"AYPA International Academy and Events Group" və Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində Beynəlxalq Gözəllik və Estetika Konqresi keçirilib.
Gözəllik, estetika və tibbi yanaşmaların müasir istiqamətlərinin müzakirə olunduğu beynəlxalq tədbir müxtəlif ölkələrdən tanınmış mütəxəssisləri bir araya gətirib.
Konqresin xüsusi iştirakçıları arasında Türkiyənin tanınmış həkimləri də yer alıb.
Prof. Kamuran Zeynep Sevim, Prof. Özay Özkaya, Prof. Fatih Irmak və Op. Dr. Aylin Kurt Bakıya gələrək konqresdə iştirak edib, öz peşəkar təcrübə və yanaşmalarını bölüşüblər.
Tədbirin açılışında Azərbaycan Tibb Universitetinin Üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimov iştirakçıları salamlayaraq beynəlxalq elmi platformaların əhəmiyyətindən danışıb.
Konqresdə ATU-nun Tədris Cərrahiyyə Klinikasını təmsil edən professor Vaqif Qələndərov, professor Çingiz Rəhimov, professor İlham Əhmədov, dosent Nigar Sultanova, dosent İsmayıl Fərzəliyev və Ph.D. Dr. Dilqəm Məhərrəmov müxtəlif mövzular üzrə məruzələrlə çıxış ediblər.
Konqres çərçivəsində müasir estetik metodlar, yeni texnologiyalar, beynəlxalq təcrübənin tətbiqi və peşəkar əməkdaşlıq imkanları müzakirə olunub.
"AYPA International Academy and Events Group"un təşkilatçılığı ilə keçirilən konqres gözəllik və estetika sahəsində yerli və beynəlxalq mütəxəssislərin bir araya gəldiyi mühüm peşəkar platforma kimi yadda qalıb.