"SABAH.HUB" İnnovasiya Mərkəzinin dəstəyi ilə yaradılmış Azərbaycanın və regionun əsas startap innovasiya tədbiri olan "Baku ID" innovasiya festivalı çərçivəsində startapını təqdim edərək investor cəlb etmək istəyənlər üçün əla bir fürsət təşkil edilib.
"Baku ID"nin baş sponsorları Elm və Təhsil Nazirliyi, SOCAR, PAŞA Holding, ABB və Mappable, tərəfdaşlar isə 4SİM və IDDA-dır. 27-28 iyun tarixlərində "Bakı Kristal Zal"da baş tutacaq sayca üçüncü olan tədbir üçün bilet satışına start verib.
Builki "Baku ID" tədbirində 200-dən artıq yerli və xarici investor, 100-dən artıq xarici və yerli startap, 5000 iştirakçı və 50-dən artıq tərəfdaş yer alacaq. Bu böyük tədbir startapların investorların diqqətini cəlb etmək üçün əvəzsiz bir fürsət yaradır. Tədbir çərçivəsində "Startup Wise Guys", "White Hill Capital", "Caucasus Ventures", "MOST Ventures", "Startupbootcamp", "Aloqa Ventures" və "SABAH.fund" vençur fondlarının dəstəyi ilə startap fondu yaradılıb və razılığa əsasən fondun büdcəsi 1 000 000 dollar olaraq razılaşdırılıb. Lakin bu məbləğ digər partnyorların dəstəliyi ilə artmağa davam etməkdədir. Bu, həmçinin ölkə tarixində bir innovasiya tədbirində verilən böyükhəcmli mükafat fondudur. Bununla da "Baku ID" ekosistemin inkişafı üçün bir çox ilklərə imza atır. Startaplar üçün fürsətlər bununla da yekunlaşmır. Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyi ilə tədbir zamanı startaplar "Startup Battle" konsepsiyası çərçivəsində mübarizə apararaq 15 000 AZN qrant mükafatının sahibi ola bilərlər.
Tədbirdə Ayumi Moore AOKİ, Roman Levrentev, Dana Al Salem kimi şəxslərin və "Google", "Sandbox", "Hungri Games", "HepsiBurada Global" kimi şirkətlərin iştirakı nəzərdə tutulub. Onların çıxışları və təqdimatları startapların ilham alması və öz layihələrini inkişaf etdirməsi üçün böyük bir motivasiya olacaq.
Tədbir boyunca startaplar investorlar ilə əlaqə qurmaq, öz ideyalarını təqdim etmək və potensial olaraq investisiya əldə etmək üçün geniş imkanlar əldə edəcəkdir. Bundan başqa, tədbirdə dövlət rəsmiləri Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Şahmar Mövsümov, Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, Gənclər və İdman naziri Fərid Qayıbov, bir sıra digər yerli və xarici partnyor nümayəndələrinin iştirak və çıxışları nəzərdə tutulub.
Qeyd edək ki, "Baku ID" innovasiya festivalı fəaliyyət dövrü çərçivəsində onlarla startapın inkişafına dəstək verərək minlərlə şəxsin innovasiya ekosistemi haqqında məlumatlandırılmasına nail olub. Ümumilikdə isə 1,7 milyon AZN-dən çox startapların investisiya alması üzrə uğur qazanıb.
"Baku ID" innovasiya festivalının fəaliyyəti ilə yaxından tanış olmaq və mütəmadi olaraq yeniliklərdən xəbərdar olmaq üçün www.bakuid.com veb-saytına keçid edə və sosial media kanalları vasitəsilə izləyə bilərsiniz.