Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Atena" MMC-dən Rusiya Federasiyasına ixraca qoyulan qadağa ilə bağlı AÇIQLAMA
Bir neçə gün öncə Rusiya kütləvi informasiya vasitələrində Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti ("Rosselxosnadzor") tərəfindən Azərbaycanın ən böyük süd və süd məhsulları istehsal edən iki şirkətinin - "Atena MMC" və "Azaqro-SP" MMC-nin məhsullarının ölkəyə idxalına qadağa qoyması barədə məlumat verilib.
Rəsmi olaraq açıqlayırıq ki, bu qərar rusiyalı mütəxəssislər tərəfindən onlayn qaydada şirkətin fabriklərinə baxış keçirilməsi nəticəsində məhsulların qorunması və saxlanılması şəraitində pozuntular aşkar edilməsi səbəbindən qəbul edilib. Belə ki, proses zamanı əməkdaş anbarın ərazisini internetə çıxışı olan kamera ilə gəzir, Rusiyadan auditi aparan müfəttiş isə görüntülər əsasında akt tərtib edib. Yəni qiymətləndirmə məhsulların istehsalını yox, onların qorunması və saxlanması prosesini əhatə edir. Satış üçün hazır məhsulun saxlandığı anbar bizim yox, podratçı şirkətin balansındadır.
Nöqsan hesab edilən məqamlarla bağlı onu bildirmək istərdik ki, istər sözügedən şirkətlərin özü, istərsə də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən operativ reaksiya verilib. Belə ki, dövlət orqanı tərəfindən Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan tədbirlər həyata keçirilib, nöqsan kimi qeyd edilə bilən halların aradan qaldırılması ilə bağlı tələblər irəli sürülüb və tövsiyələr verilib.
Öz növbəsində görülmüş tədbirlər barəsində "Rosselxosnadzor"a müvafiq sənədlər göndərilmə mərhələsindədir. Həmin tədbirlər nəticəsində ən qısa zamanda Rusiya Federasiyasına sözügedən müəssisələr tərəfindən məhsul ixracının bərpa edilməsi gözlənilir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzinin son yayımlanmış məlumatında qeyd olunub ki, "Atena" MMC qeyri-neft sektoru sahəsində ixracda ölkə üzrə ilk onluqdadır.
Azərbaycanın ən böyük süd emalı kompleksi olan "Atena" MMC-nin açılışını 4 may 2011-ci il tarixində ölkə başçısı edib.
Şirkətimiz FSSC 22000 standartı (bütün qida zəncirində iştirak edən müəssisələri əhatə edə bilən GFSI əsaslı idarəetmə sistemi), "Azaqro-SP" MMC isə İSO 22000 sertifikatı tələblərinə uyğun AQTA Dövlət reyestrindən çıxarış əsasında fəaliyyət göstərir.
Rəylər