Pərviz Heydərov yazır...
İqtisadiyyat inkişaf etdikcə, genişləndikcə və artım əldə olunduqca istər-istəməz xərclər də artır. Bu isə xidmətlərin, mal və məhsulların bahalaşması ilə nəticələnir. Odur ki, ildən-ilə qiymətlərin qalxması və buna müvafiq olaraq milli valyutanın alıcılıq qabiliyyətinin enməsi də əslində təbii sayılır və bu, bütün ölkələrə xas hesab edilir.
Adi dünyanın ən güclü valyutası hesab edilən ABŞ dollarının dəyəri və alıcılıq qabiliyyəti də nəinki 5-10 il əvvəlki səviyyədə deyil, ildən-ilə də fərqlənir. Yəni alıcılıq qabiliyyəti aşağı düşüb və bu proses davam etməkdədir. Demək istədiyim odur ki, Azərbaycan manatının da dəyəri və alıcılıq qabiliyyəti 10 il əvvəlki səviyyədə deyil və ola da bilməz. Manatın da dəyəri və alıcılıq qabiliyyəti əhəmiyyətli şəkildə aşağı düşüb.
Çünki istehlak qiymətlərinin səviyyəsi bu müddət ərzində yerində donub qalmayıb, hər il dəyişib və ancaq yüksələn xətt üzrə inkişaf edib, dinamika nümayiş etdirib. Bu, həm daxili tələbatın artması ilə əlaqədar baş verib, həm qlobal bazarlarda ortaya çıxan bahalaşma ilə bağlı olub, həm də logistika və o cümlədən digər dəyişiklik, cərəyan və tendensiyalarla əlaqəli olaraq...

Ümumiyyətlə, 2016-cı il də daxil olmaqla, ötən 10 il ərzində ölkəmizdə qeydə alınan illik inflyasiya səviyyələrinə nəzər salsaq, manatın real dəyərinin yarıdan da çox aşağı düşdüyü qənaətinə gəlirik. Niyə? Çünki 2016-cı il də daxil olmaqla, ötən hər il qeydə alınan inflyasiya rəqəmlərini üst-üstə gəldikdə 75,9% edir. Belə ki, 2016-cı ildə 12,4%, 2017-ci ildə 12,9%, 2018-ci ildə 2,3%, 2019-cu ildə 2,6%, 2020-ci ildə 2,8%, 2021-ci ildə 6,7%, 2022-ci ildə 13,9%, 2023-cü ildə 8,8%, 2024-cü ildə 2,2%, 2025-ci ildə 5,6%, 2026-cı ildə isə cari 5,7% səviyyəsində inflyasiya qeydə alınıb.
Son 10 il ərzində qeydə alınan illik inflyasiya səviyyələri üzrə rəqəmləri bu cür sadə deyil, zəncirvari, mürəkkəb yolla hesabladıqda isə daha böyük nəticə - 106,53% alırıq. Bütün bu qeyd olunanlara əsasən də belə nəticə hasil olur ki, 2016-cı ildə əlimizdə olan, məsələn, 100 manatlıq əskinas bu gün nominal baxımdan eyni qalsa da, alıcılıq gücü və dəyəri baxımından, demək olar ki, 50 manatdan da aşağı səviyyəyə düşüb.
Başqa sözlə desəm, 2016-cı ildə 100 manata ala bildiyimiz xidmətləri, mal və məhsulları bu gün 200 manatdan da çox vəsait xərcləməklə əldə edirik.
Sözügedən müddətdə əhalinin dolanışıq vəziyyətinə gəldikdə isə, əlbəttə, ötən 10 il ərzində əməkhaqqı, pensiya və digər sosial ödənişlərdə yüksəlişə doğru dəyişikliklər, yəni artımlar baş verməyə bilməzdi və bu göstərici üzrə də əhəmiyyətli dəyişikliklər olub, gəlirlər artıb. Bu məsələ həmişə hökumətin diqqət mərkəzindədir.
Məsələn, 2016-cı ildə ölkəmizdə minimum aylıq əməkhaqqı 105 manat həddində idisə, hazırda 400 manatdır. Yəni 3,8 dəfə artım baş verib, təxminən 281% səviyyəsində... Minimum pensiya məbləği isə 110 manatdan 320 manata çatıb, 2,9 dəfə (190,9%) artım baş verib. Və yaxud orta aylıq maaş 494,3 manatdan 1 174,4 manatadək yüksəlib. Yəni 2,4 dəfə artıb...
Bütün bu artımlar 2019-2025-ci illər ərzində həyata keçirilən beş sosial islahat paketi sayəsində mümkün olub. Müavinət və təqaüdlərə son 10 ildə ayrılan illik vəsait ümumilikdə 5 dəfə artıb. Bundan əlavə, vahid indeksasiya metodu ilə hər ilin əvvəlində bütün növ pensiyalar ötən ilin orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq avtomatik artırılır.
Ancaq burada bir nüans var. O da bundan ibarətdir ki, bütün qeyd olunanlar ümumi göstəricilər olduğundan əhalinin dolanışıq səviyyəsini bütün təbəqələr üzrə tam əks etdirmir. Belə ki, yüksək əməkhaqqı alanlarla aşağı, məsələn, minimum əməkhaqqı alanlar arasında böyük fərq mövcuddur. Əmək pensiyaları üzrə də vəziyyət eynidir.
Ümumiyyətlə, bir var nominal gəlirlər, bir də var orta aylıq maaş... Nominal gəlirlər ölkədə əhalinin maaş, pensiya, təqaüd və sair şəklində əldə etdiyi bütün növ pulların - gəlirlərin cəmi hesab olunur və bu göstərici, demək olar ki, hamını əhatə edir. Rəsmi əmək müqaviləsi ilə muzdla çalışan - işləyən əhali qrupu üzrə hesablanmış əməkhaqqı fondunun həmin işçilərin sayına bölünməsi ilə tapılan göstərici isə orta aylıq nominal əməkhaqqı göstəricisi sayılır ki, nominal gəlirlərin tərkib hissələrindən biri olan bu göstəricinin özü də vəziyyəti mütləq şəkildə əks etdirmir.
Odur ki, gəlirlərinin böyük hissəsini yalnız ərzağa və qidaya xərcləyən aztəminatlı təbəqə üçün 2016-cı il də daxil olmaqla, ötən hər bir il ərzində qeydə alınan rəsmi inflyasiya səviyyəsinə uyğun olaraq, 100 manatlıq əskinasın alıcılıq qabiliyyətinin bu gün 50 manatlıqdan aşağı olması dolanışıq vəziyyətini nisbətən çətinləşdirib.
Lakin məsələ, yuxarıda da qeyd etdiyim kimi, hökumətin diqqət mərkəzindədir.