Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Baku Medical Plaza" daha bir qazinin sağlamlığını tam bərpa etdi
Giyen-Barre sindromundan (GBS) uzun müddət əziyyət çəkən Vətən müharibəsi iştirakçısı Kənan Səmədzadənin müalicəsi uğurla tamamlanıb.
GBS ayaqlardan başlayıb qollara, daha sonra üzə, orofaringeal əzələlərə və ağır hallarda tənəffüs əzələlərinə doğru yüksələn əzələ zəifliyi ilə müşahidə olunan ciddi bir autoimmun xəstəlikdir. Sinir sisteminin zəifləməsi nəticəsində iflicə səbəb ola bilən halları da var.
"Baku Medical Plaza"nın Babək filialının reanimasiya şöbə rəhbəri Gülnar Məhərrəmli deyib: "Qazimiz Kənan Səmədzadə uzunmüddətli müalicə prosesi keçməli olub. Həkim personalımız müalicə dövrünün hər mərhələsində fasiləsiz dəstək sərgilədi. Qazimiz isə əsl qəhrəman kimi sonadək mübarizə apararaq bu mücadilədən də alnıaçıq ayrıldı. Kənanla qürur duyuruq və ailəsini təbrik edirik".
Müalicə prosesi zamanı Kənan Səmədzadə xüsusi fiziki reabilitasiya və ixtisaslaşmış terapiya proqramlarına cəlb olunub. Həkimlərin fikrincə, Kənanın sağlamlığı tam bərpa olunub və o normal həyata qaytarılıb.
Kənan Səmədzadə "Baku Medikal Plaza"nın peşəkar həkim personalına təşəkkürünü bildirib: "Bu, mənim həyatımda ən çətin dövrlərdən biri idi. Amma hər zaman yanımda olan "Baku Medical Plaza"nın tibb heyəti sayəsində bu sınaqdan qalib çıxmağı bacardım".
