İşğaldan azad olunmuş torpaqlarda, doğma Qarabağda "Azerbaijan Technologies" şirkəti bir sıra sosial məsuliyyət yönümlü layihələrin silsilə şəkildə icrasını davam etdirir. Budəfəki istiqamət isə 5 il bundan öncə işğaldan azad olunmuş Kəlbəcər rayonudur. Noyabrın 25-də Kəlbəcər Şəhəri Günü kimi qeyd olunub və bu münasibətlə "Azerbaijan Technologies" şirkəti Kəlbəcər rayon orta məktəbə 73 notbuk, periferiya avadanlıqları hədiyyə edib. Kəlbəcər rayonunun qəliz relyefi və coğrafi mövqeyini nəzərə almaqla, məktəbdə təhsil alan şagirdlərin tədris prosesini təkmilləşdirmək, eləcə də asudə vaxtlarını daha səmərəli təşkil etmək, onlayn təlimlərə qoşulmaq, dünyagörüşlərini və internet araşdırmalarını artırmaq məqsədilə 63 şagirdə 63 notbuk, məktəbin müəllim heyətinə isə əlavə olaraq 10 ədəd notbuk, ekran/proyektor və printerlər ianə edilib.
Tədbirdə "Azerbaijan Technologies" şirkətinin rəhbəri Zülfüqar Babayev, B.Cəfərov adına məktəbin direktoru və müəllim heyəti, Şərqi Zəngəzur Təhsil İdarəsinin bölgə üzrə müdiri və Prezidentin Kəlbəcər rayonu üzrə xüsusi nümayəndəliyinin vəzifəli şəxsləri iştirak ediblər. Məktəblilərin də tədbirdə maraqlı çıxışları olub, tədbirin sonunda isə rəsmi nümayəndələr və məktəbin direktoru bir daha belə gözəl təşəbbüsə görə "Azerbaijan Technologies" şirkətinə dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.
Bu ianə "Azerbaijan Technologies" şirkətinin Qarabağda icra etdiyi artıq 3-cü sosial məsuliyyət yönümlü layihədir. Belə ki, şirkət 2023-cü il noyabrın 1-də Laçın rayonu 2 saylı orta məktəbə 30 ədəd notbuk hədiyyə etmiş, elə həmin ilin dekabr ayında isə laçınlı məktəblilər arasında ilk oyun festivalı təşkil etmişdi. Daha sonra 2024-cü il dekabrın 5-də Xankəndidə Qarabağ Universitetində "AZTECH" otağını təsis edərək, "Azerbaijan Technologies" şirkəti yüksək qrafik göstəricilərinə malik 15 ədəd kompüter dəstini Dizayn və tətbiqi sənət kafedrasına hədiyyə etmişdi.
Eyni zamanda, Qarabağda ilk kompüter oyunları turnirini də Xankəndidə Qarabağ Universitetində məhz "Azerbaijan Technologies" şirkəti keçirib. Gələcəkdə də belə tədbirlərin keçirilməsi nəzərdə tutulub.
















