki, sərbəst yazıb-oxuya bilirəm, yenə də düşünürəm ki, dili öyrənmək prosesi davam edir.
- Ailənizdə sizdən başqa musiqi ilə məşğul olan varmı?
- Bəli, həyat yoldaşım fleytada ifa edir.
- Bizə zaman ayırdığınız üçün təşəkkür edirəm və uğurlar arzulayıram.
- Mən də öz adımdan göstərdiyiniz diqqətə görə sizə minnətdaram.

